Fəhlələr maaşlarını tələb edir; nazirin qardaşı Milli Məclisin iclasına niyə qatılmadı?
Oktyabrın 13-də saat 11:30-dan başlayaraq azı 100 nəfər fəhlə “Azərinşaatservis” MMC şirkətinin Dərnəgüldə yerləşən ofisinin qarşısına toplaşıb. Onlar aylarla yığılıb qalmış maaşlarını tələb edir.
“5 aydır əmək haqlarımız yığılıb, şirkət ödəmir. Işləmişik, amma maaşımızı ala bilmirik. Şəxsən mənim 3 min manat alacağım var. Gəlirik, yığışırıq bura, biri qarşımıza çıxmır. Elə içəridən xəbər göndərirlər ki, müdir yerində yoxdur”. Bunu AzadlıqRadiosuna “Azərinşaatservis” MMC-dən aylarla yığılıb qalmış məvacibini ala bilməyən Müseyib Musayev deyir.
Müseyib Musayevin dediyinə görə, aylıq maaşı 1000 manat olub. 1 ay öz hesabına məzuniyyətə buraxılıb. Sonrakı 3 aylıq maaşını isə ödəmirlər: “Təsəvvür edin ki, şirkətin 1100 nəfər işçisi var. Heç birinin də maaşı aylardır ödənilmir. Şirkətin işçilərə 2 milyon 500 min manat borcu var. Bu qədər pulu kim yeyib? Kimin cibinə axıb bu pullar? Gah deyirlər, rəhbərliyi tutublar, gah deyirlər, ofisdə yoxdur”.
Şirkətin başqa işçisi Rafiq Ramazanov da maaş tələbi ilə şirkətin ofisinin qarşısına gəlib: “Masallıda, Xaçmazda, Ağdaşda, neçə-neçə rayonlarda yol tikintilərində işləmişik. Yay-qış bilməmişik. Işləmişik ki, pulumuzu o-bu yesin? Çıxsınlar, bizə cavab versinlər. Fəhlələrin çoxu rayonlarda yaşayır. Neçə dəfə gəldilər-getdilər, biri çıxıb maraqlanmadı ki, adam uzaq yoldan gəlib, pulunu verək, getsin. Adamlar hər dəfə oradan-burdan borca-xərcə girib yolpulu edib Bakıya halal zəhmət haqqısını tələb etməyə gəlir. Artıq yol pulları da tükənib, gələ bilmirlər”.
Fəhlələr deyirlər, dördüncü dəfədir ki, bura toplaşırlar. Ancaq qarşılarına çıxan olmadığına görə oradan “Azəryolservis”ə üz tutublar. “Əgər orada da qarşımıza çıxan olmasa, Nəqliyyat Nazirliyinin qarşısına gedəcəyik. Maaşlarımızı almayanadək nazirliyin qarşısında çadır qurub gecələri orada qalacağıq”, – deyə fəhlələr bildirib.
“Azərinşaatservis” MMC nəqliyyat naziri Ziya Məmmədova məxsus olub, ölkənin əksər iri yol-nəqliyyat infrastrukturu layihələrində baş podratçıdır. Şirkətin Azərbaycan Beynəlxalq Bankına yüz milyonlarla manat kredit borcu var.
Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov isə Milli Məclisin dünənki iclasına qatılmayıb.
Modern.az saytının əməkdaşı bunun səbəbini araşdırmağa çalışsa da, deputatla əlaqə saxlamaq mümkün olmayıb.
Elton Məmmədovun Milli Məclisin indiyə kimi bütün toplantılarında iştirak etdiyi nəzərə alınanda, onun bugünkü iclasa qatılmamağı diqqət çəkib. Üstəlik deputatın qardaşı, nəqliyyat naziri Ziya Məmmədovun özü, ailə üzvləri və ən yaxın çevrəsi ilə bağlı ardı-arası kəsilməyən çeşidli informasiyaların yayılması fonunda Elton Məmmədovun Milli Məclisə gəlməməyi maraq kəsb edə bilər.
Elton Məmmədov Milli Məclislə vidalaşmağa hazırlaşan deputatlardandır. O, 1 noyabrda keçiriləcək parlament seçkilərində namizədliyini irləi sürməyib. Onun əvəzinə həmin dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Vüsal Hüseynovun deputat mandatına sahiblənəcəyi gözlənilir.
Son günlər ölkə mətbuatında yazılan xəbərlərdə Məmmədovların başının üstünü “qara buludların” aldığı iddia olunur. Qeyd edilir ki, Elton Məmmədovun deputatlıqdan yola salınması onun qardaşı, nəqliyyat naziri Ziya Məmmədovun istefaya göndəriləcəyilə bağlıdır.
Ziya Məmmədovun özü də ölkə başçısı Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş dünənki iclasında iştirak etməyib.
Baku.ws saytı məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlamasında bildirib ki, mətbuatda yayılanlar sadəcə cəfəngiyyatdır. Nazirlik rəsmisinin sözlərinə görə Ziya Məmmədov iclasa ölkədə olmadığı üçün qatıla bilməyib.
“Ziya Məmmədov oktyabrın 23-nə qədər əmək məzuniyyətindədir. Nazir Bakıda deyil, xaricdədir”, – deyə Namiq Həsənov bildirib.