Azərbaycan tamaşaçılarının alternativ fikri ifadə edən yeganə telelayihə kimi maraqla izlədiyi “Azərbaycan saatı” proqramı sentyabrın 26-da növbəti verilişini efirə verib.
Verilişin xülasəsini və videoyazısını təqdim edirik. Videoyazı xülasədən sonradır. Verilişi proqramın müəllifi Qənimət Zahid aparıb.
Xülasə:
Bu da ölkənin indiki günüdür… Ağır sənayesi batır, yüngül sənayesi də daha da yüngülləşib çəkisini itirməyə doğru gedir. İstehsala qoyulan investisiyanın təyinatını dəyişiblər, partiya dağıtmaq və onların kopyasını düzəltmək içinə investsiya qoyurlar. Bu qədər avara bir hökumət ola bilərmi? Ölkədə istehsalat çökür, bunlar isə yüz minlərlə vəsait ayırırlar ki, Xalq Cəbhəsi Partiyasını nə təhər dağıdaq…
Toxuculuq 30 faiz, pambıq lifinin istehsalı 72 faiz azalıb. Paltar istehsalı da 28 faiz aşağı düşüb. Hələ qotur-qotur “bizim iqtisadiyyatımız neftdən asılı deyil, qeyri neft sektorumuz var” deyirlər… Amma bu proqramda məqsədim yüngül sənayenin aradan çıxması ilə bağlı statistik sübutlar gətirmək deyil. Zatən, Azərbaycanda iqtisadiyyat yoxdur. İqtidsadiyyat olsaydı, daha büdcə təşkilatlarında işləyənlərdən xərac yığıb büdcəni doldurmağa girişməzdilər.
Belə bir epizodu da xatırlayırsınız yəqin: “bəlkə bir az yavaşlayıq?”. Bu yaxın günlərə qədər elə bilirdim ki, prezidentin sözünə qulaq asmayanlar yoxdur. Amma sən demə, hətta qatar maşinistləri də ona qulaq asmırlarmış. Bakı- Sumqayıt qatarını sürən yavaşlamayıb və elə sürət götürüb ki, sərnişinlər bir də ayılıb görüblər ki, Siyəzəndədirlər. Bu da unikal söhbətdir, amma məqsədim bu da deyil. Mənim danışacaqlarım sizin üçün yenilik olmayacaq, amma bəlkə də kimlər üçünsə yenilik oldu.
Məsələn, qardaşın biri yazır ki, Şəkidə maarif sisteminə 200 min manat haqq qoyublar. Şəhər məktəblərindən şagird tutumuna və başqa parametrlərinə görə 4-5 min manat arası, kənd məktəblərinin isə hər birindən 1500 manat toplamağı əmr ediblər. Ölkəmizin iqtisadiyyatı böyrü üstə düşdüyünə görə onu bu yolla qaldırmaq istəyirlər. Və için ən ilginc tərəfi də budur ki, hələ də bu xərac yığımını Avropa Oyunlarının xərclərini bağlamaq adı ilə yığırlar. İndi guya, müəllim sinfi ölkəmizin ziyalılarıdır də… Onların başına belə corab hörürlərsə, gör, ziyasızları nə günə qoyurlar. Ziyanın az olduğu qan su yerinə axır, amma o boyda Ziya dura-dura, niyə birdən-birə ziyasız yerdən bəhs edək.
Ölkə ictimaiyyətinin gözləri qarşısında Ziya Məmmədovu parça-parça edirlər. Onun Nəqliyyat Nazirliyini mişarın ağzına verib doğrayırlar. Avtovağzalı və quru yolları Nəqliyyat Nazirliyindən aldılar, Hava yolları onun kurasiyasında deyildi, su yolları Nəqliyyat Nazirliyinə əvvəldən ram olmurdu. İndi Ziya Məmmədovun Nəqliyyat Nazirliyi evi ilə nazirliyin binası arasındakı yolu kurasiya edir. Ev isə çoxdur. Buna görə də bu istiqamətdə də onun səlahiyyətlərini doğramaq üçün nazir Məmmədovun evlərini əlindən almağa başlayıblar. Ölkədə nəhəng oliqarxlardan biri sayılan, hətta Kəmaləddin Heydərovla qaşıq döyüşdürməyə qədər yüksəldilən Ziya Məmmədovun bu cür xırdalanmasını ona yaxın olan çevrələrdə başqa cür izah edənlər də var. Bu çevrələrdən bizə bildirirlər ki, Ziya Məmmədovu baş nazir gətirəcəklər, ona görə də Nəqliyyat Nazirliyini sökməyə başlayıblar ki, Məmmədov baş nazir olandan sonra bu boyda nazirliyə ehtiyac olmasın. Yəni Nəqliyyat Nazirliyini Ziya Məmmədovdan sonrakı adamın boyuna biçirlər.
Doğrudur, Azərbaycan hökumətinin parametrlərindən ölçüsüzlük tökülür və bunu da edə bilərlər, amma üzdə olan bilgilər də hökm edir ki, yox, Artur Rəsizadə hələ postunu vermək fikrində deyil və Ziya Məmmədovla da baş nazirliyə gətirilən adam kimi davranmırlar… Amma bu qədər fövqəladə hallara müəlliflik etməsinə baxmayaraq günün qəhrəmanı Ziya Məmmədov deyil, general Şərif Əsədullayevdir. 5 ay bundan əvvəl onun Tamerlan adlı oğlu bir nəfəri tutub bıçaqlamışdı. Tamerlanı tutub danlamışdılar, bir-iki ay da həbsxanada saxlayıb sonra bir də belə iş tutma deyib azadlığa boşlamışdılar. Generalın oğlu adam bıçaqlayırsa, belə eləmək lazımdır, amma Seymur Həzini adam bıçaqlamamaqda ittiham edib 5 il yarım azadlıqdan məhrum etmək lazımdır, eləmi? Hüququn atasını yandırıb əllərinizi qızdırırsız, günün birində əlinizi yandırcaq o alov. Nə isə, generalın bu qalmaqallı oğlu o zaman həbs ediləndə və ondan bir az sonrakı zaman azad ediləndə ortalıqda ictimai rəyə təqdim edilən bıçaq şəkli vardı. Başqa heç nə yox idi. Bu günlərdə vurtual olaraq general elan edilən başqa bir valideynin övladlarını da ki, rektorun qızını küçənin ortasında döyüb sürümüşdülər, bütün cəzalardan və məsuliyyətdən azad edib buraxdılar Baknın azadlığına. General oğlu oldunsa, belədir.
Ümumiyyətlə isə tək general oğlu Tamerlan deyil və bu həftə başqa generallar haqqında da maraqlı, xoşagələn, diqqəti cəlb edən saz xəbərlər yayıldı. Bunlardan ikincisi o idi ki, general Bəylər Əyyubovun hərbi komissar işləyən bacısı oğlunu növbəti dəfə tutublar. O da hansısa toyxanada dava salıb, camaatı gülləbaran edirmiş… Əqid Bayroyev general dayısına güvənib Azərbaycanda at oynadır və bu olay da onun birinci macərası deyil. Lap qanqaraldıcı daha bir general xəbəri də bundan ibarət oldu ki, prezidentin müşaviri general Vahid Əliyevi zəhərləyiblər və işin araşdırılması zamanı bəlli olub ki, burada sui-qəsd elementləri var. Generalı ölümdən xilas etmək üçün onu təcili olaraq İsrailə aparıblar və orada müalicə ediblər. Yerli səhiyyə sistemimiz Oqtay Şirəliyevin gül camalının sayəsində ciddi tibbi müdaxilələr üçün nəzərdə tutulmur. Elə- belə qripi müalicə etmək üçündür. Qrip isə belə bir xəstəlikdir ki, onu müalicə etsən bir həftəyə, müalicə etməsən 7 günə sağalır. Oqtay Şirəliyevin səhiyyə sistemi anındaca müdaxilə edib qripi bircə həftəyə sağaldırlar. Amma zəhərlənmiş generalı sağaltmaq kimi mühüm və strateji əməliyyatlar onluq deyil…
Videoyazı