Nemət Əliyev: «Manatın möhkəmlənməsi üçün heç bir iqtisadi zəmin yoxdur»
Son günlər dolların manata nisbətdə məzənnəsində yenə müəyyən oynamalar baş verib. Dolların bir qədər ucuzlaşmasını ekspertlər təsadüfi saymırlar. Onların fikrincə, buna səbəb bağlanan bankların əmanətlərinin aşağı kursla qaytarılmasıdır. Çünki yalnız «Standart Bank»ın əmanətçilərə olan borcunun qaytarılması üçün 460 milyon manat vəsait ayrılıb.
Amma reallıq ondan ibarətdir ki, hazırda dolların məzənnəsinin aşağı düşməsi üçün real iqtisadi əsas yoxdur. Uzun müddətdir çözülməyən problemlər də öz yerlərindədir və onların həlli heç biri istiqamətində addım atılmır.
Dolların uçot dərəcəsi il ərzində 3 dəfə qalxacaq
ABŞ Mərkəzi Bankı Fed-in 2017-ci ilin sonuna qədər iki – üç dəfə faiz artırımına gedə biləcəyi barədə proqnoz verib. ABŞ Xəzinə istiqrazları, neft qiymətlərinin qalxmasından sonra sərt düşüb.
“Marja” xəbər verir ki, Pimco, Bazar ertəsi günü Twitter hesabından verdiyi açıqlamada, yüksək iqtisadi artım və inflyasiyanın mərkəzi bankı pul siyasətini sərtləşdirməyə yönəldəcəyini qeyd edib. Dünyanın ən böyük istiqraz fondunu idarə edən Pimco (baş ofisi Kaliforniyada Newport Beach-də yerləşir) bu açıqlamanı, yüksələn neft qiymətlərinin ABŞ-da inflyasiyanın sürətlənəcəyi fərziyyəsini gücləndirməsindən sonra edib.
Fed-in faiz artırmağa hazırlaşması, ABŞ Xəzinə istiqrazlarını dünyanın ən pis performans göstərən dövlət istiqraz vərəqələrinə çevirib. ABŞ-ın 10 il və daha uzun müddətli istiqraz vərəqələri son üç ayda 5.8 faiz ucuzlaşıb və Bloomberg və European Federation of Financial Analysts Socities-in təqib etdiyi 144 istiqraz indeksi arasında ən çox itirən qrup olub.
Tokioda “Sumitomo Mitsui Trust Asset Management”in istiqraz sərmayəçisi Hideaki Kurik, “ABŞ Xəzinə istiqrazlarının faizləri yəqin ki, daha da yüksələcək. Fed faizi Dekabr ayında 25 bənd artıracaq. Neft qiymətləri yüksəlir. İstiqraz faizləri iqtisadiyyatdakı yumşalma ilə 2017-də geri çəkilə bilər” şəklində fikir bildirib.
ABŞ-ın 10 ilik Xəzinə istiqrazlarının faizi beş bənd artaraq Tokio saatı ilə 10:40-da 1.77%-ə yüksəlib. Qərbi Texas nefti (WTI) Bazar ertəsi günü 3.1 faiz artaraq barreli 51.35 dollar ilə 2015-ci ilin İyul ayından bu yana ən yüksək səviyyəsindən bağlanıb.
Dolların ucuzlaşması sünidir
İqtisadçı Nemət Əliyev bildirdi ki, milli valyutanın dəyərə minməsi üçün heç bir real zəmin yoxdur. Amma MB-nin rəsmi məzənnəsini nəzərdən keçirsək, o zaman biz tamamilə fərqli mənzərənin şahidi oluruq. N.Əliyevin sözlərinə görə, manat ölkədəki iqtisadi proseslərin istiqamətinə uyğun olaraq uzun müddət dəyər itirdi. Amma hazırda manatın dəyərə minməsi prosesi yaşanır: «Milli valyutının dəyər qazanmasından ötrü çox vacib hadisələr baş verməlidir. Bu nə ilə xarakterizə olunur. Birincisi, ölkəyə valyuta axını sürətlənməlidir. İdxal-ixrac əməliyyatlarından və digər proseslərdən Azərbaycanın xarici qazancı artmalıdır. İkincisi, ölkə daxilində xarici valyuta sərbəst alınıb-satılmalıdır. Növbəti mərhələdə isə milli valyutada saxlanılan depozit və əmanətlərin sayı artmalıdır. Əgər biz bu parametrlər üzrə ən azı bir aylıq göstəriciləri nəzərdən keçirsək görərik ki, bunların heç biri yoxdur. Bəs, necə oldu ki, əks proses başladı və manat dəyər qazanmağa başladı. Məncə, son günlər milli valyutanın dəyər itirməsinin fonunda kəskin şəkildə bahalaşma baş verdi. Bu həm də gömrük idxal rüsumlarının artmasıyla eyni vaxta təsadüf etdi. Mənə elə gəlir ki, bahalaşma səviyyəsinin əhalini küçələrə çıxarmaq həddinə gəlib çatdığı üçün hökumət psixoloji vəziyyəti sakitləşdirmək məqsədi güdürlər. Manatın bahalaşmasının, dolların dəyərdən düşməsi bununla bağlıdır. Hətta Mərkəzi Bankın bu işdə açıq formada manipulyasiya etdiyi görünür».
N.Əliyev hesab edir ki, bazarda qimyətlərin kəskin şəkildə artmasına həm manatın dəyər itirməsi səbəb olur, həm də ölkədə yerli istehsalın boğulması təsir edir: «Hökumət o qədər səriştəsiz addımlar atıb ki, onlar nəinki milli valyutanın möhkəmlənməsinə xidmət etmir, onlar əksinə yerli istehsalın boğulmasına səbəb olur. Real vəziyyət budur. Manatın möhkəmlənməsi üçün heç bir iqtisadi zəmin yoxdur. Hökumət sadəcə olaraq ictimai rəyi aldadır. Az bir müddət sonra manatın dəyərdən düşməsi sonrakı dövrdə də davamlı olacaq. Çünki əks proses üçün zəmin yoxdur».
Xəyal