İraq Türkmən Cəbhəsinin lideri cənab Erşat Salihinin son müsahibəsini oxuduğumda İraq türkmənlərinin dörd bir tərəfdən amansız qatillərin mühasirəsində tək qalması qənaətim qətiləşdi. İraq türkmənləri Azərbaycan türklərinə Anadolu türklərindən az yaxın deyil, bunu hər bir azərbaycanlının hərfi mənada anlaması lazımdır. Əvvəl Səddamın, sonra İran marionetkası olan İraq şiə hakimiyyətinin soyqırımına məruz qalan türkmənlər, son illərdə bir də İŞİD terrorçularından başı bəladadır. Arada PKK silahlılarının hədəfinə də çevrilir.
Nəhayət, Türkiyə prezidenti Ərdoğan İraq türkmənlərinin soyqırıma məruz qalmasını görüb onların müdafiəsi haqqında düşünməyə qərar verib. Məlum olduğu kimi, İraqa ordu yeridən Türkiyə hakimiyyəti həm də oradakı türkmənlərin təhlükəsizliyini təmin edəcəyini vurğulayır. Əlbəttə, səbəb təkcə türkmənlər deyil, zatən türkmənlər Ədroğanın diqqət yetirdiyi ən son məsələ oldu, burda başqa səbəblər Türkiyə “sultanı” üçün daha çox önəm daşıyır. Söhbət Türkiyənin, türk vətəndaşlarının, türk ordusunun nüfuzundan və ən əsası AKP hakimiyyətinin bölgədəki siyasi kursunun davamiyyətindən gedir. Suriyada olduğu kimi, İraqda dövlətin mövcudluğundan danışmağa dəyməz, oradakı hakimiyyət İranın marionetkası səviyyəsində fəaliyyət göstərir və təkcə İŞİD-ə deyil, həm də kürd yaraqlılarına təsir imkanları sıfıra bərabərdir. Öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək isə türk ordusunun birbaşa borcu, vəzifəsidir. Bundan başqa, Türk ordusu İraqda həm də İŞİD və kürd terrorçularına qarşı mübarizə aparmaq məqsədilə, ən azı amerikalılar qədər özünü haqlı bilir. Bir-birinin ardınca Türkiyə şəhərlərində baş verən terror aktlarının təhqiqatı göstərdi ki, İraq hakimiyyəti təkcə öz ölkəsində deyil, həm də qonşu Türkiyəyə keçərək dinc vətəndaşların həyatına son qoyan PKK və İŞİD təmsilçilərinin qarşısına almaqda acizdir. Nəticədə Ərdoğan səbrinin tükəndiyini bəyan edərək, terroru beşiyində boğmaq qərarı verdi. Geosiyasi vəziyyətdə bu qərar üçün münbit zəmin də yaranıb.
Salihi təkcə Türkiyə hakimiyyətindən deyil, həm də Azərbaycan hakimiyyətindən haqlı olaraq gileyləndi. Prezident Əliyevin İraq türkmənlərinin taleyi ilə bağlı susqunluğuna heç bir halda haqq qazandırmaq olmaz. İraqda terrorçuların hədəfinə çevrilən türkmənlər eyni zamanda İraq hakimiyyətinin soyqırımına məruz qaldığı bir zaman bizim yerli mətbuatın bu məsələyə biganəliyi də kəskin qınaq üçün əsasdır. Azərbaycan televiziyaları efirin 24 saatını şou müğənnilərinin ixtiyarına verməkdənsə, vacib mövzuların, o cümlədən türkmənlərin iztirablı həyatı haqqında, siyasi və hərbi ekspertlərin fikirlərinə yer verməlidir. Elə bu da hakimiyyətin istəyi və iradəsi ilə reallaşa bilər.
İraq baş naziri Heydər Abadinin türkmənlərin xahiş və haqlı tələblərini eşitməməsi, onlara həqarətlə yanaşması təsadüfi deyil, bir halda ki, bu hakimiyyət, öz vətəndaşlarını türk olduqları üçün daima istila və təhqir obyektinə çevirən İran rejiminin marionetkasıdır, deməli, bu aşırı amansız münasibətin məntiqini də anlamaq çətin deyil. Ancaq razılaşaq ki, İranda nadir hallarda olsa da türklər etiraz aksiyasını keçirməyə cəhd edir və bu barədə Azərbaycan KİV-lərindən ən azı mənəvi dəstək alırlar. Türkmən cəbhəsində isə vəziyyət xeyli acınacaqlıdır, orda həm terrorçular, həm də Abadi rejimi türkmənlərin özlərini müdafiə etmək haqqını tanımır, türk dünyası isə öz qardaşlarına qarşı baş verən haqsızlığı görməzdən gəlir.
Bu mövzuda Azərbaycandakı türk gənclərinə də iş düşür. Məsələn, hansı səbəbdən gənclər təşkilatları İraq və İran səfirliyinin qarşısında, türkmənlərin soyqırımı və onlara dəstəklə bağlı etiraz aksiyaları təşkil etmir? Azərbaycanın dünya ölkələrində, o cümlədən Rusiya diasporundakı gəncləri bu ölkənin tatar, başqırd, kumık və digər türk gəncləri ilə birgə türkmənlərə dəstək aksiyası təşkil edə bilməzlərmi ? Diasporla iş üzrə Komitə bu işin öhdəsindən gələ bilməzmi ? Bundan başqa Azərbaycanın İsraildə, ölkəmizi sevən, türk dünyasına hörmətlə yanaşan güclü diasporu var, onlar da İranın türkmənlərə qarşı düşmənçilik siyasətinə etirazını ifadə edə bilər. İstənilən halda, müdafiəsiz qalan İraq türkmənləri haqlı olaraq bizdən dəstək umur, bizim isə susmaq haqqımız yoxdur.
Elmir Malik, şərqşünas