Yaxud, «siyasi narkomaniya»nın acı sonluğu
İlham Hüseyn
Birmənalı şəkildə demək olar ki, beynəlxalq aləm Azərbaycan hakimiyyəti ilə “sağollaşır”. Əslində bunu “əlvida” kimi də qiymətləndirmək olar. Uzun illər Azərbaycan hakimiyyəti ilə danışıqlar aparmağa, kompromis tapmağa, yumşaq keçid üçün yollar təklif etməyə çalışsalar da, nəticə nəticəsizlikdən ibarət oldu.
Bir qayda olaraq Azərbaycan hakimiyyəti səlahiyyətli şəxsləri ölkədə qəbul etdi, ikitərəfli münasibətlərdən danışıldı, müəyyən razılıq əldə olundu və nəticədə heç bir razılığa əməl edilmədi. Yəni, ölkə vətəndaşı necə aldadılırsa, beynəlxalq aləmə də eyni “taktika”nı sırımağa çalışdılar. Amma beynəlxalq aləm ölkə vətəndaşları kimi “dözümlü” olmadığına görə, hakimiyyətə adekvat cavab vermək qərarına gəldi. Beləliklə, hakimiyyətin etimad limiti bitdi, xarici siyasətdəki manevr imkanları tükəndi. Üstəlik, daxildəki qanunsuzluqlar, saxtakarlıqlar da ifşa olunmağa başladı. Vəziyyət o həddə çatdı ki, hakimiyyət onu müdafiə edənlərə də arqument saxlamadı. Indi bu hakimiyyəti müdafiə edən şəxslərin özü qınaq obyektinə çevrilir.
Bu ildən başlayaraq isə açıq şəkildə dünya ilə dərin uçurum yarandı. Avropa Parlamenti Azərbaycan hakimiyyətinin anti-demokratik mahiyyətini ortaya qoydu, sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsi qəbul edildi. Ardınca ATƏT seçkiləri müşahidəçilikdən imtina etdi. Baş verənlər “bu hakimiyyətlə danışıqlar aparmaq mümkün deyil” mesajının verilməsi idi. Yəni, beynəlxalq aləm əmin oldu ki, bu “epidemiya” daşıyıcısını müalicə etmək mümkün deyil. Ona görə də “xəstə”ni təcrid etmək lazımdı.
Iki gün öncə isə Avropa Şurası Azərbaycanda insan haqları məsələləri üzrə birgə işçi qrupdan çıxmaq qərarı verdi. Bu barədə Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də qurumun Nazirlər Komitəsinə məlumat verib.
“Bu təşəbbüsə baxmayaraq, ölkədə insan haqları sahəsində vəziyyət ümumilikdə pisləşib. Son vaxtlar daha çox insan haqları fəalı həbs olunub. Avropa Şurası qəbuledilməz saxlanma şəraiti barədə narahatlıq doğuran məlumatlar alıb” – deyə Avropa Şurasının yaydığı açıqlamada deyilir. Məlumatda qeyd olunur ki, Baş Katib Nazirlər Komitəsindən öncə qərarı barədə Azərbaycan prezident Ilham Əliyevə məlumat verib.
Bəli, açıq şəkildə Azərbaycan hökumətinə bildirilib ki, sizinlə heç bir dildə danışmaq mümkün deyil. Qeyd edək ki, Torbyorn Yaqland bir müddət öncə “Azərbaycanda bıçaq sümüyə dirənib” başlıqlı məqalə yazmışdı. Görünür, Avropa Şurasının baş katibi bu “bıçağın” sümüyü də kəsdiyinin şahidi olub və bundan sonra hər hansı təmasın mənasız olduğuna əminlik yaranıb.
Çünki, Yaqlandın təşəbbüsü ilə yaradılmış Işçi Qrup siyasi məhbus məsələsinin həllində dönüş yaratmalı idi. Amma gözlənilənin əksi baş verdi. Hakimiyyət üzərinə müəyyən öhdəliklər götürsə də, repressiyanı davam etdirməklə bu öhdəliklərin üzərindən xətt çəkdi.
ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının mövqeyi bir daha təsdiqlədi ki, bu hakimiyyət haqqında qeyri-ciddi fikir formalaşıb, bunların hər hansı rəsmi və ya qeyri-rəsmi öhdəliklərinə inam qalmayıb və hər hansı güzəştə də ehtiyac yoxdur.
Bəli, bu hakimiyyətin sağalacağına heç kimin ümidi yoxdur. Ümumiyyətlə, bütün pis vərdişlərin axırı pis nəticələrə gətirir. Nə qədər çalışılsa da hakimiyyəti pis vərdişlərdən çəkindirmək mümkün olmadı.
Bir narkomanı sonda nə gözləyirsə, “siyasi narkomaniya”nı da eyni aqibət gözləyir. Avtoritarizm də hakimiyyətlərin “iynə”sidir. Axır-əvvəl öz “bəhrə”sini verir.