Əziz həmvətənlər, Kərkükdə, Mosulda , bütövlükdə İraqda yaşayan türkmənlərin bizə heçmi dəxli yoxdur? Türkiyə türkləri qardaşımızdı, ancaq Kərkük, Mosul türkmənləri yox? Dostlar, siz ətrafınızda yalnız vəzifəli, pullu, yaxşı yaşayan qohumlarını qohum sayıb, onlarla qürurlanan, ancaq bir az zəif, kasıb, bəzən də sadəcə şanssız olan yaxın qohumlarından üz döndərən adamlara necə baxırsınız? Hazırda biz hamımız həmin qeyri-səmimi adamlara bənzəmirikmi? İraqda yaşanan faciələrdən ən çox acılar türkmənlərin payına düşdü. Millət ayaq altında qalıb. Hərə bir tərəfdən onları öz el-obasından didərgin salır, assimilyasiya etməyə çalışır. Türkmən liderləri haqlı olaraq giley edirlər ki, zamanında Türkiyə ciddi səhvlərə yol verib, Azərbaycan hakimiyyəti isə (təəssüf ki, həm də xalqı) onları unudub. Onlarla bu ağır günlərdə də maraqlanmır.
Dostlar, mən nə qədər məhdud imkanlı bir dövlətdə yaşadığımızı, torpaqlarımızın 20 faizinin hələ də işğalda olduğunu, milyonlarla vətəndaşımızın sosial səfalətə məhkum edildiyini unutmamışam. Narahat olmayın, Kərkükə, Mosula qoşun yeritməyi də təklif etmirəm. Ancaq təəssübkeşlik etməyin, türkmən qardaşlarımızı dəstəkləməyin çoxlu məqbul, qanuni yolları var. Mətn çox böyük olmasın deyə, yalnız birini yazıram. Məsələn, təkcə Belarusa verilən ucuz (faktiki faizsiz) krediti, Tacikistana yönəldilən sərmayəni İraqa yönəldib, qarşılığında İraq hökumətindən türkmənlərin ən elementar hüquqlarına təminat almağa cəhd etmək olmazdımı? Bütövlükdə İraqla daha ciddi əlaqələr qurub, bundan da istifadə edərək, İraq türkmənləri ilə mədəni sahədə, təhsil sahəsində əlaqələri gücləndirmək, İraq hakimiyyətinin razılığı ilə yerli özünümüdafiə milisinin formalaşmasına yardım etmək olmazdımı? Hətta təsəvvür edək ki, müxtəlif səbəblərdən heç bu sadaladıqlarım da mümkün olmadı, ancaq bizim bu cəhdlərimiz, xüsusilə də xalqımızın Mosulda, Kərkükdə baş verənlərə daha duyarlı yanaşması İraq faciəsinin episentrində yaşayan türkmənlərə mənəvi dəstək olmazdımı, onların özgüvənini artırmazdımı? İraq türkmənlərindən heç olmasa mənəvi dəstəyimizi əsirgəməyək ki, hökumət də ictimai rəydən hansısa mesajlar alsın.