Belarus sərhədini Ukraynadan keçirik. Növbənin ucu-bucağı görünmür. Yola çıxdığımız avtomobilin ukraynalı sürücüsü Saşa izah eləyir ki, Belarus gedənlərin çoxu üçün tranzit rolunu oynayır, əksəri Rusiyaya yollanır. Saşanın qonşu ölkəyə ikinci səfəridi. Ilk səfərdən yaxşı təəssüratla ayrılıb. O, Belarusu tərifləyən qarşılaşdığımız yeganə ukraynalı deyil…
Ukraynalıların həsəd apardığı qonşu
Ukraynada belə mif var ki, Belarusda camaat daha yaxşı yaşayır. Məsələn, bu cür əhvalatlar danışırlar: “Filankəsin qardaşı neçə ildi Belarusdadı, deyir ki, vəziyyət yaxşıdı”. Amma adamların bir az babat yaşadığı Minskdə iki gün gəzmək kifayətdi ki, hər şeyin danışıldığı kimi olmadığını görəsən. Küçədə oturub dilənənləri görə bilməzsiz, amma dalanların birində sizə yaşlı adamın yaxınlaşıb çörək almağa pul istəməsi mümkündü. Belarusun yolları Ukrayna ilə müqayisədə daha yaxşıdı. Kiçik məmurlar səviyyəsində Belarusda rüşvət qonşu ölkəyə nisbətən azdı. Məsələn, Belarus gömrükçüsü sizdən heç vaxt pul ummaz, amma onun ukraynalı həmkarı bir çox hallarda kiçik “hörmət”ə eyham vura bilər.
Bir günə xərclənən milyon
Belarus rublunun dəyəri təkcə orda olduğum ilk gün ərzində 7 faiz aşağı düşdü. Pul zaman-zaman o qədər qiymətini itirib ki, adamlar milyonla maaş alır, ən kiçik əskinas “100-lük”dü. 5000 rubla sizi yalnız ictimai nəqliyyata buraxarlar. Ənənəvi xarakter alan inflyasiya Belarus milli valyutasını çox dəyərsiz eləyib, 1 ABŞ dolları təxminən 17 min rubla dəyişilir. Valyutadəyişmə məntəqəsində ilk əməliyyatdan sonra Belarus meyarlarıyla milyonçuya dönəcəksiz. Amma xoşbəxtliyiniz birgünlük otaq üçün kirayə haqqı ödəyənə qədər sürür. Məlum olur ki, pulun böyük hissəsini bu məsələyə xərcləməlisiz. Belarusda qiymətlər Azərbaycandan ucuzdu. Yalnız evlərin kirayəsi istisnadı. Xüsusilə mağaza, kafe-restoranlardakı qiymətləri Azərbaycanla müqayisə eləmək mümkün deyil. Belarusun böyük şəhərlərindən Qomeldə normal nahar üçün təxminən 1 manat 20 qəpik ödəməli olduğunu biləndə istər-istəməz şoka düşürsən.
Lukaşenko: qorxu və rəğbət subyekti
Adamlar dolanışıqdan narazıdı. Xüsusilə əcnəbilərin yanında rahatca gileylənirlər. Amma Lukaşenkonun əleyhinə ifadə eşitməzsiz. Bəzi hallarda prezidentə hətta pərəstiş də hiss olunur. Bizim üçün xarakterik olan “o getsə, kim gələcək?” arqumenti daha çox səslənir. Belaruslular hesab eləyir ki, Lukaşenko xarici siyasətdə balans yaratmağı bacarır. Hakimiyyət adamların gözünü çox qorxudub. Dəyişiklik haqda qətiyyən düşünmürlər. Daha pis olacağından qorxurlar. Hakimiyyətin təbliğat maşını adamları inandırıb ki, Lukaşenkosuz Belarus bata bilər.
Ölkədə yalnız bir yanacaq brendi diqqəti çəkir: “Belarusneft”. Lukaşenko bu sahədə tam inhisar yaradıb. Elə bank sektorunda da fəqli mənzərə canlanmır. Bankların sayı onsuz da çox deyil, üstəlik, diktatorun “Belarusbank”ı xüsusi imtiyazlarla işləyir.
Lukaşenkonun yaxın adamlarının idarə elədiyi kazinolara Minskdə çox rast gələ bilərsiz. Amma kazinolar çox pis dövrünü yaşayır. Paytaxt adamlarında pul qalmayıb. Insanlar daha çox gündəlik ərzaq almaq haqda düşünür.
Formal seçki
Belarusluların seçkiyə inamı möhkəm sarsılıb. Bir çox hallarda Lukaşenkoya rəğbət cesti göstərmələrinə baxmayın, əslində, onun saxtakarlıqla seçildiyini gözəl bilirlər. Seçki haqda danışarkən yerli adamların üzünə istehza ifadəsi çökür. Belarusa seçki ərəfəsində getsək də, qətiyyən uyğun aura hiss olunmurdu. Adamlar bu haqda mümkün qədər az danışır, yalnız siyasi hakimiyyətin təbliğat tədbirlərində iştirakla kifayətlənirlər.
Ümumiyyətlə, siyasi mühit baxımından Azərbaycanla Belarus çox oxşardı. Orada da vətəndaşlar məsuliyyəti müxalifətin üzərinə atmağı xoşlayırlar. Hətta bəzən belaruslu ilə söhbətdə elə ifadələr eşidirsən ki, sanki bunları sıravi, siyasətə qoşulmayan azərbaycanlı deyir. Deyirlər ki, müxalifət çox zəifdi, sabah ölkəni idarə eləmək iqtidarında deyil, hakimiyyətə gəlsələr, nə eləyəcəklərini bilmirlər.
Belaruslular prezident seçkisi haqda o qədər məlumatsızdılar ki, hətta namizədlərin adlarını da düz-əməlli bilmirlər. Seçkini daha çox təbliğat şüarları xatırladır. Ən populyar ifadəni yəqin siz də təxmin eləyirsiz: “Onsuz da Batka seçiləcək…”
Minskin pionerləri
Minski bütün hallarda sovet şəhəri adlandırmaq olar. Geniş, təmiz küçələrində yetərincə gözəl qadınlar görə bilərsiz. Ikinci dünya müharibəsi şəhərin ümumi simasına çox zərbə vurub. Minskin “Köhnə şəhər” adlanan hissəsi daha çox göz oxşayır. Yaşıllıq çoxdu, amma sanki adamlar buna bir o qədər əhəmiyyət vermir. Küçədə qarşınıza çıxan insanların çoxu yorğun, əldən düşmüş təsiri bağışlayır.
Pionerskaya küçəsində bir-birinə bənzəyən villalar yan-yana düzülüb. Minskdə yaşayan həmvətənimiz Kərimdən öyrənik ki, hamısı məmurlarındı. Amma fərqli dizayna risk eləmirlər. Bir növ diqqət çəkməməyə çalışırlar. Azərbaycandan fərqli olaraq, Belarusda məmurlar oğurladıqları pullarla rahatca qürrələnə bilmirlər. Hər an “oradan” gəlib sizi məhv eləyə bilərlər. Vergilər Nazirliyinin “boğduğu” sahibkar az deyil. Böyük iş adamları, adətən, qazancının bir hissəsini Lukaşenko ilə bölüşmək məcburiyyətində qalır.
Sabah Belarusda növbəti prezident seçkiləridi. Ölkə həyatına heç bir yenilik gətirməyəcək formal seçki. Belaruslular təşviş içindədi. Ölkədə sosial vəziyyət getdikcə ağırlaşır. Sabaha böyük ümidlər bəsləmirlər. Siyasi hakimiyyətin oğurladığı pullara ölkə əhalisinin əlahiddə ehtiyacı var.
Minski tərk eləməyə hazırlaşırıq. Trolleybusda operatorun səsi sanki adamları ölkədəki vəziyyətlə bağlı xəbərdarlıq eləyir: “Pulunuzu cibgirlərdən qoruyun…”
Coşqun Eldaroğlu