Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bərdədə şikayət yağışına tutulub. Bu barədə azadliq.info-ya rayondakı mənbələr məlumat verib.
Məlumatda deyilir ki, oktyabrın 27-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış məhəlləsində yaradılan şəraitlə tanış olarkən yüzlərlər məcburi köçkün problemlərilə bağlı avropalı qonağa şikayət etmək istəyib. Lakin buna imkan verilməyib.
Nəticədə Əli Həsənov özü məcburi köçkünlərin şikayətlərini dinləmək məcburiyyətində qalıb. Şikayətlər isə əsasən içməli su qıtlığı ilə bağlı olub. Əli Həsənov isə indiyə qədər yaşayış massivində içməli su problemi yaşanmasından xəbərsiz olduğunu deyib. Məlumatda bildirilir ki, şifahi şikayətlərlə yanaşı Əli Həsənova 300-ə yaxın yazılı şikayət təqdim olunub.