Vəkil Əsabəli Mustafayev qanunsuz olaraq həbs edilən AXCP Gənclər Komitəsinin üzvü İslam Sahiboğlu ilə görüşməyə müvəffəq olub. Bu barədə o, özünün “facebook” səhifəsində məlumat yayıb:
“Dünən həbs olunmuş və barəsində 30 gün inzibati həbs tədbiri tətbiq olunmuş İslam Sahiboğlu ilə bu gün Binəqədidəki cəzaçəkmə müəssisəsində görüşdüm. Əhval-ruhiyyəsi yüksəkdir, bütün dostlarına salam göndərir. Həbsinin rəsmi versiyası köhnə hamamdakı köhnə tası xatırladır: yaşadığı evdən çıxan kimi küçədə yüksək səslə nalayiq söyüşlər səsləndirmiş, bu hərəkətinin dayandırılması barədə polisin tələbinə tabe olmamışdır. Deyəsən, hökumət indiki və gələcək büdcələrdəki bütün avroları cəbhəçilərə xərcləmək istəyir. Hökumət cəbhəçilərin tutulması üçün qrafik tərtib edib. Son aylar hər cümə günü bir nəfəri tutur. Mən də məcbur olub şənbə günü gedirəm cəzaçəkmə müəssəsinə həbsdə olanla görüşmək üçün. Topladığım məlumatlar əsasında şənbə və bazar günləri apellyasiya şikayəti tərtib edirəm ki, 1-ci gün məhkəməyə təqdim edim. Onsuz da, bu həbslər və Avropa Məhkəməsindəki işlər son 5 ildə bayram və istirahət günlərini vəkilləri istirahətdən məhrum edib”.