Azərbaycan hakimiyyəti “sifarişlə işləyən” Mişel Forstu Bakıya niyə dəvət edib?
Prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun Azərbaycan ilə bağlı hesabatına münasibət bildirib. Əli Həsənov “Azərtac”a müsahibəsində hesabatı qərəzli və sifarişli adlandırıb.
“Qeyd edim ki, hər bir beynəlxalq təşkilatın, xüsusilə də BMT kimi ali qurumun hesabatı müstəqil şəkildə hazırlanmalı, balanslı olmalı, dəqiq və yoxlanılmış faktlara əsaslanmalı, istənilən sahə ilə bağlı həm müsbət, həm də mənfi məqamlar nəzərə alınmalıdır. Təəssüf ki, cənab Mişel Forstun məruzəsində balans gözlənilməyib, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı “faktlar” araşdırılmayıb, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməyib və nəzərə alınmayıb. “Freedom Hause” kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin “hesabatlarında” əksini tapmış mülahizələr olduğu kimi həmin sənədə köçürülüb.
Düşünürəm ki, cənab Forst Ermənistanla bağlı analoji hesabatında bu ölkədəki vəziyyəti az qala İsveçrə, Almaniya və ya Fransa ilə bir səviyyəyə çatdırmağa cəhd göstərəcək. Ermənistanda insan hüquqlarının total şəkildə pozulması, QHT-lərə təzyiqlər və digər bu kimi məsələlərin o hesabatda əksini tapacağı şübhə doğurur.
Xüsusi məruzəçi bir çox məsələlərdə olduğu kimi, hökumətlə vətəndaş cəmiyyəti sektoru arasında dialoqun olmamasını iddia etməklə ciddi yanlışlığa yol verib. Bunun da əsas səbəbi odur ki, cənab Forst Azərbaycanda yalnız ona lazım olan QHT-lərlə görüşüb. Həmin QHT-lərin hesabatlarında isə adətən hökumətin ardıcıl şəkildə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər təşkil etdiyi, onların problemlərini öyrəndiyi və həlli istiqamətində addımlar atdığı barədə informasiyalar gizlədilir. O ki qaldı QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişikliklərlə bağlı iradlara, qeyd etməliyəm ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində şəffaflığın təmin olunması ilk növbədə BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin marağında olmalıdır.
Həbslər məsələsinə gəldikdə, cənab Forstun mülahizələri onu deməyə əsas verir ki, o, cinayətlərin xarakteri və cinayət materialları ilə, ümumiyyətlə, tanış olmayıb. Əgər tanış olsaydı, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxsin barəsində “internetdəki fikirlərinə görə cinayət işi açılıb” ifadəsini işlətməzdi. Bu, ən azından peşəkarlıq məsələsidir. Həmçinin cənab Forst maliyyə çətinliyi ilə üzləşən və buna görə də fəaliyyətini dayandıran hər hansı KİV-lə bağlı yaranmış vəziyyətin məsuliyyətini hökumətin üzərinə yıxmazdı. Ümumiyyətlə, həmin hesabatda və xüsusi məruzəçinin məntiqində ziddiyyətlər, qeyri-dəqiqlik, faktların təhrif olunması halları o qədər çoxdur ki, bu, cənab Forstun ekspert kimi səriştəliliyini ciddi şübhə altına qoyur.
Bütün bunlara görə, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir”.
Göründüyü kimi Əli Həsənov həm də dolayısı ilə Forstun ermənilərə simpatiyasını olduğuna işarə vurub. Maraqlıdır ki, Forstun ölkəmizə səfərini Azərbaycan hakimiyyəti təşkil edib. Hər halda Forstun səfəri ilə bağlı iqtidaryönlü mediada yer alan məlumatlarda onun hakimiyyət tərəfindən edildiyi xüsusi vurğulanır. Əgər Forst Azərbaycana qərəzli yanaşırsa, sifarişlə işləyirsə, ermənilərə simpatiya bəsləyirsə Azərbaycan hakimiyyəti onu Bakıya dəvət edib? Bu sualın cavabı açıq qalır.
Qeyd edək Forst “Amnesty İntenational” təşkilatının baş katibi və BMT-nin insan hüquqları üzrə ilk sammitinin baş katibi olub.