Gültəkin Hacıbəyli: «İstər ABŞ, istərsə də Avropa Birliyi Azərbaycan hakimiyyətinin maraqlarına görə prinsiplərindən imtina etmək niyyətində deyil»
“Avropa İttifaqı Azərbaycanı və onun xalqını müstəqilliyin 25 illiyi münasibətilə təbrik edir. Bu müddətdə ölkə xeyli inkişaf edib. Avropa İttifaqı güclü demokratik institutların, bütün azərbaycanlıların rifahı naminə iqtisadi çiçəklənmənin dəstəklənməsi üçün əməkdaşlığı davam etdirəcək”, – Avropa İttifaqının Turan-a daxil olan rəsmi bəyanatında deyilir.
Avropa İttifaqı Azərbaycanla yeni sazişə dair danışıqların başlanmasını gözləyir ki, bu, 1996-cı il əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişi əvəzləyəcək. Aİ həmçinin Avropa Qonşuluq Siyasətində əksini tapan prinsiplər əsasında münasibətlərin inkişafına ümid edir, sənəddə qeyd olunur.
Qeyd edək ki, bəyanatda şəxsən İlham Əliyevin ünvanına təbrik yoxdur ki, bu da belə hallarda norma sayılır.
Maraqlıdır ki, iki gün öncə ABŞ-ın Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbrikində də eyni hal olmuşdu.
ABŞ prezidentinin Müstəqillik günü ilə bağlı İlham Əliyevə təbrik məktubu göndərməməsi də, münasibətlərdəki soyuqluğun göstəricisidir. Belə ki, bu dəfə ənənəvi təbrikin yerinə, ABŞ səfirliyinin bəyanatı yayıldı. Bəyanatda “Müstəqillik günü” münaisbətilə Azərbaycan xalqı təbrik olunur və ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğu bildirilir. Bəyanatda açıq şəkildə o da bildirilir ki, biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ etmək, iqtisadi inkişafı gücləndirmək, terrorizmlə mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının hüzurlu və sabit gələcəyini təmin etmək tədbirlərinə dəstək vermək məqsədilə birgə əməkdaşlığı davam etməyə hazırıq».
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, ABŞ uzun müddətdir ki, Azərbaycanın siyasi rəhbərliyi ilə dialoqu qaydasına qoymağa çalışırdı. G.Hacıbəylinin sözlərinə görə, vaxtaşırı olaraq ABŞ-dan Azərbaycana qarşı sanksiyaların tətbiq oluna biləcəyi ilə bağlı çağrışlar eşidirik. Bu da təsadüfi deyil: «Hər dəfə Azərbaycan hakimiyyətinə qarşı siyasi təzyiqlər güclənəndə müəyyən addımların atılmasının şahidi oluruq. Ya siyasi məhbusların bir qismi azadlığa buraxılır, ya da ABŞ istiqamətində hər hansı bir imitasiya xarakterli addım həyata keçirilir. Bununla da sanki gərginlik ertələnir. Amma bu vəziyyət sonna qədər davam edə bilməz. ABŞ və Avropa Birliyinin Azərbaycana münasibəti bəllidir. Onlar dəfələrlə bəyan ediblər ki, Azərbaycan siyasi hakimiyyətinin maraqlarına görə istər ABŞ, istərsə də Avropa Birliyi öz prinsiplərindən, dəyərlərindən imtina etmək niyyətində deyil. Bu dəyərlər bəllidir. Ona görə, heç də təsadüfi deyil ki, ABŞ və Avropa Birliyinin müstəqillik günü münasibətilə Azərbaycan xalqına ünvanlanan təbrikdə məhz bu dəyərlər önə çəkilir. Bir daha göstərilir ki, ABŞ və Avropa Birliyi ilə əməkdaşlıq yalnız bu dəyərlər çərçivəsində ola bilər».
G.Hacıbəylinin sözlərinə görə, əgər Azərbaycan hakimiyyəti bir neçə siyasi məhbusu azadlığa buraxmaqla, ABŞ və AB ilə münasibətlərin normallaşacağına ümid edirdisə, bu əsassız ümidlərdir: «Müstəqillik günü ilə bağlı prezidentlər səviyyəsində təbrikin olmaması da baş verənlərin nəticəsidir. Azərbaycan kiçik ölkədir. Azərbaycan kimi ölkələrlə bağlı qərarlar beynəlxalq siyasi konyuktura uyğun olaraq qəbul edilir. Bu qərarların qəbulu daha qlobal böhranların həlli istiqamətində olur. ABŞ və Rusiya növbəti gərgin mərhələyə qədəm qoyub. Suriyada ABŞ-la və Rusiyanın maraqlarında ciddi fikir ayrılığı meydana çıxıb. Eyni zamanda ABŞ-da prezident seçkiləri özünün son mərhələsinə yaxınlaşır.Namizədlərin son debatında Klinton Rusiyaya qarşı səprt ittihamlar səsləndirdi. Klinton Rusiyanı ABŞ-a qraşı şantaj siyasətində ittiham etdi. Olduqca sərt ifadələr idi. Klinton dövlət katibi postunu tutub. Onun bu bəyanatlarını təsadüfi adlandırmaq mümkün deyil. Aydındır ki, Rusiya Qərb qarşıdurması daha sərt forma ya qədəm qoyacakq. Əminəm ki, prezident seçkilərindən sonra biz Rusiyaya qarşı daha ciddi addımların şahidi olmuşuq».
Xəyal