Bu dəfə də xalqın haqqını Avropa Olimpiya Festivalına xərcləmək istəyirlər
Sosial-iqtisadi vəziyyət nə qədər pisləşsə də, vətəndaşın həyat şəraiti nə qədər ağırlaşsa da hökumət qətiyyən narahat deyil. Hökumətimiz bu ağır vaxtlarda da vətəndaşın boğazından kəsib, mənasız layihələrə milyonlar xərcləməyə hazırdı.
“Azərbaycan 2019-cu ildə keçiriləcək Avropa Olimpiya Festivalına ev sahibliyi edə bilər”. Bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Məsələ burasındadır ki, Belarusiya 2019- cu ildə Avropa Olimpiya Festivalına ev sahibliyi edəcəyi üçün, ikinci Avropa Oyunlarına ev sahibliyi etməkdə tərəddüd keçirir. Amma Azərbaycan hökuməti sinəsini qabağa verərək deyib ki, siz ikinci Avropa Oyunlarına ev sahibliyi edin, lazım gəlsə biz Avropa Olimpiya Festivalının yükünü çəkərik.
Azərbaycan tərəfinin bu təklifi Belarusiya prezidentinə çatdırılıb və Lukoşenko ölkəsinin ikinci Avropa Oyunlarını qəbul etdiyini bildirib.
Göründüyü kimi ölkə vətəndaşının aclıqla, işsizliklə sınağa çəkildiyi bir vaxtda, hakimiyyət mənasız bir yarışmaya yenidən könül vermək istəyir. Şəhid ailələrinin sığorta pulunu verməyə canları çıxır, 2.5 milyon vətəndaşın kredit bataqlığında çırpınmasına tamaşa edirlər, xarici borc yükünü artırırlar, səhiyyə xərclərini azaldırlar və bütün bunlardan sonra heç kimin sahib çıxmadığı daha bir yarışmaya ev sahibliyi etmək istəyirlər.
Əslində Azərbaycan tərəfinin belə bir təkliflə çıxış etməsi ictimai rəyə tüpürmək, vətəndaşı təhqir etməkdi. Açıq şəkildə “yada atarıq, xalqa vermərik” deyirlər. Büdcəni doldurmaq üçün hər gün cərimələri sərtləşdirirlər, qiymətlər sürətlə qalxır, qənaət rejiminə keçdiklərini bildirirlər və utanmadan da Olimpiya Festivalı keçirmək təklifi verirlər.
Tam əminliklə demək olar ki, bu hökumətin xalqa etdiyini yağı düşmən edə bilməzdi. Avropa oyunlarından sonra büdcəni beli qırıldı, ardınca Formula-1 yarışı keçirildi, daha sonra futbol çempionatına sponsorluq etdilər, bundan sonra Bolqarıstanda xarabalıqları abad etməyə başladılar və indi də daha bir xərcə girmək istəyirlər.
Sanki, vətəndaşa acıq verirlər. Nümayişkaranə şəkildə bildirirlər ki, vətəndaşın intihar həddinə çatması, tələbələrin təhsil haqqına görə Universitetlərdən qovulması, iş yerlərinin sürətlə qapanması bizi maraqlandırmır.
Xaricdə təhsil proqramını “pulumuz yoxdur” arqumentini əsas gətirərək ləğv edilrər, o biri tərəfdən Belarusiyanın imtina etdiyi yarışmaya milyonlar xərcləməyə hazır olduqlarını bildirirlər.
Zərrə qədər dövlət və xalq mənafeyini düşünən hökumət bu addımı ata bilərmi? Xalqı o qədər sadəlövh, müqavimətsiz, qürursuz hesab edirlər ki, xalqın rifahını asanlıqla ayaq altına ata bilirlər.
Almaniya ölkəyə gələn miqrantlar üçün büdcədən 19 milyard pul ayırır, Azərbaycan hökuməti isə xalqın boğazından kəsib dünyaya paylayır. Ölkə əhalisinin böyük əksəriyyəti normal qidalana bilmir, bütün hesabatlarda Azərbaycanın adı “qara siyahı”ya düşüb, gələn il Ermənistanda iqtisadi artım Azərbaycandan çox proqnozlaşdırılır, bank sektoru sıradan çıxıb. Hökumət bu dəhşətli tendensiyanı dayandırmaq əvəzinə, real islahatlar aparmaq əvəzinə özünü dünyaya səxavətli göstərmək istəyir. Bir tərəfdən dünyaya səpələnib pul dilənirlər, o biri tərəfdən büdcdə qalan son qəpik-quruşu da talan etməyə hazırlaşırlar.
Avropa demokratiyasından, Avropa təhsilindən, Avropa səhiyyəsindən, Avropa seçki sistemindən qaçıb, Avropa Festivalına elçi düşüblər. Başa düşmürlər ki, belə Festivallara milyonlar xərcləmək hökuməti müasir, demokratik, legitim göstərə bilməz. 2016-cı ilin sonu yaxınlaşıb, YAP hökuməti isə hələ də imitasiya ilə məşğuldu.
Azərbaycanın Avropa Olimpiya Festivalına ev sahibliyi etmək istəyi ölkə vətəndaşına ciddi siqnal olmalıdır. Vətəndaşlar bilməlidir ki, bu hökumətin düşüncəsində xalq anlayışı yoxdur. Vətəndaşlar əmin olmalıdır ki, bu hökumət heç vaxt vəziyyəti düzəltmək üçün addım atmayacaq. Əksinə, vəziyyət pisləşdikcə vətəndaşı daha çox əzəcəklər. Ona görə də xalq haqqını tələb etməli, taleyi ilə oynayanlara özünü göstərməlidir. Büdcəsi yüz milyonlarla ölçülən ölkələr belə yarışmalardan imtina edir, 10 milyard büdcəsi olan Azərbaycanın hökuməti isə “şot” verməklə məşğuldu.
Samir