AXCP sədri Əli Kərimli partiyanın Yevlax rayon şöbəsinin sədri Şəkər İsgəndərlini yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Hörmətli Şəkər xanım! Sizi, Milli Azadlıq Hərəkatının və AXC-nin önündə gedən parlaq simalarından, partiyamızın bölgələrdə təşkilatlanması və güclənməsi işində misilsiz xidmətləri olan cəbhədaşımızı, yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ömrünüzün yarısını haqq, ədalət, demokratiya uğrunda mücadilə yolundasınız, əqidənizdən bir an belə dönmədiniz, bütün fiziki, maddi, mənəvi təzyiqlərə baxmayaraq yenə də öndəsiniz, xanımlar və gənc nəsil üçün bir mübarizlik, vətənpərvərlik örnəyisiniz. Mövcud antimilli rejim zaman-zaman seçkiləri saxtalaşdıraraq sizin halal haqqınız olan millət vəkilliyi mandatını qəsb etdilər, illərin savadlı, təcrübəli, nüfuzlu müəllimi olmağınıza baxmayaraq, siyasi əqidənizə görə sizi dərs dediyiniz məktəbdən kənarlaşdırdılar. Ən böyük mükafatınız isə yetişdirdiyiniz onlarla ləyaqətli davamçınız, bütün demokratik kəsimin qürur mənbəyi kmi tanınan keçmiş və indiki vicdan məhbusları sırasında sizin də şagirdlərinizin olmasıdır. Bölgələrdə əqidəli xanımların cəsarətlə siyasətə qoşulmasında, liderlik bacarıqlarının artırılmasında, cəmiyyətdə müsbət dəyişikliklər üçün mübarizə meydanına atılmasında sizin kimi dürüst, ədalətli, haqqı sevən, alicənab ziyalımızın əməyi böyükdür. Fədakar və cəsur vətəndaş, vəfalı və qayğıkeş dost, istedadlı şair və ədəbiyyat vurğunu olaraq da cəbhədaşlarınızın, sizi tanıyanların həm realda, həm də virtual aləmdə hörmətini, sevgisini qazanmısınız, sizinlə hamımız qürur duyuruq.
Əziz Şəkər xanım, bir daha yubileyiniz mübarək, sizə sağlıqlı uzun ömür, siyasi fəaliyyətinizdə uğurlar, müqəddəs amallarınızın tezliklə gerçəkləşməsini arzulayıram.
Tanrı sizi qorusun!