Doğrudan da çox təzadlı məmləkətdə yaşayırıq. Hər gün nə isə bir yeniliklə qarşılaşırıq. Özü də bu yenilik heç də yaxşı olmur. Bu günə qədər pul ya vəzifə qazanmaq məqsədilə hakimiyyətə yarınmaq üçün misli görünməyən, ağla gəlməyən yaltaqlıqlar gördük. Bu günlərdə isə yaltaqlığın yeni növünü gördüm. Prokuror olmayan cinayətə görə 9 il istədiyi gənc fəal Qiyas İbrahimova “özəl nailiyyətləri” ilə tanınmış hakim Ənvər Seyidov 10 il verdi. Bunu Ənvər Seyidov əsla ona görə etmədi ki, qanunu çox sevir, əksinə, qanunu onu qədər asanlıqla tapdalayan az hakim tapılar. Bu addımı ona görə də atmayıb ki, Azərbaycan Dövlətinə 10 il başçılıq etmiş, kimlərinsə münasibətindən asılı olmayaraq tarixdə qalacaq Heydər Əliyevin heykəlinin daşına hörmətsizlik edib. Əgər belə olsaydı Azərbaycan Demokratik Respublikasının qurucusunun başına torba keçirmiş, bu gün icra başçısı kimi vəzifədə olan, buna haqq qazandıraraq Milli Məclisdə oturan barədə tədbir görərdi demirəm, heç olmasa cıqqırını çıxarardı. O, bu addımı ona görə atdı ki, göstərsin, baş vermiş hadisəyə prokurordan da çox “üzülüb”…
Ənvər Seyidov mən bildiyim ən azı Ayaz Mütəllibov, AXC və indiki hakimiyyətlər dövrü ən “xod gedən” hakim olub. Bütün hakimiyyətlərə də yarınmaq üçün müxalif mövqedə olanlara qarşı həmişə amansızlığı ilə fərqlənib. Sadaladığım hakimiyyətlərin də hamısının bir birinə qarşı münasibətini bildiyimdən, əminəm ki, bu günkü hakimiyyət dəyişəcəyi təqdirdə, Allah imkan versə Ə.Seyidov bu gün hakimiyyətdə olanlarla da çox qəddar davranacaq. Sadəcə bir şeyi başa düşə bilmirəm. A.Mütəllibov və AXC hakimiyyəti dövrü Ə.Seyidovun könlündən Ali Məhkəmənin sədri vəzifəsi keçirdi. Onun bu həvəsi barədə “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimov bir vaxtlar geniş araşdırma da aparmışdı. Görəsən o iştah hələ də qalmaqdadırmı?! Bu yazının əsas mahiyyətinə gəldikdə isə yeni bir fikir söyləməyəcəm. Sadəcə, “NİDA”çı Zaur Qurbanlı tutulanda 2 aprel 2013-cü ildə “Azadlıq” qəzetində yazdığım firkirləri olduğu kimi təkrarlayıram: Görəsən, doğrudanmı bu hakimiyyətdə bir nəfər də olsa ağlı başında olan yoxdur ki, baş bilənlərə izah etsin, gəncləri tutmaqla hakimiyyəti saxlamaq olmaz. Olsa-olsa bu addım ancaq bu günə qədər bu hakimiyyətə loyal yanaşanlarda da nifrət hissi aşılayacaq. Hər bir gəncin həbsi şəxsən özümü mitinq iştirakçısı olmağa səsləyir.
P.S. Hüsnü Mübarək 30 il hakimiyyətdə oldu. Onu devirən qüvvə isə əsasən 30 yaşdan aşağı olan gənclər idi. Özü yetişdirdiyi nəsil elə özünü yola saldı. Gəncləri dinləmək lazımdır, həbs eləmək yox!