Gültəkin Hacıbəyli: «Rusiya Azərbaycan hakimiyyətini iqtidarda saxlayan qüvvədir»
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur.
Bu fikir Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.
H.Hacıyev qeyd edib ki, Y.Uşakov tərəfindən səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddir. Həmçinin bu açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir.
Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir.
Açıqlamada bildirilib ki, Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək. (Azərtac)
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Moskvada yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük nikbinlik yoxdur. Uşakovun sözlərinə görə, Rusiya Ermənistanın müttəfiqidir və tərəfdaşlarla razılaşdığı silahları tədarük etmək haqqına malikdir.
Maraqlıdır ki, ABŞ-ın dövlət katibi Con Kerri də bildirmişdi ki, yaxın vaxtlarda Qarabağ münaqişəsinin həllinə ümid yoxdur.
Amma nədənsə, Kerriyə olan sərt münasibət, elan olunan səlib yürüşü Uşakova münasibətdə görünmədi. Digər tərəfdən Minsk Qrupunun iki həmsədri etiraf edir ki, Qarabağ münaqişəsinin həllində işıq üzü görünmür.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycan hakimiyyəti ABŞ və Rusiya arasında ikili standartlara yol verir. G.Hacıbəylinin sözlərinə görə, baxmayaraq ki, ABŞ-ın rəsmi mövqeyi bu günə qədər Azərbycanın ərazi bütövlüyünün tanınması üzərində qurulub. İstər ABŞ, istər Avropa ölkələri münaqişələri ərazi bütövlüyü çərçivəsində həllinə çalışır: «Qərbin Azərbaycana yanaşması Gürcüstan, Ukrayna, Moldovadakı konfliktlərə yanaşmadan fərqlənmir. Amma bunun qarşılığında Rusiya faktiki olaraq Qarabağı işğal etmiş, Ermənistana dəstək verən ölkədir. Uşokovun bəyanatı Rusiyanın Ermənistanabundan sonra da dəstək verəcəyini deməyə əsas verir. Faktiki olaraq Ermənistanı silahlandırmaqda davam edən, Ermənistana «İsgəndər» raketləri verən Rusiyanın aqressiv davranışlarına münasibətdə maksimum tolerantlıq göstərən Azərbaycan hakimiyyəti hamının dünyada bildiyi gerçəkliyi dilə gətirən Kerriyə qarşı sərt reaksiya verib. Az qala hakimiyyət Kerriyə görə ABŞ-ı Minsk Qrupundan uzaqlaşdırmağa çağrış etmişdi. Amma biz Uşakovun bəyanatından Rusiyanın Minsk Qrupundan uzaqlaşdırılmasıyla bağlı məlumata rast gəlmirik. Bundan başqa Türkiyənin Minsk Qurupuna töhvə vermək cəhdlərinə Rusiyanın sərt reaksiyası da cavabsız qalıb. Türkiyə beynəlxalq hüququn prinsiplərindən kənara çıxmayan, dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən prinsip təklif edirdi. Buna baxmayaraq Rusiya Türkiyəyə münasibətdə də aqressiv münasibət sərgiləyəndə də Azərbaycan Rusiyanın qarşısında geri çəkildi və Ankaranın ədalətli mövqeyini dəstəkləmədi. Bu Azərbaycan hakimiyyətinin Rusiya qarşısında qorxusundan irəli gəlir».
G.Hacıbəyli vurğuladı ki, Azərbaycan hakimiyyəti öz maraqlarını dövlət maraqlarından üstün tutu rvə Rusiyaya sərt reaksiya vermir: «Rusiya Azərbaycan hakimiyyətini iqtidarda saxlayan qüvvədir. Eyni zamanda Rusiya qarşısında qorxu var. Hakimiyyət anlayır ki, Rusiyanın ata biləcəyi hüquqa zidd addımları ABŞ heç zaman atmayacaq. Bu baxımdan daha təklükəli rəqibin qarşısında geri çəkilməkdə davam edir. Amma Azərbaycanın mövqelərini müdafiə edən qüvvələrə qarşı sərt mövqe sərgiləyərək, Rusiyanın xoşuna gəlməyə çalışırlar. Hakimiyyətin Qarabağ münaqişəsində sərgilədiyi mövqe bundan ibarətdir».
Xəyal