Və ya hökumətlə xalqın oxşar anti-böhran tədbirləri
Son zamanlar böhranla paralel şəkildə addımlamağa çalışırıq. Hələ ki, taqətimiz (evdəki yastıq-bank) buna əl verir. Amma böhran insafsızdır. Addımlarını yavaşlatmaq haqqında düşünmür.
Uzun uzadı böhranın səbəblərindən yazmaq olar. Ki, bu barədə dəfələrlə yazılıb. Bәs böhranla bağlı ümumiyyətlə tədbirlər görülürmü? Bəllidir ki, heç bir qabaqlayıcı, yüngülləşdirici tədbir görülmür. Açıq şəkildə böhranla baş-başa buraxılmışıq.
Məlumdur ki, işsizlik, ixtisarlar hər sahədə davam edir. Baxmayın ki, bütün günü məmurlar inkişaf nağılları danışır az qala özləri də bu nağıllara inanırlar. Manatın günü-gündən etibarsızlaşıb dəyərdən düşməsinin gətirdiyi bahalaşmanın özü bir çöp belə istehsal etməyən ölkə üçün fəlakətdir. Bankların bir-biri ilə rəqabətə girərcəsinə ard-arda bağlanması, 600-dən artıq iş adamının ölkədən çıxışına qadağa qoyulması yəqin ki, böhranın deyil, “analoqsuz inkişaf”ın göstəricisidir.
Son zamanlar rastlaşdığım, elə sizin də rastlaşdığınız bəzi hadisələr bizim “böhranda insanlar işsiz-gücsüz necə yaşayır” sualına cavab tapmağa kömək edir. Nəzər yetirsəniz, alış-veriş zamanı, gündəlik məişət istifadəsində xırda pul böhranı yaşanır. Hətta bəzən qarşı tərəf dilə gəlib deyir ki, nə olub, neçə gündür hamı böyük pul verir. Bu adi və təsadüfi məsələ deyil. Bu iri məbləğli pullar (daha çox 100-50 manatlıqlar) insanların evdəki ehtiyyat pullarıdır. İnsanlarımız dar günü, uşaqlarının xeyir işi və ya digər bu kimi hallar üçün hər zaman tədarük görür. Həmin dar gün üçün yığılan pullardan istifadə bu gün hələ indi başlayan böhranda insanları qismən də olsa, ayaqda tutmağa kömək edir. Amma bu müvəqqəti haldır və sizi yanıltmasın.
İnsanların həyatında yaşanan böhran demək olar ki, hökumətlə paralel gedir. İxtisarlarla hələ ki, yola verə bilirik. Hökumıt iş yerlərində ixtisar edir, biz də aldığımız məhsullarda. İnsanların ehtiyyat büdcəsi də daimi deyil axı. Üzərinə pul gəlmir. İşsiz-gücsüz hamı oturub evdə. Bəs o pullar bitəndə necə olacaq vəziyyət?
Ölkəni hansı fəlakətlərin gözlədiyini düşünmək çoxmu çətindir? Venesuelada böhranın hansı səviyyəyə çatdığından, verdiyi nəticələrdən niyə ibrət götürmürük? İnsanların mağazalara, orada bir şey tapmayanda da Kolumbiyaya hücum çəkdiyi çoxmu uzaq tarixdir? Nəzərinizə çatdırım ki, Venesuela neft ehtiyatına görə dünya lideridir. Venesuelanın neft ehtiyatı 297 milyard barrel, Azərbaycanın neft ehtiyyatı isə 7 milyard barreldir. O da dəqiqdir ki, daha neftin qiyməti əvvəlki vəziyətə qayıtmayacaq.
Hökumət ən başından bu ölkəni, xalqı düşünmədi. Düşünsəydi ölkənin qızıl dövrü əldən çıxmazdı. Neftdən gələn gəlirləri öz ailə biznesləri üçün mənimsəməzdilər.
Ölkə iqtisadiyyatını neftdən asılı hala salanlarla məsələ aydındır. Bəs biz xalq olaraq nə düşünürük? Bu gün böhranın ilk anlarındaca dar gün üçün tədarük gördüyümüz pullara ümid bağlamağımız bizi düşündürürmü ki, bu pul qısa zamanda bizi ayaqda saxlasa, böyük işdir?
Hamımız yaxşı bilirik ki, böhran hər gün daha da dərinləşərək soyuq külək kimi iliyimizə qədər işləyəcək. Bunu bilib səssiz qalmaq elə böhranın qarşısını almaq üçün heç bir addım atmayan hökumət kimi davranmaq deyil? Fərq bilirsiniz nədir? Fərq odur ki, onlar bizim taleyimizə, biz isə özümüzün, övladlarımızın taleyinə biganə yanaşırıq.