Nemət Əliyev: ” Əhalinin gəlirlərinin kəskin azalması nəticədə plastik kartlardan imtinaya gətirib çıxarır”
Cari ilin avqust ayında Azərbaycanda kredit kartları ilə ölkə daxilində 188 mln. manat həcmində 946 min əməliyyat həyata keçirilib. “Report”un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, aylıq müqayisədə əməliyyatların həcmində 40 mln. manat və ya 27%, əməliyyatların sayında isə 93 min və ya 11% artım olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə həm əməliyyatların sayında, həm də həcmində azalma qeydə alınıb. Əməliyyatların həcmi ötən ilin eyni ayı ilə müqayisədə 16 mln. manat və ya 7,8%, sayı isə 594 min və ya 38,6% azalıb.
Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı avqustda 16 min və ya 2,2% azalaraq 2016-cı il sentyabrın 1-nə 728 min ədədə enib. İlin əvvəli ilə müqayisədə kredit kartlarının sayında 282 min ədəd və ya 28%, illik müqayisədə isə 433 min ədəd və ya 37% azalma qeydə alınıb.
Xatırladaq ki, cari il sentyabrın 1-nə Azərbaycanda 5 270 min ədəd ödəniş kartı dövriyyədə olub ki, bunun da 2 363 min ədədini sosial kartlar, 1 531 min ədədini əmək haqqı kartları təşkil edib.
İqtisadiyyatda alqı-satqını canladırmağa kömək edən kredit kartlarından imtinanın səbəbi nədir?
İqtisadçı Nemət Əliyev bildirdi ki, kredit kartlarından istifadə edənlərin sayının azalması maliyyə sektorunda çalışanların böhran nəticəsində iş yerlərini itirməsidir. Faktiki olaraq insanlar həm çalışdıqları iş yerindən məhrum olursa, kartlarını gəzdirdikləri bankların da xidmətindən istifadə edə bilmir: “Digər tərəfdən bankların bir hissəsi faktiki olaraq bağlanıb. Yerdə qalan banklar isə günlərini keçirməklə məşğuldurlar. Azərbaycanda bank fəaliyyəti artıq riskli fəaliyyət hesab olunur. Faktiki olaraq bu fəaliyyət dayanıb. Bank sisteminin çökməsi də plastik kartların azalmasının bir səbəbidir. Eyni zamanda banklara olan inamın itməsi, əhali gəlirlərinin azalması da bu statistikaya təsir edir”.
N.Əliyev onu da bildirdi ki, son 3 il ərzində əhalinin gəlirləri 40 faiz azalıb. Bu azalmanın böyük hissəsi isə məhz 2016-cı ilə düşür: “Əhalinin gəlirlərinin kəskin azalması nəticədə plastik kartlardan imtinaya gətirib çıxarır. Bu proqnozlaşdırılan hal idi”.
Xəyal