Avropa Parlamenti Azərbaycan hakimiyyətinə qarşı görünməmiş sərt qətnamə qəbul etdi; 1 noyabr seçkiləri indidən şübhə altına alındı
Avropa Parlamenti Azərbaycan hökumətinin əleyhinə bu vaxtadək qəbul edilmiş analoji sənədlərdən xeyli sərt qətnamə qəbul edib. Qətnamədə Azərbaycandakı repressiyalarda əli olan şəxslərə qarşı sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış öz əksini tapıb.
“Avropa Parlamenti Avropa Komisiyasını və üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır”, – deyə qətnamədə qeyd olunub.
Sənəddə həmçinin Avropa Ittifaqının rəhbərliyi jurnalist Xədicə Ismayılın araşdırmalarında prezident Ilham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamlarıyla bağlı hərtərəfli araşdırma aparmağa çağırılıb.
Qətnamədə eyni zamanda, Azərbaycan hakimiyyəti “bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini, o cümlədən Xədicə Ismayılova, Leyla və Arif Yunuslar, Anar Məmmədli, Rəsul Cəfərov, Intiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, Ilqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə” çağırılır.
Qeyd edək ki, qətnamənin qəbulu Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiyanın (ALDE qrupun) təşəbbüsü olub. Qətnamə layihəsini də bu fraksiyanın üzvləri hazırlayıb. Lakin layihə Avropa Parlamentində müzakirəyə çıxarılmamışdan bir gün əvvəl digər fraksiyalar da onu dəstəklədiyini bəyan edib. Beləliklə, qətnamə layihəsi Avropa Parlamentinin müzakirəsinə digər fraksiyaların da dəstəklədiyi sənəd kimi təqdim olunub. Yəni sənədi Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib.
Qətnamə layihəsinin müzakirəsi zamanı səsvermədə Avropa Parlamentinin 365 deputatı iştirak edib ki, onların da 202 nəfəri sənədin qəbuluna səs verib, 70 nəfər isə bitərəf qalıb.
Qətnamə layihəsi Avropa Parlamentinin saytında əvvəlcədən yerləşdirildiyindən “Azadlıq”ın ötən sayında onun Azərbaycan dilinə tərcüməsini təqdim etmişdik. Müzakirələr zamanı qətnamə layihəsinə bir neçə əlavələr edilib. Həmin əlavələr bir sıra siyasi məhbusların adlarının da sənədə daxil edilməsi; Xədicə Ismayılın araşdırmalarında əksini tapmış korrupsiya faktlarının Avropa Ittifaqı strukturları tərəfindən araşdırılmasından ibarət olub. Yəni, Avropa Parlamentindəki müzakirələr zamanı sənəd bir qədər də sərtləşdirilib.
Qeyd edək ki, qətnamədə Azərbaycanda hazırda aparılan repressiya siyasəti detallı şəkildə təsvir olunub. Vətəndaş cəmiyyətinə, müstəqil mediaya, tənqidçi fəallara qarşı repressiyalar konkret faktlarla öz əksini tapıb. Vurğulanıb ki, Azərbaycanda noyabrın 1-də parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Amma ölkədə azad və ədalətli seçki keçirilməsi üçün heç bir şərait yoxdur.
“Avropa Parlamenti Avropa Ittifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət Idarəsini Azərbaycandakı seçkini müşahidə etməkdən çəkinməyə çağırır. Çünki ölkədəki hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır və çox ciddi qüsurları olan seçki ortamının legitimləşdirilməsinə xidmət etməkdən başqa bir şey olmayacaq”, – deyə qətnamədə qeyd olunub.
Qətnamə Azərbaycan hökumətini qəzəbləndirib
Avropa Parlamentinin bu cür sərt qətnamə qəbul etməsi Azərbaycan hökumətini qəzəbləndirib. Azərbaycanın Avropa Birliyi ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mardla görüşündə bu məsələyə toxunub. O, qəbul edilən qətnaməni “anti-Azərbaycan qüvvələrin növbəti təxribatçı addımı”və “Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbə adlandırıb. Bildirib ki, qətnamə birtərəfli, qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. “Avropa Ittifaqı Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq”, – deyə Ş.Mustafayev sonda qeyd edib.
Siyasət şöbəsi
***
Qətnamə bu layihə əsasında qəbul olunub:
A. Azərbaycanda son bir neçə ildə ümumilikdə insan haqlarının vəziyyəti fasiləsiz olaraq pisləşib. Avropa Qonşuluq Siyasəti proqramı üzrə Fəaliyyət Planının qəbul olunmasına baxmayaraq, QHT-lərə, jurnalistlərə, müstəqil media orqanlarına qarşı repressiya və hədələmələr, müxalif qüvvələr arasında qorxu hissinin yaradılması, hüquq müdafiəçiləri, gənclər, sosial şəbəkə fəallarına münasibətdə hüquq və azadlıqların sistemli şəkildə məhdudlaşdırılması halları artıb.
B. Tənqidi fikirlər səsləndirən QHT rəhbərləri, jurnalistlər və digər şəxslər saxta ittihamlarla cinayət təqibinə məruz qalır;
C. Tanınmış jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılova prezident Ilham Əliyev və onun ailə üzvlərinin korrupsiyada iştirakı barədə məqalələrindən sonra həbs olundu və sentyabrın 1-də vergidən yayınma, vəzifədən sui-istifadə və s. ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıldı. Bu məhkəmə prosesində iştirak edən beynəlxalq müşahidəçilər məhkəmənin müstəqilliyi, ədalətliyi, həmçinin ittihamların qanuniliyi kimi məsələlərə şübhə altına alıblar;
D. Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, dələduzluq, vergidən yayınma ittihamları ilə müvafiq olaraq, 8 il 6 ay və 7 il azadlıqdan məhrum edildilər. Beynəlxalq müşahidəçilər bildirir ki, bu məhkəmə prosesi çoxsaylı qanun pozuntuları ilə keçib, onların həbsi məhz insan haqlarının müdafiəsi sahəsində fəaliyyətlərilə bağlıdır.
E. Leyla və Arif Yunusların, eləcə də Intiqam Əliyevin həbsdə saxlanılması onların səhhətində ciddi problemlər yaradıb, hətta həyatları təhlükə qarşısındadır;
F. Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun sədri, jurnalist Rasim Əliyev sosial şəbəkədə prezident Əliyevin ünvanına tənqidi fikirlərindən sonra hədə və təhdidlərə məruz qalmışdı. Bundan bir qədər sonra – avqustun 8-də o, yerli futbolçunun tərəfdarları tərəfindən amansızlıqla döyüldü və avqustun 9-da xəstəxanada dünyasını dəyişdi;
G. Rasim Əliyev RATI sədri postunu tanınmış hüquq müdafiəçisi, saxta ittihamlarla təqibə məruz qaldığından Isveçrədə siyasi sığınacaq almış Emin Hüseynovdan təhvil almışdı;
H. Beynəlxalq ictimaiyyətinin Azərbaycan hökumətinə siyasi məhbusları azad etmək barədə davamlı çağırışlarına baxmayaraq, vətəndaş cəmiyyətinin çoxsaylı tanınmış nümayəndəsi bu gün də həbsxanadadır. Onların arasında Anar Məmmədli, Rəsul Cəfərov, Intiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Tofiq Yaqublu, Ilqar Məmmədov da var. Siyasi məhbusların bir qisminin sağlamlığı mütəmadi şəkildə pisləşir;
I. Leyla Yunus və Rəsul Cəfərov həbs olunmamışdan əvvəl ölkədəki siyasi məhbusların siyahısını hazırlayan tanınmış hüquq müdafiəçiləri və ekspertlərdən ibarət qrupa rəhbərlik edirdi;
J. Azərbaycanda bir sıra başqa jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları da cinayət təqibinə məruz qalırlar;
K. Jurnalistlər və vətəndaş cəmiyyətinin liderləri fasiləsiz şəkildə təhdid və təqib olunur. Məsələn, “Meydan TV”nin direktoru Emin Milli ölümlə hədələnib, ardınca isə qaynı saxta ittihamlarla həbs olunub;
L. Azərbaycandakı bir çox jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının hərəkət azadlığı məhdudlaşdırılıb, onların ölkədən çıxışına qadağa qoyulub;
M. Azərbaycan Avropa Ittifaqının Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramlarında aktiv iştirak edir, bu proqramlar çərçivəsində Assosiasiya sazişi danışıqlarını davam etdirir, Avronestin üzvüdür. Belə olan halda, bu təşəbbüslərin əsasını təşkil edən demokratiya, insan haqları və qanunun aliliyinə də hörmət etməlidir;
N. Azərbaycan Avropa Şurasının üzvüdür, həmçinin Insan Haqları Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edib;
O. Lakin Azərbaycan Avropa Konvensiyası ilə bağlı öhdəliklərinə əməl etmir. Məsələn, Avropa Məhkəməsinin REAL sədri Ilqar Məmmədovla bağlı qərarı hələ də icra olunmayıb;
P. Venesiya Komissiyasının rəyində göstərilib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə dair qanuna edilmiş son dəyişikliklər qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha da məhdudlaşdırmağa hesablanıb;
Q. Bu cür qanunvericiliyin nəticəsi olaraq, Avropa Ittifaqı Azərbaycanda vətəndaş cəmiyyətinin müstəqil qrupları və fəallarını maliyyələşdirməkdə ciddi problemlərlə üzləşir. Avropa Ittifaqı 2014-cü ildə Azərbaycanla bağlı 13 qrant layihəsindən 11-ni maliyyələşdirə bilməyib.
R. Azərbaycan hökumətinin qərarı ilə iyulun 4-də ATƏT-in Bakı ofisi qapadıldı;
S. “Freedom House” Azərbaycanı “azad olmayan ölkələr” qrupuna aid edir. Bu ölkənin mətbuatı da “azad olmayanlar” kateqoriyasına daxildir, orada yalnız internet “qismən azad” hesab olunur. Azərbaycan son on ildə bütün Avrasiyada demokratiya sahəsində ən çox geriləmiş ölkədir.
T. Azərbaycanda noyabrda parlament seçkiləri keçiriləcək.
***
1. Avropa Parlamenti Azərbaycanı bütün siyasi məhbusları, hüquq müdafiəçilərini, jurnalistləri, vətəndaş cəmiyyətinin digər fəallarını, o cümlədən Xədicə Ismayılova, Leyla və Arif Yunuslar, Anar Məmmədli, Rəsul Cəfərov, Intiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublunu, Ilqar Məmmədov, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Taleh Xasməmmədov dərhal və qeyd-şərtsiz azad etməyə; Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə; siyasi məhbusların vətəndaş və siyasi hüquqlarının bərpası üçün onlara qarşı ittihamlara xitam verməyə; lazımi tibbi yardımla təmin etməyə çağırır;
2. Avropa Parlamenti vurğulayır ki, insan haqları və əsas azadlıqlara hörmət, qanunun aliliyinə riayət olunması Şərq Tərəfdaşlığı əməkdaşlığın əsas prinsipi, həmçinin Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında öhdəliyidir.
3. Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş repressiyaları qəti şəkildə pisləyir; cinayət qanunvericiliyindən ölkədə ifadə, fikir azadlığını məhdudlaşdırmaq məqsədilə sui-istifadə hallarından təəssüfünü ifadə edir; həmçinin Azərbaycan hakimiyyətini məhkəmələrin müstəqilliyini təmin etməyə çağırır;
4. Avropa Parlamenti Leyla və Arif Yunusların, Intiqam Əliyevin həbsxanada səhhətində yaranmış ciddi problemlərdən, onların vəziyyətinin pisləşməsinə dair xəbərlərdən narahatlığını ifadə edir; Azərbaycan hakimiyyətini məhbuslara lazımi tibbi yardımın göstərilməsini təmin etməyə çağırır;
5. Avropa Parlamenti Azərbaycanda fəalların, jurnalistlərin, müxalifət nümayəndələrinin ailə üzvlərinin hədələnməsi hallarını pisləyir;
6. Avropa Parlamenti jurnalist Rasim Əliyevin ölümü ilə bağlı şəffaf araşdırma aparılması, bütün günahkarların müstəqil məhkəmə qarşısına çıxarılması, qanunda nəzərdə tutulmuş şəkildə cəzalandırılmasına çağırır;
7. Avropa Parlamenti vurğulayır ki, Azərbaycanın stabilliyi və çiçəklənməsində, ölkədə demokratiyanın inkişafında vətəndaş cəmiyyəti çox vacib rol oynayır. Ona görə də Azərbaycan hökumətini müstəqil vətəndaş cəmiyyətinə qarşı siyasətinə yenidən baxmağa çağırır;
8. Avropa Parlamenti Azərbaycan hökumətinə xatırladır ki, əhalinin rifahı, o cümlədən vətəndaş hüquq və azadlıqları sabit iqtisadi artımın vacib komponentləridir;
9. Avropa Parlamenti Azərbaycan hakimiyyətini QHT-lərin fəaliyyətinə dair qanunvericliyə yenidən baxmağa, Venesiya Komissiyasının bu barədə tövsiyələrini nəzərə almağa, vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinə şərait yaratmağa çağırır;
10. Avropa Parlamenti Azərbaycan hökumətini istər qanunvericilik səviyyəsində, istərsə də praktikada media azadlığına hörmət etməyə, beynəlxalq standartlara uyğun şəkildə ifadə azadlığına şərait yaratmağa çağırır;
11. Noyabrda parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün lazımi atmosferin yaradılması, siyasi plüralizm baxımından yuxarıda qeyd olunan problemlərin təcili həlli vacibdir.
13. Avropa Parlamenti Avropa Ittifaqı ilə Azərbaycan hökuməti, müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında ciddi, qarşılıqlı hörmətə əsaslanan dialoqun vacibliyini vurğulayır; bir daha o mövqeyini təsdiqləyir ki, Avropa Ittifaqının dəstəyi və Azərbaycanla əməkdaşlıq, o cümlədən strateji tərəfdaşlığın modernləşdirilməsinə dair davam edən danışıqlarda həm də insan haqlarının müdafiəsi, xüsusən media, ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları nəzərə alınmalıdır;
14. Avropa Parlamenti qeyd edir ki, Azərbaycanla əməkdaşlıq Paktını Avropa Parlamentinin təsdiqləməsi yuxarıda qeyd olunan problemlərin həlli, o cümlədən hüquq müdafiəçiləri və digər siyasi məhbusların azad edilməsi; QHT-lərin fəaliyyətilə bağlı qanunvericiliyə edilmiş mürtəce dəyişikliklərin ləğvi; QHT-lərə, müstəqil mediaya, müxalifət qüvvələrinə, hüquq müdafiəçilərinə, gənclərə, sosial şəbəkə fəallarına qarşı repressiya və təhdidlərə son qoyulmasından sonra mümkündür;
15. Avropa Parlamenti Avropa Komissiyasını Azərbaycanda bilavasitə insan haqlarının müdafiəsi, vətəndaş cəmiyyətilə bağlı olmayan proqramların maliyyələşdirilməsi məsələsinə yenidən baxmağa və zərurət yaranarsa, maliyyələşməni dayandırmağa; həmçinin Avropa Ittifaqına üzv dövlətləri vətəndaş cəmiyyəti, təhsil, elmi, tələbə mübadiləsi proqramlarını maliyyələşdirməyə çağırır.
16. Avropa Parlamenti Avropa Ittifaqını və üzv dövlətləri Azərbaycandakı müstəqil təşkilatlara güclü siyasi dəstək verməyə, bu ölkədəki repressiyalara son qoyulması üçün məsələni Azərbaycan hökumətilə bütün görüşlərdə, hətta ən yüksək səviyyədə qaldırmağa, siyasi məhbusların azadlığa buraxılmasını tələb etməyə çağırır;
17. Avropa Parlamenti Avropa Ittifaqı Şurasını Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı ünvanlı sanksiyaların mümkünlüyü məsələsinə baxmağa çağırır;
18. Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT-in Bakı ofisinin qapadılmasına dair qərarını ləğv etməyə və bu təşkilatla tam əməkdaşlığa çağırır;
19. Avropa Parlamenti qeyd edir ki, ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun müşahidə missiyasının rəylərinə görə, Azərbaycanda indiyədək keçirilən seçkilər azad və ədalətli olmayıb, standartlara cavab verməyib;
20. Avropa Parlamenti müxalifət partiyalarının liderlərinin həbsxanaya salındığını, media və jurnalistlərin azad, təhlükəsiz fəaliyyəti üçün şərait olmadığını, ölkədə qorxu mühitinin yaradıldığını nəzərə alaraq, noyabrın 1-də azad və ədalətli seçki keçirilməsi üçün atmosfer olmamasından narahatdır;
21. Avropa Parlamenti Avropa Ittifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət Idarəsini Azərbaycandakı seçkini müşahidə etməkdən çəkinməyə çağırır. Çünki ölkə hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır və çox ciddi qüsurları olan seçki ortamının legitimləşdirilməsinə xidmət etməkdən başqa bir şey olmayacaq.