“Üsyankar müstəntiq” Rüfət Səfərov ona zəng etdiyinə görə işini itirən, hazırda isə ABŞ-da mühacirət həyatı yaşayan Qubadlı rayon prokurorunun keçmiş müavini Adil Məmmədova məktub ünvanlayıb. Rüfət Səfərovun “Azadlıq”a göndərdiyi məktubda deyilir:
“Salam, Adil. Zindandan Kaliforniyaya qucaq dolu göndərdiyim salmı qəbul etməyi və iki gül balanın yanaqlarından öpməyini rica edirəm. Biz dost olmuş, hər ikimizin xüsusi çəkisindən artıq çörək kəsmiş, saatlarla dərdləşmişik…
Müdafiəçim və qədim arxadaşım Bəhruz Bayramovla görüş zamanı mənə məlum oldu ki, Baş Prokurorluğa şanlı məktubla müraciət edərək onun Vəkillər Kollegiyasından xaric olunmağını xaiş etmiş, bu azmış kimi, konkret cinayət əməli törətdiyimə görə prokurorluq orqanlarından qovulduğumu qeyd etmisən. Çox sağ ol!
İşin dərin tərəflərinə varmadan, sadəcə, iki-üç vacib qeydimi diqqətinə çatdırıram.
Belə ki, iki köhnə dost arasındakı məsələləri cəmiyyətin müzakirəsinə xırdalıqlarına qədər təqdim etməyi şəxsiyyətimlə uzlaşdıra bilmirəm:
- Allah zəmanənin üzünü qara eləsin ki, mühasirədə olan dost qarşı tərəflə dösyüşən zaman arxadan və gözləmədiyi zərbəni elə dostundan alır.
- Səninlə kəsdiyimiz duz-çörəyi özümə haram, sənəsə yenə də halal bilirəm. Eyibi yox.
- Bir də arada vaxtın olanda Keçəl Həmzənin, Səhl Sumbatın və analoji tiplərin həyatları və sonları barədə ciddi –ciddi maraqlan”.
Rüfət Səfərov baş prokuror Zakir Qaralova da səslənib:
“Bu əsnada baş prokuror Zakir Qaralova, onun birinci müavini Rüstəm Usubova və tabeliyindəkilərə tövsiyyə edirəm ki, bunca cılız işlərə rəvac verməkdənsə, qanunların eyni cür və dürüst icra olunmasına nəzarət etsələr, daha faydalı olar”.