Samir Əliyev: «Beynəlxalq maliyyə institutlarından maliyyə cəlb etmək üçün ciddi struktur islahatları aparılmalıdır»
Azərbaycan hakimiyyəti yenidən Dünya Bankından maliyyə cəlb etməyə çalışır. Bir müddət əvvəl aparılan danışıqlar bir nəticə vermədi. Buna səbəb Dünya Bankının Azərbaycandan tələb etdiyi islahatlar idi. Amma tələb olunan iqtisadi, siyasi və məhkəmə islahatlarına gedilmədi. Ona görə də danışıqlar yarıda kəsildi. Amma maliyyə naziri Samir Şərifovun ABŞ-a səfəri danışıqlara yenidən start verib. Danışıqların bu dəfəki səbəbi isə Cənub Qaz Dəhlizi layihəsinə maliyyə cəlb etmək idi. Dövlət başçısı İlham Əliyev oktyabrın 18-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib.
Bu dəfə Dünya Bankının şərtləri necə olacaq? Azərbaycanın bu şərtlərə cavabı necə olacaq?
İqtisadçı Samir Əliyevin sözlərinə görə, hökumət islahatlar istiqamətində müəyyən addımlar atmağa çalışsa da, onlar qaneedici sayıla bilməz. Proseslər üzdən gedir. Dərindən yanaşma getmir: «Hökumətin bu addımları birinci növbədə büdcə xərclərinin azaldılmasına yönəlib. Büdcə gəlirlərinin artırılması istiqamətində də cəhdlər edilir. Amma bu addımlar da müəyyən zaman tələb edir. Daha bir cəhd xarici investisiyaların cəlbidir. Normal məhkəmə sistemi olmadan xarici investisiyaların cəlbi mümkün deyil. Ən azı «Barmek» təcrübəsi var. Bu təcrübə Azərbaycanın başı üzərində asılacaq. Azərbaycana gələn investorlar da Azərbaycandan daha çox güzəşt tələb edəcək. Amma məsələlərə strateji yanaşma yoxdur. Məsələnin qısa müddətli həllinə çalışılır ki, ölkəyə dollar gəlsin. Bunun da nəticəsi uzun müddətli ola bilməz. Hələ ki, neftdən qurtulmaq cəhdləri görünmür».
S.Əliyevin fikrincə, beynəlxalq maliyyə institutlarından maliyyə cəlb etmək üçün ciddi struktur islahatları aparılmalıdır. Büdcədən ayrılan lazımsız vəsaitlərin həcmi azaldılmalıdır.
Xəyal