Qurum Azərbaycanda insan haqları üzrə birgə işçi qrupdan çıxdı
Avropa Şurası Azərbaycanda insan haqları məsələləri üzrə birgə işçi qrupdan çıxır.
Bu barədə Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də qurumun Nazirlər Komitəsinə məlumat verib.
2014-cü il oktyabrından Avropa Şurasının təmsilçisi Bakıda işçi qrupun iclaslarına qatılırdı. Məqsəd vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında dialoqu canlandırmaq idi.
“Bu təşəbbüsə baxmayaraq, ölkədə insan haqları sahəsində vəziyyət ümumilikdə pisləşib. Son vaxtlar daha çox insan haqları fəalı həbs olunub. Avropa Şurası qəbuledilməz saxlanma şəraiti barədə narahatlıq doğuran məlumatlar alıb” – Avropa Şurasının yaydığı açıqlamada deyilir.
Məlumatda qeyd olunur ki, Baş Katib Nazirlər Komitəsindən öncə qərarı barədə Azərbaycan prezident İlham Əliyevə məlumat verib.
Həmin işçi qrup Yaqlandın təşəbbüs ilə yaradılmışdı. Rəsmi adı İnsan Haqları üzrə Birgə İşçi qrup idi.