Milli Şuranın sədri Cəmil Həsənlinin 1 noyabr seçkiləri ilə kimlərə deputat mandatının veriləcəyi haqda proqnoz-siyahısı hakimiyyətlə yanaşı bu seçkidə iştirak edən bəzi başqa siyasi qruplarda da qıcıq doğurub. Sanki Milli Şura sədrinin hakimiyyətə vurduğu zərbə onları da incidib. Hətta o qədər ki, Milli Şuraya, onun sədrinə hakimiyyət nümayəndələrindən daha artıq acıqlı çıxışlar edirlər. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı facebook səhifəsində paylaşdığı bir qeydlə belələrinə tutarlı cavab verib. R.Manaflı yazır:
“Şou seçkidə rejimin dayağı olan qaraguruh aqressivləşib. Xüsusən də Məmmədəmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin yadigarları – Səxavət Soltanlı, Elman Fəttah, Valeh Hümmətoğlu. Mövqe qoymağa məəttəlsən, pırtlayırlar, arqumentləşdirirsən – partlayırlar.
Tarix elmləri doktoru, professor Cəmil Həsənli siyahı dərc edir. Dərc edildikdən sora bu artıq sadəcə siyahı deyil, sabah seçki saxtakarlıqlarının ən əhəmiyyətli sübutu olacaq sənəddir. Hədəfi də reyimdir. Amma rejim qalıb bir yanda, bu yuyulmamış qaşıqlar meydan sulayırlar. Məqsədləri də deputat-zad olmaq deyil, eləcə mübarizədir.
Cənablar, mübarizə fetiş, büt deyil ki, çələng hörüb başına qoyasan. Mübarizə Kəbə deyil ki, başına fırlanasan. Mübarizə heç qibləgah da deyil ki, üzünü çevirib səcdə edəsən.
Mübarizə məqsədə çatmaq üçün vasitələrdən biridir. Əvvəl ağıl işlədib hədəfi dəqiqləşdirirsən, sonra baş işlədib həmin hədəfə aparacaq strategiya müəyyənləşdirirsən və yola çıxırsan. Yolun hansısa hissəsini keçmək mübarizə tələb edirsə mübarizə aparırsan.
Sizinki mübarizə deyil. Sizinki satılmaq da deyil, doğrusu heç satlıq da deyilsiz. Bu hikkədir. Kindən, hiddətdən, nifrətdən doğan bur hikkə. Xəyanətə bərabər bir hikkə.
Bunlara nə İlham Əliyev lazım deyil, nə parlament, nə demokratiya, nə də azadlıq. Bunlara sadəcə mübarizə lazımdır. Belə, çox əziyyət tələb etməsin. Əzabları olmasa lap yaxşı, başqaları çəkər. Təki mübariz müxalifətçidir desinlər.
Siz işinizdə olun,mübarizə aparın. O, xəfif mehlə fırlanan yel dəyirmanı, o da siz. Canınız cənnət.
Bizimsə sizinlə uğraşmağa vaxtımız və həvəsimiz yoxdur. Bizim məqsədlərimiz, hədəflərimiz var. Biz Azərbaycanı İlham Əliyev rejiminin caynaqlarından qurtaracağıq. Sizlər qara daş olub ayaqlarımızın altında bitsəniz də. Rejimin sipərinə çevrilsəniz də.
P.S. İstəyirsizsə, mübarizənin bir ünvanını da ğöstərə bilərəm. Sizif ölüb, qaya qalıb orada.
P.P.S. Mən indi mübarizə sözünü dilə gətirməyə belə iyrənirəm”.