BVF-yə görə Azərbaycanın ÜDM-nin kəskin azalması və Mərkəzi Bankın rezervlərinin tam əriməsi təhlükəsi var
Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlatının 17,9% – 4 milyard 117 milyon dollara qədər azalmasını proqnozlaşdırır.
Fondun proqnozlarına görə, 2016-cı ildə AMB-nin valyuta ehtiyatlarının azalması tensdensiyası qalacaq.
2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 17 milyon dollar təşkil edib və ötən il ərzində ehtiyatlar 2,7 dəfə azalıb.
Fondun qiymətləndirmələrinə əsasən, 2017-ci ildən AMB-nin valyuta ehtiyatlarının artımı başlayacaq.
Bununla belə, Fond orta müddətli perspektivdə bu artımın illik 0,5 milyard təşkil edəcəyini gözləyir.
Xüsusilə,proqnozlara görə, 2018-ci ilədək AMB-nin ehtiyatları 4 milyard 617 milyon dollara, 2019-ci ilə qədər – 5 milyard 117 milyon dollara, 2020-ci il qədər – 5 milyard 617 milyona, 2021-ci ilədək – 6 milyard 117 milyon dollara çatacaq.
Xəbər verildiyi kimi, 1 sentyabr 2016-cı il tarixinə AMB-nin valyuta ehtiyatları 4 milyard192,5 milyon dollar təşkil edir və 8 ay ərzində 16,4% azalıb. (İnterfaks-Azərbaycan)
Əslində bu proqnoz MB-nin resurslarının tam tükənməsi deməkdir. Bu vəziyyət ölkə iqtisadiyyatına nə vəd edir?
Nemət Əliyev: «Bu il də ÜDM-in daha 22 milyard azalacağı gözlənilir»
İqtisadçı Nemət Əliyev bildirdi ki, ÜDM azalmaqda davam edir və əvvəlcədən verilmiş proqnozlar özünü doğrutdu. N.Əliyevin sözlərinə görə, hesablamalar göstərir ki, Azərbaycanın ÜDM göstəricisi üzrə 8 aylıq gəlirləri 12 milyard dollardan çox azalıb: «Əgər onu da nəzərə alsaq ki, 2015-ci ildə ÜDM-də 22 milyard dollarlıq azalma baş verib. O zaman bu ilin sonuna qədər də biz 20-22 milyard dollarlıq azalmanı müşahidə edə bilərik. Buradan bu nəticə çıxır ki, 2014-cü ildəki 75 milyard dollarlıq ÜDM ilin sonuna qədər 35 milyard dollar həcminə qədər düşəcək. Bu Azərbaycan iqtisadiyyatı üçün çox az bir müddət üçün böyük itki deməkdir. Bu təxminən 45 milyard dollarlıq gəlirdən məhrum olmaq deməkdir. Belə çıxır ki, Azərbaycan iqtisadiyyatının iki dəfə kiçilməsi gözlənilir».
N.Əliyev onu da vurğuladı ki, ÜDM-lə bağlı itkilər daha da böyüməsi proqnozları daha realdır. Çünki son dövrlər milli valyutanın dəyərdən düşməsi, əhalinin gəlirlərinin azalması prosesi daha da sürətlənib: «Yaranmış vəziyyətdən çıxış yolları istiqamətində heç bir addım atılmır. Ona görə ilin sonuna qədər itkilərin daha böyük olacağı daha realldır. Əhalinin gəlirləri kəskin azalacaq, investisiya qoyluşu daha da zəifləyəcək. Tənənzül lkə iqtisadiyyatının bütün sahələrinə sirayət edəcək».
MB-nin ehtiyatlarına gəlincə isə N.Əliyev vurğuladı ki, manatın son dövrlər dəyər itirməsi fonunda MB-nin rolu və davranışları onu deməyə əsas verir ki, resursların həcmiylə bağlı göstərilən rəqəmlər də tam real deyil: «Mərkəzi Bankın əsas funksiyalarından biri daxili bazarın dollara olan tələbatını ödəməkdir. Amma bu tələbin ödənilməməsi şübhələr yaradır. Belə təəssürat yaranır ki, Mərkəzi Bank həmin 4 milyardlıq vəsaitlərdən də məhrum olub. Əgər bu belədirsə, deməli Mərkəzi Bankın valyuta ehtiyatları qalmayıb. Proses onu göstərir ki, manatın dəyər itirməsi bundan sonra davam edəcək».
Qubad İbadoğlu: «2016-cı ildə Azərbaycanda iqtisadi eniş 2,4 faiz olacaq»
Daha bir təhlükəli proqnoz və reallıq isə ÜDM-in azalmasıyla bağlıdır.
İqtisadçı Qubad İbadoğlu ümumi daxili məhsulla (ÜDM) bağlı fikirlərini bölüşüb. İqtisadçı alim son 2 ildə adambaşına düşən ÜDM-in 4000 dollardan çox azaldığını bildirib. “Dövlət Statistika Komitəsinin (DSK) bu ilin ilk 8 ayına olan son məlumatlarına görə, ölkədə ÜDM 3,1 faiz, o cümlədən qeyri-neft ÜDM-i daha çox 5,8 faiz kiçilib. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2016-cı ildə Azərbaycanda iqtisadi eniş 2,4 faiz olacaq. BVF-nin digər proqnozuna görə, 2016-cı ildə dünya iqtisadi orta hesabla 3,1 faiz, inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1,8 faiz, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı isə 4,1 faiz böyüyəcək. Beləliklə də 2016-cı ildə Azərbaycanda iqtisadi artım dünyadaki inkişafdan geri qalacaq”.
Ekspert qeyd edib ki, BVF-nin hesablamalarına görə, Azərbaycanda 2016-cı ildə ABŞ dolları ilə ifadə olunan nominal ÜDM 35 milyard 686 milyon dollar təşkil edəcək. Bbu da 2014-cü ilin müvafiq göstəricisindən (75 milyard 254 milyon dollardan) 2,1 dəfə və ya 39 milyard 568 milyon dollar azdır: «Bu o deməkdir ki, son 2 ildə Azərbaycanda adambaşına düşən ÜDM 4 min ABŞ dollarından çox azalıb. İqtisadi qanunauyğunluğa görə, pis idarə olunan, iqtisadiyyatı korrupsiyalaşmış ölkələrdə ÜDM-in artımından kiçik bir qrup bəhrələnirsə, onun azalmasında daha çox əziyyət çəkən böyük yoxsullar ordusu olur. Eynən bizdəki kimi”.
Xəyal