Aslan İsmayılov,
Vəkil
Bir neçə il bundan əvvəl futbol üzrə dörd dəfə SSRİ çempionu, 1961-ci ildə isə Avropa çempionu olmuş məşhur futbolçu, SSRİ-nin əməkdar idman ustası Ələkbər Məmmədovun yubileyində iştirak etmək mənə nəsib olmuşdu.
Bu yubileyə bütün keçmiş SSRİ ölkələrinin məşhur futbolçuları gəlmişdilər. Mən gürcü futbolçuları Murtaz Xurtsilava, Aleksandr Çivadze, Revaz Dzodzuaşvili ilə bir masada oturaraq onların Ələkbər Məmmədovun ünvanına söylədikləri heyranedici sözlərinə qulaq asırdım.
Gürcüstanda ona məşhur gürcü futbolçularına olan münasibəti bəsləyirlər. İdman veteranları və sənədli filmlərin canlı kadrları onun Tiflisdəki “Dinamo” stadionunda keçirdiyi möhtəşəm oyunundan danışırdılar. Onun oyununu böyük futbolçu Boris Payçadzenin oyunu ilə müqayisə edirlər – həmin incə futbol “krujevaları”, gözlənilməz və orijinal ötürmələr və qapıya qəddar zərbələr…
Mən qürur hissi ilə yan-yana oturmuş bu iki böyük azərbaycanlıya – Ələkbər Məmmədov və Çapay Sultanova baxırdım. Onların hər ikisi Azərbaycan idmanı üçün böyük işlər görüblər – biri futbol, digəri isə şahmat sahəsində.
Ə.Məmmədov öz nitqində dedi: “Mənim yubileyimə gəlmiş bütün dostlarıma minnətdaram. Lakin istəyirəm həyatımın ən ağır anlarında mənə dayaq olan, yarım əsrlik dostum, professor Çapay Sultanova öz xüsusi təşəkkürümü bildirim”.
Nəyə görə mən indi bunu yadıma salıram? Çünki futbol və şahmat hər zaman sevimli idman növlərim olub. O cümlədən mən o zamanki idmanda olan saflığa da heyran idim. Gənc yaşlarımda növbəti futbol yarışını bitirib Tal, Spasskiy, Fişer, Karpov və digər məşhurların iştirak etdikləri şahmat oyunları barədə xəbərləri oxumaq üçün qəzetlər almağa qaçırdım. Bu idman növlərinə olan sevgini indi də yaşadıram.
Məhz bu hal məni məcbur edir ki, əlimə qələm götürüm və Azərbaycan Şahmat Federasiyasında yaranmış ağır vəziyyəti dilə gətirim.
Azərbaycan Şahmat Federasiyasının sədr müavini Faiq Həsənov Vüqar Həşimovun məzarı yanında bunları dedi: “Vüqar Həşimov uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkib və bundan da vəfat edib”.
Bu, onun V.Həşimov barədə yekun, iyrənc çıxışı idi. Bir müddət öncə isə keçmişdə Bakı Şəhər Partiya Komitəsinin təlimatçısı, hazırda isə Azərbaycan Şahmat Federasiyasının sədr müavini işləyən dostu Mahir Məmmədovla birlikdə onlar bəyan bunu etmişdilər:
“Həşimov ulduz xəstəliyinə tutulub”, “Həşimov komandanı ruhdan salır”, “Həşimov Kasparovun klubu tərəfində çıxış edib”, “Bizdə yetərincə Həşimov kimilər var”, “Azərbaycanın maraqlarını Həşimova etibar etmək olmaz” və s.
2012-ci ilin Avropa çempionatında alman həkimləri əməliyyatdan öncə V.Həşimova oynamağı qadağan etmişdilər. O isə həkimlərə “Mən öz Vətənimə görə oynamalıyam!” demişdi. Fransa ilə yarışda Vüqarın vəziyyəti pisləşmiş və o, xəstəxanaya yerləşdirilmişdi…
Və nəhayət, Gürcüstanda benzin satan Mahir Məmmədov və gübrə üzrə mütəxəssis Faiq Həsənov birinci dərəcəli ulduz Vüqar Həşimova deyiblər ki, o, Azərbaycanın yığma komandasının üzvlüyünə dair tələblərə cavab vermir.
Vüqar Həşimov bu barədə ölümündən bir müddət əvvəl “Azadlıq” radiosundakı çıxışında da bildirmişdi.
Buna inanmaq çətin olsa da belədir – Vüqar Həşimovun dəfn mərasimində Faiq Həsənov müxbirlərə deyirdi ki, Vüqar Həşimovun xatirəsinə beynəlxalq şahmat yarışını keçirmək lazımdır.
Doğrudan da insan riyakarlığı sərhədsizdir!
Vüqar Həşimovun dəfn edilməsi günü F.Həsənov bir dənə də “piar-quşu”nu ortaya atdı. O, müxbirlərə dedi, Harri Kasparov ona bildirib ki, 2016-cı ildə Bakıda keçiriləcək Şahmat olimpiadasında fəxri qonaq qismində iştirak etmək istəyir. Qrossmeyster Aynur Sofiyeva bunu dərhal təkzib etdi.
Sözün qısası, F.Həsənov hər şey edirdi ki, diqqəti V.Həşimovun ölümü ilə bağlı faciədən yayındırsın.
Azərbaycan yığmasına 7 saatlıq gərgin oyundan sonra Avropa çempionu adını qazandırmış Vüqar Həşimovu Azərbaycanın şahmat həyatından kənarlaşdırdılar və o, xaricdə keçirilən turnirlərdə pul qazanmağa məcbur oldu.
Müxtəlif səviyyəli hökumət məmurları durmadan təkrarlayırlar ki, biz itirilmiş əraziləri geri qaytaracayıq. İnanmaq olmur! Əgər öz vətənini fədakarcasına sevən Vüqar Həşimov kimi parlaq şəxsiyyətlər məhv edilirsə, kim bu əraziləri işğaldan azad edəcək?! Axı onlar, Həsənov, Məmmədov və Sideifzadə kimi rəis vəzifələrinə nail olmaq üçün Vüqar Həşimova bənzər şəxsiyyətləri orduda məhv etmişlər.
Çar ordusunda hər bir əsgərin sinəsində dua kitabçası asılardı, orada yazılırdı ki, o, vəfat etsə, ailəsinin qayğısına dövlət qalacaq. Bu gün bizdə isə müharibə veteranları özlərini yandırır…
Bəs Azərbaycanın düşünən beyinləri ilə bağlı nə baş verir? Onlar ölkədən çıxıb gedirlər və gündən-günə sürətlənən beyin axını prosesi gedir. Onlara xarici banklarda hesabı olan və televiziya vasitəsilə “bizim prezident Lissabonun Sammit şəhərində zəfər xartiyasını imzalamışdır” deyəcək düşüncədə olan məmurla ümumi dil tapmaq çətindir.
Bu cür şəxsiyyətlər ölkəni tamamilə məhv edəcəklər! Vüqarı yaxından tanıyan dostları mənə deyib ki, onun xəstəliyi məhz rusiyalı şahmatçı ilə yeddi saat davam edən məşhur və olduqca ağır yekun oyundan sonra şiddətlənmişdi və Vüqar məhz bu oyunda qalib gələrək Azərbaycana Avropa çempionluğunu, özünə isə minnətdarlıq əvəzinə hərtərəfli təqib qazandırmışdı. O, nə baş verdiyini sadəcə başa düşə bilmirdi. Bu isə təəssüflər olsun ki, Azərbaycanda tez-tez baş verən hadisə idi. Çünki yaxın illərdə Azərbaycanda şahmat hərəkatına başçılıq etməyə qadir olan və F.Həsənov, F.Sideifzadə, M.Məmmədovun yerini tutacaq yeni parlaq istedad peyda olmuşdu!
Təkcə Vüqar deyil, o cümlədən onun yaxın ətrafı da təzyiqlərə məruz qalırdı. V.Həşimovun bacısının həyat yoldaşı, qadın yığmasının baş məşqçisi federasiyanın, konkret olaraq F.Həsənovun qərarı ilə tutduğu vəzifəsindən azad edilmişdi. Yeri gəlmişkən, o, Azərbaycanda yeganə şəxsdir ki, “Senior-Trainer” adına layiq görülüb. Onun yerinə Fikrət Sideifzadə təyin olunub, hansı ki, qocalığına görə nəinki şahmat debütlərini, hətta şahmatçı xanımların soyadlarını da səhv salır. Şahmat aləmində bu cür deyirlər.
Hər halda “uğurlar” göz qabağındadır – sonuncu Avropa çempionatında bizim şahmatçı xanımlarımız gürcü və erməni şahmatçılarından geri qaldılar, sonuncular isə bizimkilərdən fərqli olaraq medal uğrunda mübarizə apardılar.
F.Həsənov-F.Sideifzadə tandemi faktiki olaraq şahmatçı xanımların bütöv nəslini məhv edib, hansılar ki, dünya səviyyəsində yüksək yerlərə iddialı idilər. Bu şahmatçılar orta hesabla bütün keçmiş ittifaq respublikalarının komandalarından yaşca cavan olsalar da SSRİ Xalqlarının Spartakiadasının qalibi olmuşdular. Həmin illərdə isə komanda hesabı ilə SSRİ çempionları dünya şahmat olimpiadasının qalibi olurdular.
Beynəlxalq yarışların birində uğurlu çıxışdan sonra beynəlxalq usta İlahə Qədimova “Zerkalo” qəzetinə belə müsahibə verir: “Bu yarışdakı uğurdan sonra mən qadın yığmasının məşqçisi Fikrət Sideifzadəni görüb ona tərəf getdim ki, yarışla bağlı təəssüratlarımla bölüşüm, o isə özünü elə apardı ki, guya nə məni görür, nə də ki, uğurlarımı. Bu cür münasibətdən sonra mən Şahmat Federasiyasından yalnız ziyan görmüşəm. Başa düşə bilmirəm ki, nə baş verir…”
Tanış etirafdır! Azərbaycan çempionu, beynəlxalq usta Firuzə Vəlixanlı bir sıra qəzetlərdə dəfələrlə deyib: “BP şirkəti Azərbaycanın aparıcı şahmatçı xanımlarına kompüterlər hədiyyə edib. Faiq Həsənov mənə verilmiş kompüteri ələ keçirib”.
Bu, birinci ittiham deyildi. Moskva Şahmat Federasiyasının sədri Bebçuk “64” adlı şahmat jurnalında deyirdi: “Faiq Həsənov FİDE prezidentinin seçkilərində öz səsini 1000 ABŞ dollarına satır”. F.Həsənov Bebçuku məhkəməyə verəcəyini bəyan etsə də sonradan fikrini dəyişdi və bunu ermənilərin mülahizələri adlandırdı. F.Həsənova beynəlxalq arbitr adını qazandırmaq uğrunda Kasparovun öz kompaniyası ilə birlikdə mübarizəsi barədə isə “Xural” qəzetində ayrıca məqalə dərc edilmişdi.
Beynəlxalq usta Lalə İsmayılova bacardığı hər yerdə yazırdı ki, F.Həsənov Azərbaycanda şahmat hərəkatını dağıdır. Bu cənablar isə cavabında özlərinin dəhşətli, lakin əngəlsiz çalışan üsullarını işə salırdılar. Bu şahmatçılara qarşı ittihamlar V.Həşimova qarşı irəli sürülmüş ittihamlar kimi cəfəng idi.
İlahə Qədimovanı Azərbaycan Federasiyasının icazəsi olmadan Belarusdan olan müəllimlə məşq etməkdə ittiham etdilər. Bakı Şəhər Partiya Komitəsinin keçmiş katibi Fuad Musayevin gəlini olduğuna görə Firuzə Vəlixanlıya ölkəmizin adından iştirakı etibar etməyin təhlükəli olduğunu bildirdilər. Lalə İsmayılovanı isə federasiyaya böhtan atmaqda ittiham etdilər və s.
Bütün bunlar onunla bitdi ki, bu xanımlar ölkənin şahmat həyatından ayrılıb sonradan müxtəlif səbəblərdən Azərbaycanı tərk etdilər.
Separatçı “Dağlıq Qarabağ Respublikası”nda tanınmış qrossmeysterlərin də dəvət olunduğu beynəlxalq şahmat yarışı keçiriləndə təbii ki, Bakıda hamı Şahmat Federasiyasından açıqlama gözləyirdi. F.Həsənov AzTV-də və bir sıra qəzetlərdə bildirmişdi ki, İlyumjinov qətiyyətlə söz verib ki, yarışın təşkilatçıları və iştirakçıları ciddi şəkildə cəzalandırılacaqlar. Bu da yalan idi və heç kəs cəzalandırılmadı. Bundan əlavə onlardan bir neçəsi, misal üçün, Moskvadan olan baş hakim Anatoliy Bıxovskiy FİDE tərəfindən mükafatlandırıldı.
Bütün bunlar tanınmış kriminalist, mərhum Rövşən Əliyevin mənə danışdığı olayı xatırladır. Bakıdakı 1990-cı il yanvar hadisələri zamanı eyni tarixdə iki fərqli məzmunlu “Krasnaya Zvezda” qəzeti çap edilmişdi: biri sovet qoşunlarının AXC döyüşçüləri ilə vuruşundan bəhs edirdi – SSRİ oxucuları üçün; digəri isə dinc sakinlərə qarşı sovet ordusunun pis rəftarından bəhs edirdi – Azərbaycan oxucuları üçün…
Bu cür manevrlər şübhəli əlaqələri ilə məşhur olan İlyumjinova yaxşı tanışdır. Misal üçün, siyasətçi Qriqoriy Yavlinskiy jurnalist Larisa Yudinanın siyasi qətli ilə bağlı açıq şəkildə İlyumjinovu ittiham etmişdi.
Erməni şahmatçısı Aronyanın tələbi ilə İlyumjinov Azərbaycan şahmatına növbəti əhəmiyyətli zərbə endirir – Bakıda planlaşdırılmış seçmə oyunu bilərəkdən Kazan şəhərinə köçürülür.
Bəs Azərbaycan Şahmat Federasiyası nə edir? Orada iftixar hissi ilə bəyan edirlər ki, biz İlyumjinova səs vermişik və verəcəyik də – axı İlyumjinov federasiyamızın bir neçə üzvünü xatırlayır və onlara bəxşişlər verir.
İlyumjinov növbəti dəfə Bakıya gəlir və dərhal özünün sevimli şahmat-piarına başlayır – ölkə prezidentini şahmat oyununa dəvət edir. Oyunun hakimi olan F.Həsənovla birlikdə həmin görüşün ssenarisi hazırlanır, müxbirlərin iştirakı ilə prezidentlə şahmat oyunu keçirilir.
Artıq həmin gün bir çox saytlarda üç foto peyda olur – İlyumjinov Səddam Hüseyn, Müəmmar Qəzzafi və İlham Əliyevlə şahmat oynayır.
Təbii ki, açıqlama üçün Şahmat Federasiyasına müraciət edilir, orda isə hər zaman olduğu kimi, bunu “ermənilərin fitnəsi” kimi qələmə verirlər. Bu işdə ermənilərin o qədər də günahı yoxdur, onlar sadəcə Azərbaycan Şahmat Federasiyasının xətasından yaxşıca yararlanırlar. Çünki federasiyaya çox yaxşı məlum idi ki, MDB ölkələrinin prezidentləri nəinki İlyumjinovla şahmat oynamır, hətta onu qəbul etmirlər. Kimlər qəbul etsə belə Nazarbayev kimi, bunu gizlincə edirdilər.
F.Həsənov və M.Məmmədov Gürcüstanın şahmat həyatında aktiv iştirak edirlər. Lakin onların oradakı fəaliyyəti Azərbaycandakından fərqli olaraq müsbətdir – orada onlar heç kəsi tənqid etmir, yalnız yaranmış problemləri həll edirlər. Gürcüstan Şahmat Federasiyasını faktiki olaraq maddi cəhətdən təmin edən Mahir Məmmədovun rəhbərlik etdiyi “Socar Energy Georgia” şirkətidir. Misal üçün, Moskvada dərc edilən “64” adlı şahmat jurnalında qeyd edilib ki, Tiflisdə keçirilmiş qadınlar arasında beynəlxalq yarışma F.Həsənovun aktiv iştirakı ilə bütövlükdə “Socar Energy Georgia” şirkəti tərəfindən sponsorluğu sayəsində keçirilib.
Bəlkə də bu pis hal deyil. Sadəcə bu, nəyə görə Azərbaycanın pulları hesabına edilir?!
Bu atalıq qayğısına cavab olaraq onların gürcü dostları Gürcüstanın Azərbaycan məktəblərində şahmatın intensiv inkişaf etdirilməsinə söz veriblər. Halbuki Gürcüstanın bütün yaş və səviyyə üzrə yığma komandalarının tərkibində onlarla erməni olsa da bir nəfər də azərbaycanlı yoxdur!
Soruşa bilərlər: bəs ölkənin şahmat ictimaiyyəti nəyə görə susurdu? Susmurdu. İmzalı, anonim olmayan onlarla məktub Gənclər və İdman Nazirliyinə göndərilib, lakin buna heç bir reaksiya verilməyib!
Sabir Rüstəmxanlıdan sonra Şahmat Federasiyasının prezidenti Aynur Sofiyeva seçilib. Federasiya üzvlərinin seçkiləri vaxtı F.Həsənov təklif olunan yeganə namizəd idi ki, bu seçkilərdən keçə bilmədi – onu dostcasına bloklamışdılar.
A.Sofiyeva yenidən onun xeyrinə səs verməyi təklif edib, lakin nəticə dəyişməyib. Ertəsi gün isə elan edilib ki, F.Həsənov Şahmat Federasiyasının sədr müavini vəzifəsinə “seçilib”. Bu, necə baş verdi? Bunu nə Rüstəmxanlı, nə də ki, Sofiyeva izah edə bilməyiblər. Faktiki olaraq bütün bu müddət ərzində F.Həsənov qeyri-legitim sədr müavini olub.
Bəs Federasiya rəhbərliyi necə?
Necə deyərlər, balıq başdan… Aydındır ki, Şahmat Federasiyasının sədri Elman Rüstəmovun şahmatlıq vaxtı yoxdur. Bu gün artıq onun beynəlxalq problemləri var – Avstriyanın hüquq-mühafizə orqanları Rüstəmovun başçılığı ilə baş vermiş məlum əqd nəticəsində itən 10 milyon avronu axtarır.
Məgər o anlamırdı ki, V.Həşimov böyük istedad idi? Şəhriyar Məmmədyarov onun dəfn mərasimində dedi: “Qorxuram ki, Azərbaycanda hələ 100 il bundan sonra da Vüqar Həşimov kimi şahmatçı olmaya”. Axıra qədər anlamırdı! Bununla belə o, F.Həsənovun köməyinə dərhal gəlirdi (Həsənov isə şahmat sahəsinin deyil, öz problemlərini həll edirdi). Lakin V.Həşimov dəfələrlə təkidlə xahiş etsə də Rüstəmov onu bir dəfə də olsun qəbul etmədi.
Qeyd etmək lazımdır ki, bu cənabların güclü informasiya müdafiəsi var – şahmat mövzusunda bütün hökumət KİV-ləri onlar tərəfindən idarə olunur (misal üçün, “Şahmat klubu” və AzTV F.Həsənovun ruporudur). Onların ünvanına müxalifət mətbuatında tənqidi məqalə çap edilən kimi isə “müxalifətçi” Eldar Namazov dərhal meydana çıxır və həmişəki kimi təkrar edir: “Həsənov, Sideifzadə və İsmayılov şahmata sadiq şəxslərdir”.
Mənə daxil olan dəqiq məlumatlara görə, F.Həsənovun sayəsində ölkənin şahmat həyatından məhrum edilmiş şahmatçı-veteranlardan ibarət bir qrup müvafiq dövlət orqanlarına konkret suallarla ərizə hazırlayır. Ərizədə qeyd olunur:
1. Hansı səbəbdən F.Həsənov bir təşkilatda işləyərək ayrı-ayrı təşkilatlardan dörd mənzil alıb?
2. Nəyə görə F.Həsənov hakim qismində (Azərbaycanın şahmat həyatına heç bir aidiyyəti olmayan) şahmat yarışlarında iştirak üçün aylarla xarici səfərlərdə olur, bu zaman Kənd Təsərrüfatı Nazirliyindən əməkhaqqı alır (qanunvericiliyə görə, o, bunu əməkhaqqı saxlanılmadan və ya məzuniyyət zamanı edə bilər)? F.Həsənov hakimlik qonorarlarına görə vergilərini ödəyirmi?
3. Nəyə görə F.Həsənov Azərbaycan hakimlərinin beynəlxalq hakim adının almasının qarşısını alıb (10 il ərzində bu adı mərhum Fuad Cəfərov uzun sürən əziyyətdən sonra əldə edə bilmişdi), halbuki bu müddət ərzində Gürcüstan və Ermənistandan təqribən 20 nəfər bu adı qazanıb?
4. Hansı xidmətlərinə görə F.Həsənov və F.Sideifzadə prezident təqaüdü alırlar? Şahmat Federasiyasının adından özləri barədə yazdıqları vəsatətdə qeyd olunur ki, Avropa çempionatında əldə edilmiş qələbədə onların böyük xidmətləri var. Bu, böyük bir yalandır! Onların bu qalibiyyətə heç bir aidiyyəti yoxdur. Onlar bu çempionların heç birisinə dərs keçməyib və onların şahmat taleyində heç bir formada iştirak etməyiblər. Bundan əlavə, onlar həmin şahmatçılara ədavətlə yanaşıblar. Bu münasibət yalnız Vüqar Həşimova qarşı olmayıb.
5. Hansı səbəbdən şahmat hakimliyi ilə bağlı xarici səfərlərin 90 faizi F.Həsənovun və onun dostu N.İsmayılovun payına düşür?
6. Hansı səbəbdən F.Həsənov Gürcüstanın Şahmat Federasiyasına belə səylə işləyir və hər dəfə bu təşkilata Azərbaycandan sponsor axtarır? Məgər ölkəmizin şahmat məktəblərinin buna ehtiyacı yoxdur?
Bu və digər çoxsaylı suallara dəqiq cavablar verilməlidir, əks halda Azərbaycan Şahmat Federasiyasının özü Azərbaycanın şahmat ictimaiyyəti qarşısında legitimliyi olmayan təşkilat kimi tanınacaq.
P.S. Yeri gəlmişkən, A.Məmmədovun yubileyini AFFA prezidenti Rövnəq Abdullayev deyil, idmançı veteranlar üçün çoxlu işlər görmüş, Penitensiar Xidmətinin rəis müavini vəzifəsindən bu yaxınlarda azad edilmiş Mahir Musayev təşkil edib.