Fəxrəddin Mehdiyev: «Nəyə görəsə mülki xarakterli məsələləri cinayət müstəvisinə çıxarıblar»
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin keçmiş sədri, ötən ilin dekabrından həbsdə olan Cahangir Hacıyev və daha yeddi nəfərin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Hazırda məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.
Amma şahidlər dindirilməmişdən əvvəl C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmənin sorğu göndərib, müdafiə tərəfinə verilməyən bir sıra sənədləri alması barədə vəsatətlər qaldırıb. Vəkilin alınmasını istədiyi sənədlər sırasında “Beynəlxalq Bank”ın layihələrlə bağlı girov müqavilələri də var. F.Mehdiyev deyir ki, həmin müqavilələr bu işin mülki xarakterli olduğunu sübut edir: “Nəyə görəsə mülki xarakterli məsələləri cinayət müstəvisinə çıxarıblar”.
Müdafiəçi qeyd edib ki, “Beynəlxalq Bank”ın 2008-2014-cü illərdə fəaliyyətilə bağlı yoxlama aparılıb, cinayət işi başlanıb. Sonradan həmin cinayət işinə xitam verilib: “Biz xitam qərarını ala bilmirik. Xahiş edirik, məhkəmə bunu Baş Prokurorluqdan alsın”.
F.Mehdiyev deyir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin illik maliyyə hesabatları internetdə yerləşdirilirdi. Amma nədənsə, son üç ilə aid hesabatlar saytdan yığışdırılıb: “Həmin hesabatlarda beynəlxalq auditin rəyləri də var. Xahiş edirik, o sənədlər də Beynəlxalq Bankdan alınsın”.
Vəkilin dediyinə görə, “Beynəlxalq Bank”dan fiziki şəxslərin adlarına verilmiş kreditlərin bəziləri tam, bəziləri qismən ödənilib, bir qismi isə ödənilməyib. F.Mehdiyev bankların mərkəzləşdirilmiş reyestrindən həmin kreditlərlə balı çıxarış alınmasını da xahiş edib.
“Dünyamin Xəlilovun adını çəkirdilər”
Dünənki məhkəmə iclasında Beynəlxalq Bankın strukturlarının mühafizəsini həyata keçirmiş “Inter Security” MMC-nin, Bakı Fındıq Emalı Zavodunun, “Inter Textile” ASC-nin işçiləri olmuş şəxslər şahid qismində dindiriliblər. Onların hamısı Beynəlxalq Bankın müxtəlif filiallarından götürülmüş böyük həcmdə kreditlər barədə ifadə veriblər. Dediklərinə görə, baxmayaraq ki, kreditlər onların adlarına rəsmiləşdirilib, pulun üzünü görməyiblər.
Məsələn, Beynəlxalq Bankdan 15 milyonluq kredit götürmüş Zahid Bağırov deyir ki, “Inter Textile” fabrikində fəhlə işləyib: “Orada fəhlə işləyirdim, 250 manat maaş alırdım, 6 aydan sonra çıxdım. Şirkətdən rayona zəng eləyib, çağırtdırmışdılar. Gəldim, elə bildim ki, yenidən işə götürürlər. Vəsiqələrimizi yığmışdılar. Əynimi dəyişib işə başlamaq istəyirdim ki, dedilər, ”səni aparırlar, müəyyən sənədləri imzalamalısan”. Getdik, bilmirəm, bankın binası idi, yoxsa nə idi. 30-a yaxın sənəd idi, imzaladım, amma pul almamışam”.
Ona gedib sənədləri imzalamaq göstərişini kimin verməsi barədə suala isə Zahid Bağırov belə cavab verib: “Dedilər ki, ”rəhbərliyin göstərişidir”. Rəhbərlik deyəndə Dünyamin Xəlilovun adını çəkirdilər. Qol çəkməklə bağlı tapşırığı isə fabrikin müdiri Şakir Musayev verib”.
Kreditlər necə rəsmiləşib?
“Inter Secerity” şirkətinin bir xeyli əməkdaşı da bildirib ki, şirkətin rəhbəri, hazırda həbsdə olan Ibrahim Hüseynov onları yanına çağırıb və banka gedib, kredit müqavilələrini imzalamağı xahiş edib. Onlar da deyiləni yerinə yetiriblər. Dediklərinə görə, işləri də Beynəlxalq Bankın deyilən filialına gedib, orada təqdim olunan sənədləri imzalamaqdan ibarət olub. Şahidlərin bir qismi deyir ki, hətta kredit müqavilələrini imzaladıqlarını da bilməyiblər. Öz ehtiyaclarına görə bankdan kiçik həcmdə kreditlər götürmək üçün banka müraciət edəndə öyrəniblər ki, adlarına həcmi yüzminlərlə, bəzən milyonu da keçən kredit borcu var.
Təqsirləndirilən şəxslərdən Bakı Fındıq Emalı Zavodunun direktoru olmuş Azad Cavadovun yaxınları, o cümlədən bacanağı Samir Əliyev, dostu Emin Nəbiyev, tanışı Rasim Mehdiyev, keçmiş həyat yoldaşı Nailə Həsənova da şahid qismində dindirilib.
Samir Əliyev deyir ki, zavodun inkişafı üçün maliyyə vəsaiti lazım olub və Azad Cavadovun xahişi ilə Beynəlxalq Banka gedib, sənədləri imzalayıb, ona 780 min kredit verilib. Həmin vəsait də zavoda xərclənib.
Dövlət ittihamçısı Fərid Nağıyev xatırladıb ki, həmin vəsait “mənzilin təmiri üçün verilmiş kredit” kimi rəsmiləşdirilib. Indiyədək də 708 min əsas borc, 92 min də faiz borcu ödənilməmiş qalıb.
Prokurorun sözlərinə görə, Emin Nəbiyevin götürdüyü 750 minlik kredit rəsmiləşdirilərkən “Lənkəranda torpaq sahəsi alıb istirahət mərkəzi tikdirmək” üçün verildiyi göstərilib. Rasim Mehdiyevə 750 minlik kredit isə “Qubada istirahət mərkəzi tikdirmək” üçün verilib. Dövlət ittihamçısı qeyd edib ki, bu kredit üzrə 677 min əsas, 53 min isə faiz borcu hələ də ödənilməyib.
Uzun illər Beynəlxalq Bankın Nərimanov filialında baş kassir işləmiş Iradə Cəfərova isə adına kredit rəsmiləşən adamların həmin vəsaiti özlərinin almadığını mümkün saymır. O, şahid kimi verdiyi ifadədə bildirib ki, kredit alan şəxs özü kassada qəbzə imza atıb, pulu götürürdü.
Məhkəmə prosesi sentyabrın 2-də digər şahidlərin ifadələrilə davam edəcək.
C.Hacıyevlə birlikdə mühakimə olunanlar arasında Beynəlxalq Bankın müxtəlif filiallarının müdirləri olmuş şəxslər də var. Onlara qarşı CM-nin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.