Ötən ay nəqliyyat naziri Ziya Məmmədovun nazir və komitə sədrlərinin bölgələrdə vətəndaşları qəbulu qrafiki çərçivəsində Zərdaba səfəri nəzərdə tutulsa da, o, bunu da reallaşdıra bilmədi. Bu isə ortada olan müəmmalı vəziyyəti bir qədər də dramatikləşdirib.
Ziya Məmmədovun vətəndaşları qəbul tarixi haqda sentyabrın 11-də nazirliyin rəsmi saytında elan verilib. Bildirilib ki, nazir sentyabrın 18-də vətəndaşları qəbul edəcək. Ancaq sonradan Nəqliyyat Nazirliyi Ziya Məmmədovun həmin tarixdə Zərdabda nəzərdə tutulan vətəndaşların qəbul vaxtını qeyri-müəyyən müddətə təxirə salınması ilə bağlı qərar verildiyini açıqladı. Adətən nazirlərin vətəndaşlarla görüşü təxirə salınanda, qəbulun dəqiq vaxt göstərilsə də, Ziya Məmmədovun Zərdabda adıçəkilən rayonla yanaşı, ətraf rayonların sakinləri ilə görüşü barədə bu dəfə tarix elan olunmadı. Maraqlıdır ki, planlaşdırılan səfərin təxirə salındığı vaxtdan bir aya qədər vaxt keçsə də, hələlik Ziya Məmmədovdan heç bir xəbər yoxdur.
Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənov kütləvi informasiya vasitələrinə bildirib ki, nazir məzuniyyətdədir. Belə bir ərəfədə Ziya Məmmədovun nazir postundan gedəcəyi barədə məlumatlar yayılır. Əgər Ziya Məmmədov oktyabr ayının 23-də Neftçala, Salyan və Biləsuvar rayonlarına planlaşdırılan səfəri reallaşarsa, onun işdən getməsi barəsində səslənən söz-söhbətlərin şayiə olduğu ortaya çıxacaq. Əksinə, nazirin həmin səfəri də təxirə salınarsa və Ziya Məmmədovun ətrafında yaranan müəmma bir qədər də artacaq.
Xatırladaq ki, son 20 gün ərzində nəqliyyat nazirinin adı ətrafında maraqlı hadisələr cərəyan edir. Təkcə son iki həftə ərzində Ziya Məmmədov saysız səlahiyyətlərini itirib: taksilərə lisenziya verilməsi ASAN Xidmətə verilib; Bakı Avtovağzalına yeni rəis təyin edilib və onun nəzarətindən çıxarılıb; paytaxtda sərnişin daşınması, ondan alınaraq meriyaya verilib; nəhayət, Nəqliyyat Nazirliyinin ən nəhəng və gəlirli müəssisəsi olan “Azərbaycan Dəmir Yolları” QSC prezident fərmanı ilə nazirlikdən ayrılaraq müstəqil fəaliyyətə keçib.
Bundan başqa, məlum olub ki, “Bakı Sərnişindaşınma” MMC də Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq. Belə ki, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi formalaşdırılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək. (Strateq.az)