Elxan Şahinoğlu: «Bu hadisə daha çox IŞID-in əməlinə bənzəyir»
Türkiyənin paytaxtı Ankarada partlayış ölkədəki siyasi gərginliyi bir qədər də artırdı. Terror aktı nəticəsində 97 nəfər dünyasını dəyişdi. Seçki ərəfəsində baş verən bu olayı ekspertlər birmənalı qiymətləndirmir. Çünki bir neçə ay əvvəl baş verən oxşar hadisə də seçkiyə hesablanmış addım idi. Bəs son terror olayından sonra Türkiyədəki hadisələr hansı istiqamətdə cərəyan edəcək? Türkiyə dövlətinin hansı sərt addımlarının şahidi ola bilərik?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, terror aktı daha çox IŞID-lə bağlı ola bilər. Bir neçə ay öncə də Türkiyədə oxşar hadisənin baş verdiyini xatırladan E.Şahinoğlu vurğuladı ki, o zaman solçuların aksiyası canlı bomba vasitəsilə qana boyanmışdı: “Bu dəfə də aksiyanın təşkilatçıları solçular, PKK-ya simpatiyası olan təşkilatlar, həmkarlar ittifaqı idi. PKK canlı bombadan istifadə etmir. Bu hadisə daha çox IŞID-in əməlinə bənzəyir”.
AKP-nin növbəti dəfə təkbaşına hökumət formalaşdırılmasının çətin olacağını deyən E.Şahinoğlu bildirdi ki, amma terror aktından sonra HDP-nin səsləri artacaq və onun 10 faizlik baryeri keçməsi asanlaşacaq: “Türkiyə hökuməti məncə, birinci partlayışdan sonra gördüyü tədbirləri davam etdirəcək. Birinci partlayışdan sonra hökumət IŞID-ə qarşı mübarizə aparmağa başladı. Amma buna qədər Türkiyə IŞID-lə bağlı heç bir addım atmırdı. Ona görə düşünürəm ki, eyni ssenari həyata keçiriləcək. Terrorçuların əsas məqsədi Türkiyəni Suriyaya döndərmək və Türkiyədə seçki öncəsi qarşıdurma yaratmaqdır. Bütün bu niyyətlər onu deməyə əsas verir ki, Türkiyə IŞID-ə qarşı mübarizəni daha da sərtləşdirəcək”.
Xəyal