Onların sırasında «Azadlıq» da var
Ötən yazıda Bakının “Sovetski” ərazisindəki tarixi-memarlıq abidələrinin cüzi bir hissəsi haqqında məlumat vermişdik. Lakin bu ərazi təkcə həmin abidələrin rəngarəngliyi ilə yox, həm də vaxtilə burada yaşayıb-yaratmış görkəmli sakinlərilə də diqqət çəkir.
“Sovetski”də Azərbaycan ədəbiyyatının, elminin, incəsənətinin məşhur simalarının evləri yerləşir ki, onlardan bəzilərinin üzərində xatirə lövhələri vurulub, bəziləri muzey kimi fəaliyyət göstərir. Daha hansı evlərdə tanınmış şəxslərin yaşayıb-yaratdığını isə yerli əhalinin bələdçiliyi ilə öyrənmək mümkündür.
Məsələn, Mirzə Fətəli küçəsi 7-ci dalandakı 8 saylı evdə dahi müğənni Şövkət Ələkbərova dünyaya göz açmış və yaşamışdır. Bunu yalnız sakinlərdən öyrənmək olar, çünki həmin ünvanda müvafiq lövhə yerləşdirilməyib. Xalq artisti, sevimli aktyorumuz Ilham Namiq Kamal da həmin evin qonşuluğunda – 9 saylı evdə yaşayıb.
Abdulla Şaiq küçəsi 1-ci dalandakı evlərdən birində isə daha bir gülüş ustası, xalq artisti Eldəniz Zeynalov, həmçinin unudulmaz obrazlar ustası, aktyor Həsənağa Salayev və məşhur xanəndə, xalq artisti Xan Şuşinski yaşamışdır. Sakinlərin sözlərinə görə, bu dalanın bir hissəsi ötən ilin yayından başlayaraq sökülüb və yerində yaxınlıqdakı “göydələn” (“Sapphire plaza” biznes mərkəzi) üçün avtopark salınır. Söküntü işlərinin nə vaxtsa bu evləri də əhatə edəcəyini bildirən sakinlərin fikrincə, hökumət istəsə həmin sənətkarların evlərini muzeyə çevirər və ətrafda kompleks mədəni bir mühit yaradardı. Çünki görkəmli yazıçı Abdulla Şaiqin 1914-1957-ci illərdə yaşayıb-yaratdığı bina da burada yerləşir və yazıçının ev muzeyi kimi fəaliyyət göstərir.
Süleyman Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki evin üzərinə vurulan lövhədən göründüyü kimi, burada isə 1924-1937-ci illərdə görkəmli alim-türkoloq Xalid Səid Xocayev yaşamışdır.
Dahi Cəlil Məmmədquluzadənin ev muzeyi də Süleyman Tağızadə küçəsi 56-da yerləşir. Binaya xatirə lövhəsi də vurulub. Qonşuluqdakı 58 saylı evin üzərinə vurulan xatirə lövhəsində isə burada görkəmli aktyor Süleyman Tağızadənin yaşadığı göstərilib.
Xatirə lövhələri ilə bağlı ziddiyyətli hallara da rast gəlmək olur. Məsələn, Mustafa Sübhi küçəsi 82 saylı binanın üzərindəki lövhədə, burada görkəmli inqilabçı Haşım Əliyevin yaşadığı və “Müsavat əksinqilabçıları” tərəfindən 1919-cü ildə öldürüldüyü yazılır. Təbii ki, bu lövhə sovet dövründə və kiril əlifbası ilə tərtib edilib…
Mirzağa Əliyev küçəsindəki iki memarlıq binası diqqəti uzaqdan belə cəlb edir. Bunlardan 115 saylı binada (1910-cu ildə tikilib) məşhur teatr aktyoru Abbas Mirzə Şərifzadə, 102 saylı binada (1916-cı ildə tikilib) isə görkəmli jurnalist Osman Mirzəyev yaşamışdır. Xatirə lövhəsi isə yalnız birincinin üzərinə vurulub.
“Sovetski” ərazisində daha bir şəhid jurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin evi (Murtuza Muxtarov, 23) yerləşir. Evin üzərinə xatirə lövhəsi də vurulub.
Göründüyü kimi, bu məhəllələr memarlıq abidələrinə görə nə qədər önəmlidirsə, görkəmli şəxsləri – sakinlərilə də çox dəyərlidir. Təəssüf ki, bu məhəllələrə qərəzli münasibət sərgiləyən şəxslər və ya dairələr də var. Lakin “Azərbaycanın heç bir yerində maarifə, elmə, oxumuş adama Bakı məhəllələrində olan qədər dərin nifrət yox idi” kimi ifadələrə baxmayaraq, tarix öz sözünü deyir. Bu məhəllələr təkcə burada boya-başa çatan yox, həm də Azərbaycanın bütün bölgələrindən çıxan görkəmli şəxslər üçün doğma yurd olmuşdur.
Doğrudan da, əgər Bakı məhəllələrində elmə-maarifə dərin nifrət bəslənilirdisə, o zaman “Sovetski” ərazisindəki “cahil bir mühitdə” millətimizin qaymağı olan ziyalılar necə yaşayıb-yaradıblar?! Zəmanəmizin dünya şöhrətli ziyalısı Rüstəm Ibrahimbəyov da bu məhəllələrin yetirməsidir; elə bu yaxınlarda mətbuatda özü bu barədə yazıb: “Mən Bakıda ”Axund” hamamı ilə Kömürçü meydanı arasındakı məhəllədə böyümüşəm, şəxsiyyət kimi orada formalaşmışam”.
“Sovetski”dən çox dahilər gəlib-keçib… 1899-cu ildə Xızıda doğulan Cəfər Cabbarlının ailəsi də 1903-cü ildə bu ərazidəki Dağlı məhəlləsinə köçür; gələcəyin dahi dramaturqu bu məhəllələrdə böyüyür, yetişir… Indi “Sovetski” ərazisində, Ismayıl bəy Qutqaşınlı küçəsi 44-də onun ev muzeyi yerləşir.
Mikayıl Müşfiq isə 1908-ci il iyunun 5-də həmin Dağlı məhəlləsində doğulub. Bu parlaq ədibimiz də şəxsiyyət kimi “Sovetski” məhəllələrində formalaşıb. Ömrünün sonunadək Süleyman Rəhimov küçəsi 108-də yaşadığı binanın üzərindəki xatirə lövhəsi də bunu təsdiqləyir.
Nəhayət, bütün Azərbaycanın fəxri, dahi bəstəkarımız Üzeyir Hacıbəyov! Bu ölməz şəxsiyyət də “Sovetski”də – Şamil Əzizbəyov küçəsi 67-də yaşamış və yaratmışdır. Bura indi Üzeyir bəyin ev muzeyidir. Bu evin qorunub saxlanılmasında məhəllə sakinlərinin də rolu var. “Yeni Müsavat” qəzetinin yazdığına görə, bir neçə il əvvəl muzeyin yaxınlığında çayxana və sauna açılıbmış… Məhz sakinlərin səyi nəticəsində həmin obyektlər qapadılıb, muzeyin ətrafındakı mədəni mühitin qorunması təmin edilib.
Yeri gəlmişkən, Ü.Hacıbəyovun ev muzeyi ilə üzbəüz ünvanda isə “Azadlıq” qəzetinin binası yerləşib. Bəli, Azərbaycanın ilk müstəqil və demokratik qəzeti də “Sovetski”nin sakinlərindən sayılır. “Azadlıq” da həmin məhəllələrdə indiki “analoqsuz inkişaf illərindən” fərqli olaraq cahil hərəkətlərə, təhdidlərə, hücümlara tuş gəlməyib… Düzü, “Azadlıq” qəzetinin ikinci binasından (Xaqani küçəsi 33-dəki bina dağıdılıb və yerində Hesablama Palatası üçün yeni bina tikilib – red.) fərqli olaraq, bu binanın indiyədək niyə uçurulmadığına, “Azadlıq” nişanəsi kimi hakimiyyətin qəzəbinə gəlmədiyinə adam təəccüb edir… Indi burada N.Tusi adına Gimnaziya yerləşir.
Sonda bir mühüm faktı da qeyd edək. Dahi öndər Məhəmməd Əmin Rəsulzadənin ata mülklərindən biri də “Sovetski” məhəllələrində olub. Bu mülk “Nizami” metro stansiyasının yerindəymiş və Rəsulzadə bir müddət bu evdə yaşayıb. Görünür, sovet hakimiyyəti Rəsulzadələrdən xatirə qalmasın deyə, burada metro tikməklə həmin mülkü yox edib. Lakin bu gün isə “Sovetski”ni bütünlüklə söküb tarixin bir izini yox, elə tarixin özünü silmək istəyirlər…
Şövkət Məmməd