Fuad Qəhrəmanlı: «Azərbaycanın Suriya məsələsində Rusiyapərəst mövqe sərgiləməsi, geosiyasi baxımdan Bakının antiQərb mövqeyindən çıxış etməsi deməkdir»Azərbaycan hakimiyyəti parlament seçkiləri ərəfəsində beynəlxalq birliklə ciddi qarşıdurma yaşayır. Azərbaycan ATƏT, Avropa Birliyi və Avropa Şurasından gələn təklifləri qəbul etmir. Azərbaycan bundan əvvəl oxşar təzyiqlərlə üzləşən zaman bir qayda olaraq Rusiyaya sığınırdı. Amma hazırda beynəlxalq aləmdə fərqli situasiya yaranıb.
Rusiyanın beynəlxalq imici yürütdüyü aqressiv xarici siyasət üzündən ciddi korlanıb. Rusiyanın Suriyada başlatdığı hərbi əməliyyatlar isə Qərbi ciddi narahat edir. Azərbaycan hakimiyyəti Rusiyaya qarşı yaranan neqativ duruma rəğmən himayədarı kimi yenə Rusiyaya sığınır. Rusiyanın Suriyada yaxın müttəfiqimiz Türkiyənin əleyhinə apardığı hərbi əməliyyatlara reaksiya verməyən rəsmi Bakı eyni zamanda müəyyən mənada Rusiyanın addımlarına haqq da qazandırır. Bu isə hazırkı dönəmdə olduqca riskli siyasət sayılır. Bəs Azərbaycan hakimiyyətinin bu kimi tədbirləri hansı fəsadları yarada bilər?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Rusiyanın Suriyada başlatdığı hərbi əməliyyatları Qərb ölkələri ciddi etirazla qarşılayır. Kremlin Suriyadakı addımlarının eyni zamanda Türkiyəni də narahat etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Rusiya Suriyada faktiki olaraq terrorizmə qarşı mübarizə aparmır. F.Qəhrəmanlının sözlərinə görə, Rusiyanın Suriyadakı addımları daha çox Əsəd rejiminin müdafiəsinə yönəlib: “Rusiyanın Suriyada məqsədi aydındır. Çünki Rusiya Əsəd rejimini müdafiə etmək hesabına Suriyadakı qeyri-sabitliyi saxlayır. Bu isə Suriyadan Avropaya qaçqın axınının qalması deməkdir. Rusiya bu yol ilə Avropa ölkələrinə təzyiq etməyə və Ukrayna məsələsində güzəşt qazanmağa çalışır. Rusiya eyni zamanda bu bölgədə sülhün təmin olunması istiqamətində əsas söz sahibi olmaq istəyir. Belə bir vəziyyətdə Azərbaycanın Rusiyanın yanında olması, Xəzərin ona aid hissəsindən Rusiya təyyarələrinin keçidinə icazə verməsi, bu məsələdə Rusiyapərəst mövqe sərgiləməsi, artıq geosiyasi baxımdan Azərbaycanın antiQərb mövqeyindən çıxış etməsi deməkdir”.
F.Qəhrəmanlının fikrincə, Azərbaycan hakimiyyətinin Suriya məsələsində Rusiyanı dəstəkləyən siyasəti mənfi nəticələr vəd edir. Azərbaycan üçün hazırda ən vacib məsələlərdən birinin Qarabağ problemi olduğunu deyən F.Qəhrəmanlı qeyd etdi ki, Azərbaycanın son vaxtlar Rusiya ilə yaxınlaşma istiqamətində apardığı kurs hər hansı müsbət nəticə verməyib: “Əksinə, Rusiya 200 milyon dollar məbləğində Ermənistana hərbi yardım edib və Ermənistanla birgə geniş hərbi əməliyyatlar keçirib. Bununla da Azərbaycana qarşı bir növ güc nümayiş etdirilib, təcavüzkar dəstəklənib. Bu isə o deməkdir ki, Azərbaycanın hazırkı Rusiyaprərəst mövqeyi Qarabağ probleminin həllinə hər hansı təsir etməyəcək. Əksinə, bu mövqeyin davam etməsi Qərblə yeni problemlərin yaranması demək olacaq. Azərbaycan indiki halda çalışmalıdır ki, məhz Qərbin dəstəyini alsın. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyi birbaşa dəstəklənirdi. Avropa Şurasının və Almaniya Bundestaqının qətnaməsində də Azərbaycanın mövqeyi dəstəklənirdi. Azərbaycan hazırkı Rusiyapərst mövqeyi ilə bu dəstəyi itirə bilər”.
F.Qəhrəmanlının sözlərinə görə, təəssüf ki, Qərb Azərbaycanın mövqeyini dəstəklədiyi halda rəsmi Bakı təcavüzkarı himayə edən Rusiyanın yanında olmağa üstünlük verir. Bu isə Rusiyanın avtoritar Azərbaycan hakimiyyətinə dəstək verməsi ilə bağlıdır: “Bu kursun davam etməsi Azərbaycanın Qarabağ məsələsində arzuladığı dəstəyi almamasına gətirib çıxara bilər. Eyni zamanda bu, Azərbaycana münasibətdə Qərbin daha sərt siyasət yürütməsinə, Azərbaycanın iqtisadi və təhlükəsizlik problemlərinin həllində Qərbin iştirakını xeyli dərəcədə məhdudlaşdırmasına gətirə bilər. Çünki münasibətlərdə yaşananlar Azərbaycanın Avrointeqrasiya kursundan uzaqlaşması anlamına gəlir. Bu isə o deməkdir ki, Azərbaycan siyasi-iqtisadi baxımdan Avropadan alacağı dəstəkdən məhrum olacaq. Indiki halda Azərbaycanın Suriya məsələsinə münasibətdə Rusiyanın siyasətini dəstəkləməsi Azərbaycanın dövlət maraqlarını təhdid edir”.
F.Qəhrəmanlı onu da vurğuladı ki, Azərbaycan hazırda Xəzər dənizinin statusu ilə bağlı ciddi problem yaşamaqdadır. Əslində Azərbaycanın bu məsələdə maraqlarının təmin olunması birbaşa Qərbin dəstəyi ilə bağlı olan məsələdir. “Eyni zamanda Azərbaycanın beynəlxalq tranzit layihələrinin perspektivi, işləkliyi Qərblə əməkdaşlığın xarakterindən asılıdır. Bir çox məqamları nəzərə alsaq, hakimiyyətin yeritdiyi hazırkı kurs ölkəni strateji imkanlardan məhrum edib. Nəticədə Azərbaycan Rusiyanın iradəsindən asılı vəziyyətə düşür. Bu baxımdan Suriya məsələsində seçilən mövqe Azərbaycanın dövlət və milli maraqlarına uyğun gəlmir”, deyə F.Qəhrəmanlı vurğuladı.
Xəyal