“Hər aydınlığı yanğın sanıb söndürməyə qaçan zavallı insanlarım, qaranlığa o qədər alışmısınız ki, ulduzlar belə narahat edir sizi! Düşüncənin quduz köpək kimi qovalandığı bu ölkədən düşüncə adamı necə çıxar?” Ünlü Türk fikir adamı Cəmil Meriç deyirdi bunu. Bəli, düşüncənin qovalandığı yerdə düşüncə adamı, aydın olmaq qədər zor bir iş var bu dünyada. Çox zor bir iş. Necə zor, necə ağır olduğunu çiynini o işin altına verənlər bilər. Ağlını və zəkasını, fikirlərini və bilgisini, gerçəklərini və prinsiplərini o işə verən insanlar. Öz danılmaz həqiqətlərində dirəndiyi üçün odda yanmağı, suda batmağı, ağacdan asılmağı, gülləyə gəlməyi, həbsxanalara atılmağı gözə alan insanlar.
Tək beyni və elmi nailiyyətləri ilə deyil, həm də prinsipial mövqeyi, insanlığı, parlaq dəyərləri, dik duruşu ilə seçilən insanlar. “İnsanlar dəli olmaqda çox haqlıdırlar… məsələn, Sokrat günün birində ağıllı olmağa qalxdı, baldırğan zəhərini içməyə məcbur buraxıldı…” deyirdi bir də Cəmil Meriç. Əslində, demək istədiyi həqiqət açıq. Demək istədiyi o ki, dünyanın, insanlığın, doğruların yaşaması və davam etməsi, şübhəsiz, o cür insanlara bağlı. Bəzən bu, onların öz həyatı bahasına başa gəlsə belə…
“Düşüncənin quduz köpək kimi qovalandığı bu ölkədə” də bənzər simada 5-10 düşüncə adamı qalıb indi. Özü ilə sözü bir olan həmin insanlardan biri haqqında danışmaq istəyirəm bu gün, tarixçi alim Elmira Muradəliyeva haqqında. Onun elmi işləri, çalışmaları, uğurları, siyasi fəaliyyəti bir köşə yazısına sığacaq söhbət deyil, təbii. Bu yazı, onun sabahkı yubiley gününə bir təbrik sözü olsun istədim, sadəcə – özüm və yaxın dostlar adından… Qısa bioqrafik məlumat olaraq deyim ki, bu gün BDU-da müəllimlik fəaliyyətini davam etdirən Elmira xanım 80-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Tarixçi professor kimi üç elmlər namizədi yetişdirib. ” Azərtelefilm ” in çəkdiyi “Odlu məmləkət” 12 seriyalı elmi-publisistik filmin (rejissor Nazim Rza İsrafiloğlu ) elmi məsləhətçisi olub. 1992 – 2002 -ci illərdə Ali Attestasiya Komissiyasının tarix elmləri üzrə ekspert şurasının elmi katibi və üzvü kimi fəaliyyət göstərib. 2009-cu ildə Nobel Fondunun neft sənayesindəki elmi tədqiqatlar üçün təsis etdiyi ilk medala layiq görülüb. Uzun illərdir siyasi fəaliyyətini AXCP sıralarında Rəyasət Heyətinin üzvü olaraq ləyaqətlə davam etdirən insanlarımızdandır.
Bütün bunlar öz yerində. Amma Elmira xanımı çoxluqdan fərqləndirən başqa bir incə cizgi də var. Onun ağır çəkili elmi işlərinin, çalışmalarının, çətin və mübariz siyasi fəaliyyətinin tünd çalarları heç bir halda xarakterindəki zərifliyə toxuna bilməyib. Bu illər boyunca zərif çiyinlərində cəsurluqla daşıdığı həmin yük heç bir halda davranışlarındakı nəcibliyi və gülümsəyən pozitiv üzünü dəyişməyib. İki dahi Azərbaycan şairinin elmlə bağlı söylədiyi bu məşhur misraları çoxunuz bilirsiniz. Füzuli deyirdi ki:
Elm kesbiyle paye-i rifat, arzu-yı muhal imiş ancaq
Eşq imiş hər nə var aləmdə, elm bir qeylü-qal imiş ancaq.
Yəni elmlə yüksək məqamlara yetişmək gerçəkləşməyən bir xəyal imiş. Dünyada hər şey yalnız eşqdən ibarət imiş, elm isə quru dedi-qodudur ancaq.
Nizami isə deyirdi ki:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Mənim düşüncəmə görə, Elmira xanım öz simasında bu iki dahinin fikirləri arasındakı simvolik təzadı aradan götürən və anlamı tamamlayan bir şəxsiyyətdir. Çünki mənim illərdir tanıdığım alim Elmira xanım eləcə cəsur, çalışqan, sevgi və işıq dolu qalır gözlərimizin önündə…
“Düşüncənin quduz köpək kimi qovalandığı bu ölkədə” alim olmaq, həm də doğru mövqeli bir alim olmaq çox-çox çətindir. Amma əsas məsələ bunu bacarmaq, bütün şərtlərdə həm bir elm adamı kimi, həm də bir şəxsiyyət kimi prinsipiallığını qoruyub saxlaya bilməkdir elə. Əsas məsələ məşhur hekayədəki kimi öz sürücüsünə belə öz işığını yansıda bilmək böyüklüyüdür. O hekayədə deyilir ki, ünlü bir elm adamı şəxsi avtomobili ilə konfransa gedərkən, uzun illər onunla çalışan sürücüsü bir təklif edir: “Sizin konfranslarınızı dinləyə-dinləyə vergülünə qədər əzbərlədim. Nə olar, izin verin, bu konfransı da sizin yerinizə mən keçirim…” Elm adamı təklifi qəbul edir və maşında qalır. Sürücü kürsüyə çıxır, heç çaşmadan gözəl bir çıxış edir və sonda: “Sualı olan varmı?” deyə soruşur. Ölkənin ciddi elm adamlarından biri “var” deyir və olduqca çətin bir sual soruşur. Sürücü heç tərəddüd etmədən: ”Çox asan bir sual bu, onu sürücüm belə bilir, gedim çağırım, sizin sualınıza o cavab versin” deyir.
Elmira xanım məhz çevrəsini işıqlandıran və aydınladan alimlərdəndir. Ölkəmizin və insanlarımızın böyük ehtiyac duyduğu alimlərdən. Varlığı hamımız üçün bir lütfdür. Çox yaşasın!