“Azərbaycan hakimiyyəti bazarlıq planında beynəlxalq aləmdəki fərqli yanaşmanı düzgün qiymətləndirə bilməyib”
“Azərbaycan daxildə siyasi və sosial stabilliyi təhdid edən faktorlarla üz-üzədir”
Türkiyənin “Hürriyyət” qəzetinin ingilis dilli versiyasında Azərbaycandakı vəziyyətlə bağlı məqalə dərc edilib. “Azərbaycan: ağılsız siyasi bazarlıq” başlıqlı yazıda İlham Əliyev hökumətinin özünə pozitiv beynəlxalq imic formalaşdırmaq üçün indiyədək böyük pullar xərclədiyi, lakin bunun nəticəsiz qaldığı, neft pullarının azaldığı indiki vaxtda isə vəziyyətin tamamilə dəyişdiyi təsvir olunur. Yazının tərcüməsini təqdim edirik.
***
Son illərdə Azərbaycan dünya mediasında indiyədək görünməmiş həddə ifşa yaşadı. Azərbaycan hökuməti böyük musiqi və idman yarışlarının təşkilinə səxavətlə nəhəng resurslar sərf edir.
Bu il iyunun 12-dən 28-nə qədər Azərbaycanda birinci Avropa Oyunları keçirildi və bu turnir paytaxt Bakını qlobal idman və əyləncə baxımından ümumdünya vitrininə çevirdi. Azərbaycandakı yeni tikilmiş meydançalarda idmanın 20 növü üzrə təxminən 6000 avropalı idmançı yarışdı. Rəsmi məlumatlara görə, turnirin təşkilinə 1 milyard avrodan artıq vəsait xərclənib.
İdmanda “Azərbaycan” brendi təkcə Avropa Oyunları ilə məhdudlaşmır. Ölkə 2013-cü ildən İspaniyanın məşhur futbol klubu “Atletiko Madrid”ə sponsorluq edirdi. Komanda beynəlxalq yarışlarda Azərbaycanı kütləvi şəkildə reklam edib. “Atletiko Madrid”ə sponsorluq 12 milyon avroya başa gəlirdi.
2012-ci ildə Azərbaycanda “Eurovision” musiqi yarışması keçirildi. Neft bumunun sayəsində Azərbaycan musiqi yarışmasının təşkilinə 73 milyon avro xərcləməklə, “Eurovision” tarixində ən bahalı müsabiqənin Bakıda keçirilməsinə nail oldu. Bundan başqa, Bakıda “Eurovision”un keçirilməsi üçün inşa olunan “Crystal Hall”un tikintisinə daha 240 milyon avro xərclənib. Ona görə də yarışma ümumilikdə Azərbaycana 310 milyondan da baha başa gəlib.
Bu nəhəng, bahalı və yüksək səviyyəli marketinq layihələrinin məqsədi əslində, beynəlxalq aləmdə Azərbaycan hökumətinə müsbət imic qazandırmaq, onu dünyada nüfuzlu qəbul etdirməkdir. Bütün bu makro-hadisələr nəhəng qələmə verilə bilər, əslində isə kifayət qədər “brend qazanma” fəaliyyətidir.
İlya Lozovski “Foreign Policy” jurnalında Azərbaycan hökumətinin nüfuz qazanmaq və özünə uyğun beynəlxalq mühit yaratmaq cəhdlərini şərh etmişdi. Lozovski Azərbaycan hökumətinin siyasi marketinqindən bəhs edərkən onların ABŞ Konqresində apardıqları böyük lobbi fəaliyyətinə diqqət çəkir.
Amma lobbiçilik Azərbaycan hökuməti üçün yeganə yumşaq güç üsulu deyil. Onlar əslində iki yumşaq güc variantından istifadə edərək, bu istiqamətdə iş aparır: idman yarışları və beynəlxalq auditoriyaya Azərbaycanı zəngin, müasir və işlək dövlət kimi təqdim etmək məqsədilə layihələr. Eyni zamanda, siyasi müstəvidə Azərbaycan hökuməti əsas müttəfiqlərindən birindən uyğun dəstək almaq üçün ABŞ Konqresində intensiv lobbi fəaliyyətilə məşğuldur.
Azərbaycan beynəlxalq miqyasda geniş auditoriya üçün demək olar ki, tanış deyil. Bu baxımdan, hökumətin özünə tamamilə yeni reputasiya yaratmaq imkanı vardı. Buna baxmayaraq, geniş kommunikasiya vasitələri asanlıqla imkan yaradır ki, bu ölkələrdə insan haqlarının kütləvi şəkildə pozulması, korrupsiya, insanların ölkənin siyasi həyatında iştirak imkanlarının məhdudlaşdırılması barədə informasiyalar dünyaya yayılsın.
Bu mənada, Azərbaycan hakimiyyətinin bazarlıq planı demək olar ki, mükəmməldir. Ancaq beynəlxalq aləmdəki fərqli yanaşmanı düzgün qiymətləndirə bilməyiblər. Azərbaycan hökumətinin özünüreklam fəaliyyəti müəyyən həddə ölkənin daxilində nəticə verə bilər. Çünki beynəlxalq aləmlə müqayisədə burada informasiya yayımı nəzarət altındadır.
Müəyyən tədbirlərin təşkililə təbliğat aparmaq tarixi Qədim Romaya gedib çatan köhnə texnologiyadır. Qədim Romada siyasi elitası vətəndaşların diqqətini cəlb etmək məqsədilə onlara möhtəşəm şoular göstərmək üçün böyük resurslar xərcləyirdi. Beləliklə, Roma elitası “çörək və tamaşa” devizi ilə təbliğat apararırdı ki, bu da iki amilə əsaslanırdı: sərvət və əyləncə. İndiki Azərbaycana gəlincə, beynəlxalq kontekstdə siyasi bazarlığı dəstəkləyən deviz “lobbiçilik və tamaşa” kimi daha yaxşı səslənə bilər.
Bu gün Azərbaycan ölkə daxilində siyasi və sosial stabilliyi təhdid edən faktorlarla üz-üzə qalıb. Rəsmi məlumatlarda 2015-ci ildə Azərbaycanın gəliri 19,3 milyard manat proqnozlaşdırılırdı. Bu proqnoz dünya bazarında neftin bir barelinin 90 dollara satışına əsaslanaraq verilirdi. Hazırda isə “Brent” markalı xam neftin bir barelinin qiyməti 50 dollardan da aşağı düşüb. Bu baxımdan, yaranmış vəziyyət Azərbaycanın sosial-siyasi sistemi üçün ciddi problemlə yaradır. Azərbaycanda dövlət gəlirlərinin 75 faizini, ölkənin ixracının isə 95 faizini neft-qaz təşkil edir. Ona görə də neftin kəskin ucuzlaşması daxildə siyasi bazarlıq və sistemin yenidən qurulması baxımından təhlükəlidir.
Güman ki, neftin qiyməti artıq əvvəlki pik həddə qayıtmayacaq və Azərbaycan reallığı qəbul edərək, alternativ keçid yolu istiqamətində işləməyə başlamalıdır. Bu yol isə siyasi və iqtisadi rəqabətin artırılmasına istiqamətlənmiş islahatlardan ibarət olmalıdır. Amma görünən budur ki, Azərbaycan hakimiyyəti struktur islahatlardansa, daha çox milli “brend”in təbliğinə diqqətini yönəldib. Halbuki, ölkəyə xeyir gətirən yeganə reklam iqtisadi və siyasi islahatlar ola bilər. Bu həm də misli görünməmiş sosial-siyasi struktur dəyişikliklərlə yeganə dinc mübarizə şansıdır.