Zaman dediyin ona qarşı həmişə amansız olub, amma bu qədərini heç vaxt hiss eləməyib elə bil… 70 yaş! Əslində, sən deyən çox deyil. Qürbətdə doğulub yaşamağın, üç yaşında anasız qalmağın, Azərbaycan həsrətiylə vətənə üz tutub illərlə zirzəmidə, yataqxanada, emalatxanada qalmağın, hətta pilləkənlərdə gecələməyin, doğma bildiklərinin arasında belə tənhalığın iztirabları bəlkə də yüz illərin yaşıdıdı… Bu yüz illik ağrıları heç vaxt heç kəsin yanında dilinə gətirməyi qüruruna sığışdırmayıb. Dərdini gizli çəkməyi, dost-düşmən içində məğrurluğunu qoruyub saxlamağı bacarıb. Atası Azər bəy kimi dərs deyib, repressiya olunmuşları bir yerə yığıb zamanın vurduğu yaralara məlhəm olmağa çalışıb. Öz yaddaşında sürgün həyatının bütün ağrıları dünən yaşanmış qədər oyaq olsa da… Yalnızlıq güc gələndə tənha ağacları, dağılan quş yuvalarını, kimsəsiz sahilləri, dağları çəkib. Amma onun çəkdiyini dağlar da çəkə bilməzdi… O isə taleyin, zamanın, zamana qul olanların fövqündə dayanıb, yaşayıb, məzarı belə vətənə həsrət qalan doğmalarını yaşadıb.
Təkcə yaz ağzı çiçəkləyən yasəmənləri çəkib, ömür boyu həsrətində olduqlarını bu mövsüm çiçəklərindən başqa kimə anlada bilərdi ki?.. Azərbaycanın hər qarışını, hər kəndini, kəsəyini bir rəngin min çalarıyla oxşayıb-əzizləyib. Bir bahar tablosu yaradıb ki, yaz geciksə, çəmənlərə sər, yaz gəldi deyib yer-göy çiçəkləsin, ağaclar tumurcuqlasın. …Arif olan tamaşaçı bilir ki, bu, təkcə adi təbiət mənzərələri deyil. Bu, həm də “Azərbaycanı çəksəm, Günəş rəngində çəkərəm” deyən rəssamın arzularıdı. Bu arzular Azərbaycan həsrətiylə dünyadan köçən atası Azər bəylə, bütün doğmaları, əzizləriylə birgə qürbətə yoldaş olan babası Məhəmməd Əmin bəylə yaşıddı…
O, illər öncəsi bu arzuları gerçəkləşdirməkçün uzaq Karakandadan Bakıya gəlmişdi. Bir vaxtlar şəhərin neçə yerində evləri olsa belə, indi açmağa bir qapısı olmadığını bilə-bilə əsgərlikdən birbaşa məhz Bakıya qayıtmışdı. Cəsarəti, inadı, sevgisi qibtə ediləcək qədər böyükdü. Gözlərində gecələyən kədəri qədər böyük…
Mən onunla illər öncəsi İçəri Şəhərdə sərgi salonlarının birində ilk görüşümüzü xatırlayıram. Yaddaşımda neçə kitaba sığıacaq qədər xatirələr. İndi zamanın necə keçdiyinin bəlkə heç vaxt olmadığı qədər fərqinə varıb bir gün o xatirələri yazacağımı da düşünürəm… Bu illər ərzində Rəsulzadələr haqqında yazdığım kitablar, Azərbaycan Radiosunda hazırladığım verilişlər dərya sevgimin bir damlası kimidi…
İndi 70 yaşın astanasında yeni bir sərgi ərəfəsindəyik. Emalatxanada dönə-dönə baxıb, hər dəfə də heyrətləndiyim əsərləri sərgi salonunda görəcəyim günü gözləyirəm…
Yubiley yazısı olduğundan saysız-hesabsız şəkillərimiz arasından ən xoşbəxt günümüzün şəklini axtarıram, tapa bilmirəm amma. Çünki ən xoşbəxt şəklimiz Böyük Öndər Məhəmməd Əmin Rəsulzadənin Bakıda ev muzeyi açılanda, heykəli ucalanda, bir də babasının vətənə əbədi qayıdışında çəkiləcək. O günün həsrətiylə bugünün sevinicini sizinlə bölüşənsə mən idim – Rais bəyi təkcə Rəsulzadənin yadigarı kimi deyil, həm də ruhunun, duyğularının tərcümanı olan əsərlərin müəllifi, uzun illərin dostu və doğması kimi sevən
Nəcibə Bağırzadə