«World Affairs»: «Azərbaycandakı repressiyalara baxmayaraq, bu ölkənin hələ də Avropa Şurasının üzvü olması təəccüblüdür»
Amerikada az qala, iki əsrdir fəaliyyət göstərən və beynəlxalq əlaqələr mövzusunda analizlərilə məşhur olan “World Affairs” jurnalı araşdırmaçı jurnalist Xədicə Ismayıl ətrafında baş verənlər fonunda Azərbaycandakı repressiyalar və Qərbin Əliyev rejiminə münasibətini təhlil edib. Müəllif Ellen Borkun “Azərbaycanda insan haqlarına məhəl qoyulmur” başlıqlı məqaləsinin tərcüməsini təqdim edirik:
***
Ötən ilin dekabrında mən burada neftlə zəngin Azərbaycandakı diktatura rejiminin korrupsiyasını konkret faktlarla ifşa etdiyinə görə həbsxanaya salınan jurnalist Xədicə Ismayılova barədə yazmışdım.
Hökumət ona qarşı “intihar cəhdinə vadar etmək” kimi qəribə ittiham irəli sürdüyü halda, Ismayılova həbsxanadan dostlarına cəsarətli və şən bir Yeni il məktubu göndərmişdi.
Xədicə heç bir peşmançılıq hissi keçmirmədən yazırdı: “Bəli, ödənilməsi gərəkən bədəl var. Amma buna dəyər!”
Indi rejim Ismayılovaya ağır bədəl ödətdirir. Sentyabrın 1-də çıxarılan hökmə əsasən, o, 7 il 6 ay azadlıqdan məhrum edildi.
Ismayılova 2011-ci ildə “Azadlıq” radiosunda prezident Ilham Əliyevin ailəsinin ölkədəki mobil operator şirkətinə sahibi olduğunu sübut edən material hazırlamışdı. Əliyev rejimi ona həbs və şantajla cavab verdi. Bu üsul işə yaramayanda ona qarşı mənimsəmə, vəzifədən sui-istifadə kimi yeni ittihamlar irəli sürdülər.
Xədicənin digər araşdırma yazıları da Əliyevlərin gizli biznesi və bu ailənin necə var-dövlətə sahib olması haqda idi. 2010-cu ildə “The Washington Post”da Əliyevin övladlarının, hələ o zaman yeniyetmə olan oğlunun adına Dubaydakı bahalı daşınmaz əmlaklar barədə məqalə dərc olunmuşdu.
Əliyev rejiminin hədəfinə tuş gələn təkcə Xədicə Ismayılova deyil. Hazırda Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. Təəccüblüdür ki, bütün bunlara baxmayaraq, Azərbaycan hələ də özünü “insan haqlarının müdafiəsi sahəsində qitənin ən aparıcı təşkilatı” kimi qələmə verən Avropa Şurasının üzvü olaraq qalır.
“Avropa Stabillik Təşəbbüsü” təşkilatının rəhbəri Cerald Knaus iyulda “Journal of Democracy”də yazdığı məqalədə Avropa Şurasının Azərbaycanla münasibətlərindəki korrupsiyadan, maddi və mənəvi amillərdən bəhs edərək, təşkilatın bu cür siyasətini darmadağın etmişdi. Knaus belə nəticəyə gəlir ki, əsas məsələ pul və lobbiçilik deyil, Avropa demokratlarının dəyərlərə, o cümlədən insan haqlarına laqeyd münasibəti Əliyevin əl-qolunu açır.
Təəssüf ki, Avropa rəsmilərinin Azərbaycanda insan haqlarının pozulmasına yumşaq münasibəti nəticəsində bu gün Ismayılova və onun etirazçı dostları bu gün həbsdədir. Bununla belə, Ismayılova elədiklərinə görə peşman deyil.
“Hər şey sizin məsələyə yanaşmanızdan asılıdır. Mübarizədə inamlı olanlar çətinlik hiss eləmirlər”, – deyə o, məhkəmədə çıxışında bildirib.
Xədicə Ismayılova indi də Azərbaycan həbsxanalarındakı vəziyyəti daxildə araşdırmaq niyyətindədir.
“Mənə atılan daşlardan ev tikəcəyəm”, – deyə o vurğulayıb.
Istənilən halda, Ismayılova Azərbaycanın gələcəyinə nikbin baxır: “Hesab edirəm ki, repressiya maşını yaxın vaxtlarda çökəcək. Əlbəttə, bunu neft bazarındakı çöküşün effekti kimi də qiymətləndirə bilərik. Amma başqa səbəblər də var. Səbəblərdən biri də bizik”.
Siyasət şöbəsi