Beş günlük dünyada etdiyi pisliklərə görə heç vaxt, heç yerdə, heç bir halda hesab ödəməyəcəyini düşünən adamlar var. Bu adamlara göz önündə tifağı dağılan, möhürü, kağızı alınıb həbsxana küncünə atılan, harınlıqla yığdığı var-yoxu əlindən çıxan “nəhəng”lərin taleyi belə görk olmur. Nə yazıq ki, olmur. Nə yazıq ki, belə adamlar çoxdur və onlar bütün bu olanlardan ibrət almadan pisliklərini davam etdirirlər. Həm də usanmadan, çəkinmədən, vicdanları ağrımadan davam etdirirlər. Həyatda heç nəyin sonu yoxdurmu, yəni? İlahidən əbədilik statusumu almısınız, yoxsa gecələr hansı sehrli quşsa sizə dimdiyində ölməzlik alması gətirir, xəbərimiz yox? Bu qədər şişməyin, təkəbbürlənməyin, özbaşınalığın, göydən getməyin bir səbəbi olmalı, şübhəsiz. Amma mənim tərəddüdsüz inandığım bir gerçək var: hər kəs etdiklərinin əvəzini görəcək. Edilən bütün çirkinliklərin, şeytanlıqların hesabı da veriləcək, yaxşılıqların mükafatı da alınacaq…
Məlum lətifəni bilirsiniz. Birinin atası vəfat edir, adam məscidə hocanın yanına gedərək soruşur: “Hoca əfəndi, atam cümə günü öldü, o biri tərəfdə günahlarına görə əziyyət çəkərmi? Hoca “övladım, Allah bağışlayandır, cümənin xatirinə çəkməz” deyir. Oğul “amma içkisi, qumarı da vardı, cümə günü xatirinə bunlar da bağışlanarmı?” deyə soruşur. Hoca yenə “Allah bağışlayandır, övladım, dua et ki, bağışlasın” deyir. Mərhumun oğlu yenə dilini dinc qoymur: “Hocam, yalanı, fırıldaqçılığı, başqa qarışıq işləri də vardı, cümə günü xatirinə hamısı bağışlanar, eləmi?” Hocanın səbri tükənir: “Cümə xatirinə bağışlanar, oğlum, amma ertəsi gün anadan əmdiyini burnundan fitil-fitil gətirərlər…”
İndi yüz fırıldaq edib ölkənin başına çuval keçirənlər, millətin anasını ağladanlar, illərdir qanun kitabını öz çirkin niyyətlərini həyata keçirmək üçün alt-üst edənlər heç nəyin sonu yoxmuş kimi davranır. Böyükdən kiçiyə əlində səlahiyyət imkanı olan bütün hakimiyyət təmsilçiləri ölkə insanına qan uddurmaq üçün sıraya durub. Gündəlik məişət qayğılarından tutmuş böyük məsələlərə qədər hər şey ölkə vətəndaşını əzməyə hesablanıb. Hələ bütün bu haqsızlığın və dərəbəyliyin üstünə bir də iqtisadi böhran, işsizlik, bahalıq kimi dərdlər gəlirsə, zillətin miqyasını özünüz hesablayın. Miqyas elə böyükdür ki, vətəndaş yanğın ocağının bu başından o başına necə gedib salamat çıxa biləcəyinə də şübhəli yanaşır artıq. Ölkə insanı vurnuxa-vurnuxa yanğının ortasında qalıb, üç tərəfdə alov, bir tərəfdə də dəniz var. Xəzərə çıxmaq imkanına ümid edənlərin əlləri ora da çatmaz daha. Dənizi çoxdandır daş hasarlara alıblar, ordan xəyalların gedib suya düşməsi belə qadağandır. Məmləkət tam mühasirə vəziyyətində, insanlar pərişan. Dözülməz durumdur, amma böyük xilas arzusu və dirəniş də görünmür. Elə bil nəyisə, kimisə gözləyib durur hamı. Zalım və pislik sahibi cəzasını alacaq nə zamansa. Bunun sorğu-sualı ola bilməz. Amma bu gözləyiş də həddindən artıq oldu. Dözmək, dayanmaq, aldanmaq, bir dəfə batdığın bataqlığa təkrar girmək də bir yerə qədər. Nədir məsələ? Bizim insanların səbəbləri görmə zəifliyimi var, yoxsa özlərini əziyyətə salıb haqsızlığın üstünə getməyəmi ərinirlər? Bunun ən doğru cavabı onların özlərindədir. Bilirlərsə, mühasirədən çıxmağın yollarını da tapmağı bacararlar. Şübhəsiz, yanğından xilas olmaq istəkləri varsa…