Türkiyədə baş tutmayan 15 iyul çevrilişinin Azərbaycana təsirləri davam edir. Hər gün hakimiyyətə müxalif fikirli şəxslərin həbs olunması barədə məlumatlar yayılır.
Azərbaycan hökuməti Türkiyədəki hadisələrdən öz mənfəətləri üçün istifadə edərək, Amerikada yaşayan Fethullah Gülən tərəfdarlarını yox, bu ad altında öz opponentlərini təqib edir.
Bəs Türkiyədə Azərbaycandakı həbslərə münasibət necədir?
“Fethullahçılar müxalifətə dəstək verməzlər”
Jurnalist Ali Doğan 1992-ci ildən Azərbaycana mütamadi səfərlər edib. 2006-2010-cu illərdə Bakıda TRT-nin müxbiri kimi çalışıb.
O deyir ki, vaxtı ilə Fethullaçılar Türkiyə hökumətindən “ciddi dəstək gördükləri üçün” Azərbaycan rəsmiləri də onlara yardım edib.
Jurnalistin fikrincə, “Hizmet hərəkatı” tərəfdarları maddi mənfəəti istifadə edərək Azərbaycan hakimiyyətinə təsir edə bilmişdilər.
“Xüsusi ilə təhsil nazirliyi və media sahəsində bu təsir özünü göstərirdi”, Ali Doğan Azərbaycanla bağlı müşahidələrini söyləyib.
“Gülən tərəfdarlarının müxalifətlə əməkdaşlıq marağı”nı jurnalist istisna edib.
“Fethullahçılar müxalifətlə əməkdaşlıq etməz, onlar birbaşa hakimiyyətlə əməkdaşlıq qurarlar. Ancaq iqtidara gəlmək ehtimalı yüksək olan müxalifləri dəstəkləyərlər. Azərbaycanda isə müxalifətin iqtidara gəlmə imkanı olmadığı üçün onlarla işbirliyinə girməzlər”, türk jurnalist Azərbaycanda müxalif təmsilçilərə qarşı irəli sürülmüş “fethullahçı” ittihamlarını şərh edərkən deyib.
Gülən məktəbləri
Fethullah Gülən məktəbləri Türkiyədə və dünyanın hər yerində olduğu kimi Azərbaycanda da uzun illər fəaliyyət göstərib. Bəs o zaman niyə bu iddialar yox idi?
Osman Faruk Loğoğlu Bakıda Fethullah Gülənə aid “Çağ öğretim işlətmələri” məktəbləri və yayın orqanlarının Azərbaycana yeni gəldiyi illərdə Türkiyənin Bakıda səfiri kimi fəaliyyət göstərib.
O deyir ki, bu məktəblərdə tədris prosesi ilə bağlı iki məqam diqqətini çəkmişdi:
“Qızlarla oğlanlar ayrı-ayrı oxudulurdu. Qız-oğlan qarışıq təhsili verilmirdi. Bununla bağlı onlara tənqidi fikirlərimi söyləmişdim”, keçmiş səfir xatırlayır.
Cənab Loğoğlu onu da yadına salır ki, Bakıdakı Gülen şəbəkəsinə aid məktəblərdə “bir-birindən çox fərqli olan sinifdaxili və sinifxarici” tədris prosesi tətbiq edilmişdi.
“Sinif daxilində dünyəvi təhsil verilir, riyaziyyat, fizika və sairə öyrədilirdi. Yeməkxanada və yataqxanada isə uhrevi (axirət dünyasına aid) söhbətlər edilirdi. Mən mahiyyətini bilmirdim, amma bilirdim ki, fərqli bir şeylər edirlər. İndi nə oxutdurduqlarını anlayırıq – özləri müəyyənləşdirdikləri metodlarla bu məktəbləri açdılar, təhsil verdilər”, keçmiş səfir Faruk Loğoğlu Fethullah Gülene bağlı məktəblərdə vaxtı ilə şahid olduqları ilə bağlı BBC Azərbaycancaya danışıb.
Belə görünür ki, o zaman Türkiyə hökuməti Gülenle sülh şəraitində olduğundan bu faktlar siyasi baxımdan qiymətləndirilməyib.
“O zaman Türkiyədəki hökumət bunlara müsbət baxırdı. Ona görə də o məktəblərə səlahiyyətli şəxslər gedib-gəlirdilər” səfir Loğoğlu müşahidə etdiklərinə rəsmi reaksiya verilməməsinin səbəbini belə izah edib.