Baxıram, sosial şəbəkələrdə yumurtanın qiyməti yenə müzakirə mövzusuna çevrilib. Söhbət otuz faiz qiymət artımından gedir. Qiymətlərin bütün ərzaq məhsulları üçün bu faiz nisbətində qalxacağı ilə bağlı proqnoz çoxdan verilmişdi. Komik olsa da, yumurta yeganə məhsul idi ki, o qədər bahalaşmamışdı. Amma görünür, başbilənlər bu məsələdə “cücəni payızda sayarlar” məsəli ilə hərəkət ediblər. Hərçənd, burda məşhur məsəli “cücəni payızda yolarlar” şəklində ifadə etmək daha məntiqli görünür. Çünki ölkənin durumu həqiqi mənada yoluqlama həddinə gəlib çatıb. Hökumət ölkəni, bazarlar bizi, biz də özümüzü yolub bitirmişik. Taxça-boğçada bir şey qalmayıb, ciblər, kisələr də tam boşalıb daha. Ancaq məsələ bununla bitmir axı. Yolmağa yeni resurslar aramaq lazım. Onun izi də gedib çıxır indiyə qədər özbaşınalıqla böyük milyonlara sahiblənmiş oliqarxların üstünə. Bilirsiniz, indi artıq onların yolunma mövsümü başlanıb…
Əslində, ölkənin bu duruma düşməsinin kökü nədədir, bilirsiniz? Başından bəri “toyuq hininə tülkü buraxmaq”da. Üstündən on illər keçəndən sonra başa-gözə döyməyin bir anlamı yox artıq. Daha hində salamat toyuq qalmayıb anlaşılan. Yeyilən yeyilib, boğulan boğulub, canını qurtara bilən 3-5 diribaşı da qaçıb aradan çıxıb. Əsas məsələ də o hində milyardlıq “toyuqlar”ın yeyilməsi ilə bağlıdır. İndi baxın, nə günlərə qalmışıq ki, oturub yumurtanın otuz faiz bahalaşmasından danışırıq. Bu otuz faiz də edir 3 qəpik. Kimsə inciməsin, biz əslində, o milyardlıq toyuqların yeyilməsinə göz yumduğumuz gündən 3 qəpiklik həyatı haqq etmiş sayılırıq. Nə yazıq ki, insan bəzən kənar xəbərdarlıq çağırışlarına məhəl qoymadan özünü aparıb bataqlığın çıxmazına salar və orda eləcə çapalaya-çapalaya da qalar. Günümüz insanının etdikləri kimi…
Doğrudan da, biz odu söndürüb külü ilə oynamırıqmı indi?.. Fərsizlikdən və vecsizlikdən milyardları əldən qaçırıb, qəpiklik günümüzə ağlamırıqmı? Özümüzü cücəni buraxıb yumurta sayacaq hala salmamışıqmı? Toyuq hininə girib oğurluq edən başqasıdır, doğru. Amma biz də o toyuqların çığır-bağır səsini eşidib qulaqlarımıza pambıq tıxamırıqmı illərdir? İllərdir “qızıl yumurta” gözlədiyimiz toyuqların gün-gündən yoxa çıxdığının fərqində deyilikmi? İldən ilə hinin qarşısına yığılan sümük və qabıq qalağını görməyəcək qədərmi kor olub gözümüz, Allah xatirinə? Bunun adına görməzdən gəlmək, üstündən keçmək, eşitməzliyə vurmaq, vecinə almamaq deyilir, sadəcə. Hər şey bu qədər açıq, bu qədər görünən, bu qədər aşkar ikən, anlamamaq nə demək olur ki…
Ötənlərdə yazmışdım. Böyük mübarizə adamı Vatslav Havelin “Dialektik vəhdət” adlı bir şeiri var, toyuqla yumurtanın “inkişaf yolu” haqqında:
…Yalnız biz
TOYUQ və YUMURTANIN
tarixi dialektik
təkamülü baxımından
bu problemi araşdıran bizlər
bilirik ki, YUMURTA
toyuqdan əvvəl vardı
və eyni zamanda
TOYUQ da vardı
YUMURTADAN əvvəl.
Və bilirik ki, yalnız
bu iki tarixi həqiqətin
daxili birliyində yatmaqdadır
YUMURTA ilə TOYUĞUN
həqiqəti.
Deyəsən, bizim ən böyük problemimiz elə yumurta ilə toyuğun dialektik vəhdət məsələsini qaçırmamızdadır. Toyuq oğrularını unudub, yumurta gözləməklə onların ayrılmaz olması həqiqətini unutmuşuq gedib. Gündəmimizi də illərdir “toyuq öncə gəlib, yoxsa yumurta” dedi-qodusu zəbt edib. Vecsiz olub, əldə olanını qapdıracaqsansa, hansının öncə gəlməsinin böyük bir fərqimi var?