Vovan ləqəbi ilə tanınan Rusiya prankeri Vladimir Kuzneçov 2 noyabrda Qırğızıstan prezidenti Almazbek Atambayevin adı ilə zəng edərək Ukrayna prezidenti Pyotr Poroşenko ilə məzələnib.
Vovan telefon danışığını özünün “facebook” səhifəsində və “youtube” kanalında ictimailəşdirib.
15 dəqiqə davam edən danışıqlarda Poroşenko Atambayevdən 15 noyabrda Krımda insan haqlarına riayət olunması ilə bağlı BMT-də təyin olunan səsvermə üçün Ukraynanı dəstəkləməsini və Donbasdakı vəziyyətlə bağlı Rusiyadan Ukrayna ərazilərini geri qaytarmasını tələb etməsini xahiş edib.
2 noyabr tarixində Ukrayna prezidentinin rəsmi internet saytında Poroşenkoyla Atambayev arasında telefon danışığının baş tutması ilə bağlı xəbər yerləşdirilib. Mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, hər iki dövlət başçısı ikitərəfli iqtisadi-ticari məsələləri müzakirə ediblər.
Amma elə həmin gün Qırğızıstanın prezident apparatının rəhbərinin müavini Sapar İsakov TASS agentliyinə bəyan etdi ki, Ukrayna və Qırğızıstan prezidentləri arasında heç bir telefon danışığı baş tutmayıb. Ertəsi gün telefon danışığı ilə bağlı xəbər Ukrayna prezidentinin rəsmi internet səhifəsindən silindi.