Parlament seçkilərinə çox az vaxt qalıb. Biz bu seçkiyə də səbəbkarın iştirakı olmadan gedirik. Yəni ölkədə seçki keçiriləcək, amma seçkinin özü yoxdur. Vəziyyət təxminən bəy-gəlinsiz toy mərasimini xatırladır. Amma son günlər baş vermiş bir neçə hadisə seçkini maraqlı etməyə başladı. Bəli, 1000-dən çox namizəd qeydə alınıb, “stajlı namizədlər” iş başındadır, seçiləcək adamların siyahısı hazırdı. Amma yenə də stimul yoxdur. Belə bir vaxtda tanınmış müğənni-bəstəkar Elza Seyidcahan özünü yetirdi və “mən də varam” deyə bildi. Indi bütün seçki məsələləri kənarda qalıb, hamı Elzadan danışır. Həm də Elza elə səs-küylə gəldi ki, MSK-mız DSK-mıza “otval” verdi.
Əvvəlcə, müğənnimiz seçki saxtakarlığının anonsunu verdi: “Dedilər ki, özünü yorma, deputatlar artıq 3 ay bundan əvvəl təyin olunub. Üstəlik, deputat olacaq şəxslərin siyahsını da mənə göstərdilər. Dedim ki, mən bunlara inanmıram. Bu işdə mənə, xüsusilə, 6 nəfər kişi təzyiq edirdi. Onlar icra aparatının nümayəndələri idi. Əgər oktyabrın 9-da, günün yarısınadək mənim şikayətim təmin olunmazsa, onların adları, tutduqları vəzifələri barədə mətbuata açıqlama verəcəm”- deyə Seyidcahan bildirmişdi.
Bu ultimatumdan sonra dərhal qərar qəbul olundu və nəğməkar namizəd qeydə alındı. Bəli, hökumət bir müğənninin də rəqib kimi seçkiyə qoşulmasından çəkinir. Başa düşürlər ki, şou məkanının istənilən nümayəndəsi də bu seçkidə hökumətin namizədlərinə qalib gəlməyə qadirdi. Yoxsa, 6 kişi Elza Seyidcahana niyə təzyiq etsin, niyə ona seçilmişlərin siyahısın göstərib həvəsdən salmaq istəsinlər? Əminlikə demək olar, namizədliyi irəli sürülmüş rəngsaz, montyor, meşəbəyi də obyektiv çıxışlar etməklə hökumətin namizədlərinə qalib gələ bilərlər. Heç kimə sirr deyil ki, hökumət seçkiyə sıfır reytinqlə gedir.
Bu təzyiq məsələsi təkcə Elza Seyidcahanla da bitmir. 27 saylı Sabunçu ikinci dairəsindən deputatlığa namizəd, şair, filologiya elmləri doktoru Vüqar Əhməd mətbuata açıqlamasında bildirib ki, namizədliyini geri götürmək üçün ona təzyiq edirlər: “Namizədlərdən biri pul gücünə mənə rəhbər bir işçinin vasitəsilə təzyiq göstərir ki, namizədliyimi geri götürüm. Hətta deyirlər, nə qulluğu olsa, hazırıq. Düzdür, o məmur çalışacaq məndən intiqam alsın. Özü deyib ki, qoymayacağam qutudan Vüqar Əhməd çıxsın”.
Əslində, belə nümunələr çoxdur. Hakimiyyət real müxalifətin iştirak etmədiyi seçkidən də çəkinir. Təbii ki, istənilən halda seçkiləri saxtalaşdırıb təyinatlıları parlamentdə otuzduracaqlar. Sadəcə olaraq rəqibin olması əlavə problem yaradır, sonradan Avropa Məhkəməsinin qərarı olur, təzminat məsələsi gündəmə gəlir və s.
Amma fakt budur ki, 1 noyabr seçkiləri hansısa qocaman YAP-çının seçki platforması ilə deyil, Elza Seyidcahanın seçkiyə qatılması ilə əlamətdar oldu. Ona görə də insaflı davranmaq və 1 noyabr seçkisini “Seyidcahan seçkisi” adlandırmaq lazımdır. Üstəlik, nəğməkar müğənnimizə təşəkkür etmək lazımdır ki, səbəbkarın olmadığı məclisdə “şirinlik” yarada bildi.
Seçki “karusel”in, qoşa bülletenlərin girovuna çevriləndə, aqibət belə də olmalıydı. Biz noyabrın 1-də keçiriləcək seçkilərə 1 nəfər namizədlə gedirik. 124 nəfərin aqibəti heç kimə maraqlı deyil, camaat Elza Seyidcahanı izləyir. Əslində camaatı qınamaq da olmaz. Çünki, 22 ildir siyasətçilər parlamentdə “oxuya” bilmir, səsləri çıxmır. Ona görə də səsi olan namizədin həsrətindədilər.