Vahid Məhərrəmov: “Bəzi oliqarxlar imkansız kəndlilərdən torpağı alıb, öz sahələrini genişləndirmək istəyir”
Azərbaycan neft dönəmindən post-neft dönəminə geri qayıdır. Sovet hökumətinin vaxtında Azərbaycan kənd təsərrüfatında pamıbıqçılıq və baramaçılıq əsas sahələrdən olub. Yenidən hökumətin bu sahələrə üstünlük verməsinə baxmayaraq, pambıq yığımının oktyabra qalması hələ kifayət qədər çatışmamazlıqlar olduğunu göstərir. Ümumiyyətlə, bu sahələrə yenidən qayıtmaq nə dərəcədə perspektivlidir? Bu və digər suallara cavab almaq üçün İqtisadi Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı üzrə eksperti Vahid Məhərrəmovla söhbətləşdik.
– Ölkədə kifayət qədər işçi qüvvəsi olduğu halda, müəllim və həkimlərin pambıq yığımına cəlb edilməsi nə dərəcədə doğrudur?
– Bu yaxşı hal deyil. Müəllim tədrislə məşğul olub, şagirdləri yetişdirib, bilik verməlidir. Şagirdlər də normal biliyə sahib olmalıdr ki, gələcəkdə ölkəni inkişaf etdirə bilsinlər. Bizim kənd yerində yaşayan əhali təxminən 49 fazidir. Bu gün əksər Aran rayonlarında məktəblərin bağlanması, müəllim və şagirdlərin bu işə cəlb edilməsi o deməkdir ki, artıq həmin rayonlarda yenə Sovet dövründə olduğu kimi, bizim yeniyetmə uşaqlar normal təhsil ala bilməyəcklər. Yeniyetmələr proqram çərçivəsində təhsil ala bilmədikləri halda, gələcəkdə onların elmə yiyələnməsi də mümkün olmayacaq. Yaxşı olar ki, onlar Azərbaycanda və ya xaricdə kənd təsərrüfatı institutlarında yaxşı təhsil alıb, kənd təsərrüfatının inkişafı ilə məşğul olsunlar. Indi elə kombaynlar var ki, sahəyə girərkən pambığı elə yığır ki, artıq onu mahlıc halına çevirir. O pambığı emala yönəltmək yox, birbaşa dünya bazarına çıxartmaq və yaxud da ondan məhsul əldə etmək mümkündür. Biz bu haqda düşünməliyik, nəinki insanları qul kimi işlətmək. Bundan da kimsə bəhrələnəcək. İstehsal ilə məşğul olanlar öz gücünə, potensialına uyğun iş görmürsə, bu onun problemidir. Niyə məktəb bağlanmalıdır?! Niyə məktəbin müəllimləri hansısa fermerin təsərrüfatında pambıq yığımalıdr?! Aydın məsələdir ki, bu işin arxasında oliqarxlar, dövlət məmurları durur. Onlar bu sahədən yaxşı gəlir əldə etmək üçün bu kampaniyanı təşkil ediblər. Kəndlilərdən 50 qəpiyə, yəni 30 sentə alınan pambıq bu gün dünya bazarında 1 dollar 55 sentə təklif olunur. Görün, nə qədər fərq var. Halbuki Türkiyədə, İranda emal ilə məşğul olanlar fermerdən , kəndlidən xam pambığı 90 sentə alırlar. Azərbaycandan 3 dəfə baha İranda, Türkiyədə pambıq təklif olunur. Bunlar 10 qəpik də subsidiya verir. Bütün hallarda pambığın hər 1 kq-dan 1 dollardan artıq vəsaiti oliqarxlar əldə edəcək.
– Deyə bilərsiniz, burada konkret hansı oliqar-məmurlar maraqlıdır?
– Həmin oliqarxlar Nazirlər Kabinetində və yaxud da nazir kürsüsündə əllərini ağdan-qaraya vurmadan oturublar. Onların yaxınları emal müəssisələrində tədarüklə və ixracla məşğuldurlar. Oliqarxlar bu sahəni idarə etdiyi üçün bu gün sahəyə büdcə təşkilatlarının nümayəndələri cəlb olunub, pambıq yığırlar. Onlar bu sahədən tərtəmiz gəlir əldə edəcəklər və bu milyonlarla vəsaitdir. Bu gün müəllimlərin bu işə cəlb olunması bununla bağlıdır. Bu, həm qanunaziddir, həm də hesab edirəm ki, ədalətsizlikdir. Müəllim gənclərin tərbiyəsi ilə, həkimlər xəstələrin müalicəsi ilə məşğul olmalıdır. Pambıq istehsalı ilə məşğul olan da onun yığımı ilə məşğul olmalıdır.
– Dövlət Gömrük Komitəsi 2017-ci il üçün dövlət büdcəsinə 390 milyon manat artıq (2016-cı il 1 milyard 810 miyon manat, 2017-ci il üçün 2 milyard 200 milyon manat proqnozlaşdırılıb) rüsum ödəməlidr. Sizcə, rüsumun bu qədər artırılması həm gömrük siyasətində, həm əhalinin durumunda hansı problemlərə yol aça bilər?
– Mən bunların statistkasına baxmışam. Gömrük Komitəsi Sovet dövründə olduğu kimi, öhdəliklərə artıqlamsı ilə əməl edir. Görünür, bu sahədə hökümət hələ normal sistem qura bilməyib. Necə öhdəlik vermək olar? Ölkəyə idxal olunan məhsula müəyyən olunmuş rüsum tətbiq olunmalıdr və belə olan halda hansı əlavə yükdən söhbət gedə bilər? Düşünürəm ki, bu düzgün deyil. Bunlar çalışır ki, dövlət büdcəsinə daha çox vəsait cəlb etsinlər. Ancaq bunu istehlakçıların hesabına edirlər. Bu gün ölkəyə idxal olunan məhsula rüsum artırılırsa, bu o deməkdir ki, ökəyə gətirilən məhsul baha satılacaq. Baxın, idxal olunan məhsulların qiyməti kifayət qədər qalxıb. Yalnız çörəyin qiymətində ən aşağı artım 25-30 fazidir. Digər məhsulların qiyməti isə iki dəfə artıb. Hələ ilin əvvəlində yüksək faizlə rüsum tətbiq etdilər. Guya, inhisarçılığı aradan qaldırmaq məqsədilə idxal mallarının rüsümunu artırdılar. Bu da ölkəyə gələn məhsulun qiymətinə ciddi təsir etdi. Onsuz da Azərbaycan manatı dəyərdən düşmüşdü. İdxal məhsulları dollar ilə alındığı üçün məhsulların qiyməti artmışdı. Digər tərəfdən, bunlar süni manelər yaradırlar. Guya ki, bunu daxili istehsalı artırmaq və idxalın qarşısını almaq məqsədilə edirlər. Hər hansı idxal rüsumunu artımaq o demək deyil ki, daxildə o məhsulun istehsalı artacaq. Yumurta ilə bağlı misal deyə bilərəm. Hətta yumurtlayan toyuq da xaricdən gətirilir. Onlar 180 qramlıq olanda xaricdən gəlir, bizdə yemlənir, sonra həmin toyuqlardan yumurta əldə olunur. O toyuqların yemi də, dərman preparatları da xaricdən gətirilir. Bütün avadanlıqlar xaricdən gətirilir. Belə olan halda, daxili istehsalı necə artırmaq olar? Azərbaycan genetik material istehsal edə bilmir. Azərbaycan yumurtlayan toyuğu özü istehsal edə bilmirsə, problem bizm sahəyə primitiv yanaşmamızdadır. Biz istəyirk hər şeylə məşğul olaq, ancaq heç bir işlə ciddi məşğul ola bilmirik. Problem bizim hakimiyyətdədir. Bunlar yumurtanı görür, elə bilirlər ki, Ukraynada da, Azərbaycanda da istehsal olan yumurta eyni qiymətə olmalıdır. Daxili istehsal artmaycaq .Çünki daxili istehsal ilə ciddi məşğul olmurlar. Bunların tətbiq etdiyi rüsum istehsal vasitələrinin və ərzaq mallarının bahalaşmasına gətirib çıxarır. Bu da istehlakçıların hesabına başa gəlir. Bunlar başlarını işə salmırlar. Primitiv yanaşma ilə, çalışırlar ki, büdcəyə daha çox vəsait toplasınlar və birtəhər vaxtlarını keçirsinlər.
– Fermerlərə ayrılan subsidiyalar və kreditlərin verilməsində şəffaflıq hansı vəziyyətdədir?
– Bəzi subsidiyalar var ki, o subsidiyalar kimin cibinə gedir, heç kim bilmir. Guya, Azərbaycanda toxumçuluqla məşğul olan şirkətlər var. Ancaq Azərbaycan heç bir sahə üzrə normal keyfiyyətli toxum istehsal etmir. Onlara büdcədən çoxlu həcmdə maliyyə resursu ayrılır. Bu da qeyri-şəffafdır. Ümumiyyətlə, bu il kəndlilərə subsidiya nəzərdə tutulmağına baxmayaraq, hələ də verilməyib. Kəndlilər mənimlə əlaqə saxlayıb, bunun səbəbini öyrənmək istəyirlər. Ancaq mən onlara cavab verməkdə çətinlik çəkirəm. Ona görə ki, hökumət bunu nəiləsə əsaslandırmır, “gözləyin” deyir. Digər ölkələr ilə müqayisədə Azərbaycanda kredit resursları çox bahadır. Azərbaycan hökümətinin öznün verdiyi məlumata görə, orta illik kredit faizi 28 faizdir. Söhbət kənd təsərrüfatına ayrılan resurslardan gedir. Bu, qonşu Gürcüstanda 14, Ermənistanda isə 14, 5 faizdir. Subsidiyaların baha olması imkan vermir ki, kənd təsərrüfatı inkişaf etsin. Həm də Azərbaycanda kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. Belə olan halda, fermerlər krediti kənd təsərrüfatı adı ilə alıb, ticarətdə istifadə edirlər. Əslində, bu o deməkdir ki, kənd təsərrüfatına kredit ayırmırlar. Bu, 6 faizdən yuxarı olmamalıdır. Çox az həcmdə aşağı faizlə kredit resursları ayırırlar ki, o da məmurlara mənsub olan biznes sahələrinə, yaxud məmurların yaxın qohumlarına çatır. Məmurların bir zəngi ilə bu işi həyata keçirilir. Geniş mənada Azərbaycanda kənd təsərrüfatına kreditin verilməsi həyata keçirilmir. Fermerlər, kəndlilər uzun müddətdir ki, şikayət etsələr də onlar kredit ala bilmirlər.
– Sizcə, kənd təsərrüfatının inkişaf etməməsində monopoliya faktoru varmı?
– Əlbəttə, yaranan holdinqlərin geniş torpaq sahələri var. Elə holdinq var ki, yalnız 30 min hektar əkin sahəsi var. Bunlar getdikcə genişlənir. Artıq referendumdan sonra, mənə zənglər gəlir ki, bir çox rayon və kəndlərdə kəndlilərin torpadan səmərəli istifadə etmədiyini səbəb gətirərək, torpaqlarını təhvil verməsini tələb edirlər. Biz belə halın olacağını gözləyirdik. Bunların məqsədi odur ki, bu torpaqları müəyyən adamların ətrafında cəmləşdirsinlər və özləri istehsal ilə məşğul olsunlar. Özləri istehsalı etdiyi məhsulu bazara təklif etsinlər. Belə olan halda, biz görəcəyik ki, bunlar bazarda qiyməti diktə edir. Bu monstrlar idxalı da nəzarətdə saxlamağı bacarırlar. İstehsalı da öz əllərinə aldıqdan sonra, artıq Azərbaycan bazarı onların monopoliyasınada olacaq, Azərbaycan istehlakçılarının hesabına bunlar varlanacaq.
Digər tərəfdən, bunlar büdcədən cürbəcür yollar ilə böyük həcmdə maliyyə resursu əldə edirlər. Bunların yaxın zamanlarda o imkansız kəndlilərdən torpağı alıb, öz sahələrini genişləndirmək imkanı daha böyükdür. Biz bunun şahidi olacağıq. Bu da ölkədə rəqabət qabiliyyətli məhsulun qarşısını alacaq. Ona görə ki, bunlar öz aralarında sövdələşə bilirlər. Yəni kartel sövdələşməsi baş verəcək. Ölkədə “ Meyvəli” topdansatış bazarının tək olması imkan verir ki, bunlar istehsal etdiyi məhsulu həmin topdansatış mərkəzi ilə pərakəndə satış obyektlərinə yaysınlar. Bütün bunların hamısı bir əldən idarə olunacaq. Bu da bizim ixrac qabiliyyətimizi zəiflədəcək.
– 2020-ci ildən başalayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektoundan gələn gəlirlər hesabına ödənilməsi hədəflənib. Sizcə, bu tendensiya yaxın illər üçün özünü doğrulda bilərmi?
– Azərbyacanda hələ kənd təsərrüfatı məhsulunun istehsalı və bu sahə ilə məşğul olanlar sistemli bir qaydada deyi. Burada pərakəndəlik, dağınıqlıq var. Çoxlu sayda kəndlilər var ki, fəaliyyətlə məşğuldur, amma bunlar qeydə alınmayıb. Belə bir halda, qeyri-neft sektorundan, xüsusilə kənd təsərrüfatından bunu gözləmək doğru olmaz. Ümumiyyətlə, kənd təsərrüfatı istehsalçıları vergi ödəyicisi deyillər. Hətta o böyük holdinqlər də dövlət büdcəsindən maliyyə əldə edə bilməsələr, çökəcəklər. Ona görə ki, orada sistem elə qurulub ki, onların xərci kifayət qədər çoxdur. Özü də aldıqları texnika və avadanlıqlar bahadır. Bunlar böyük olduqları üçün çətinliklərlə üzləşirlər, xərci qarşılaya bilmirlər. Düzdür, gəlirlidir, ancaq bunlar daha çox dövlət büdcəsi hesabına gəlir əldə edirlər. Azərbaycanda bu sistem oturşmayıb deyə, bu, yaxın zamanlarda mümkün deyil. Ona görə ki, sahə inkişaf etmir. Sahə inkişaf etmirsə, oradan gəlir gözləmək, onun hesabına büdcəni artırmaq mümkün olmayacaq. Digər ölkələrdən bunlar o təcrübəni də öyrənə bilmirlər. Ümumiyyətlə, kənd təsərrüfatı dotasiya ilə başa gəlir. Azərbaycanda da elədir vəziyyət. Azərbaycanda kənd təsərrüfatına dotasiya vermədən kənd təsərrüfatını inkişaf etdirmək mümkün omayacaq. Bu sahəyə əvvəlcə ciddi kapital qoyuluşuna ehtiyac var. Elmi müəssisələrin yaradılması, ora texnoloji avadanlıqların gətirlməsi kifayət qədər maliyyə resursu tələb edir. Bir müddətdən sonra nəyəsə nail olunarsa, büdcəyə ödəmələrə də ümid etmək olar. Ancaq indiki halda bu mümükün deyil. Dediyim kimi, bu sahə gəlirli deyil, məhsuldarlıq aşağı səviyyədədir. Sahənin inkişaf etdirilməsi istiqamətində hər hansı bir ciddi addım da atılmır. Ona görə də ümid bəsləmək ki, buradan vergi əldə etmək mümkündür, bu düzgün xəyal deyil.
Huruyyet.org