«Open Democracy»: «Bu məhkəmə işi belə bir sual doğurur ki, Azərbaycan hökuməti bununla nəyə nail olmaq istəyir?»
«Hökumət inanır ki, «islam terroristləri» adlandırdığı şəxsləri həbsə atmaq, terrorizmə qarşı mübarizədə Qərbin tərəfdaşı kimi qalmağa ona kömək edəcək»
“Nardaran işi” üzrə məhkəmədə Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla, təqsirləndirilən şəxslərin məruz qaldıqları işgəncələr barədə dedikləri yerli ictimaiyyətlə yanaşı, beynəlxalq aləmdə də ciddi reaksiyalara səbəb olub. Artıq bir sıra beynəlxalq insan haqları təşkilatları, xarici mətbuat orqanları bu məsələyə diqqət yetirir. Bu qəbildən olan daha bir material Böyük Britaniyanın “Open Democracy” saytında yayımlanıb. Hüquq müdafiəçisi Maykl Ryuninin hazırladığı məqalənin tərcüməsini təqdim edirik:
“Polis həkimə dedi ki, burnumu kəssin…”
Əliyev rejiminin Azərbaycanın islamçı müxalifətinə qarşı repressiyaları gələcəkdə hakimiyyətin konsolidasiyası üçün yol açacaq.
“Nardaran işi” üzrə məhkəmə dinləmələri müasir Azərbaycanda varlı və kasıb, sekulyar və dindar, dövlət və vətəndaş arasında ayrı-seçkiliyi üzə çıxarır. Müttəhimlər tanınmış şiə din xadimi, keçmiş siyasi məhbus Taleh Bağırzadə, onun 16 tərəfdarı və “facebook”dakı statuslarına görə həbs edilən sekulyar siyasətçi Fuad Qəhrəmanlıdır. Bu insanlar qətl, terrorizm və zorakı üsullarla hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə üz-üzədir.
Taleh Bağırzadə siyasətçi deyil. O, qeyri-zorakı, mühafizəkar şiə hərəkatı olan Müsəlman Birliyi Hərəkatının sədridir. 26 noyabr 2015-ci ildə Bağırzadə və tərəfdarları Nardaran kəndində ibadətlə məşğul olduqları zaman polis tərəfindən hücuma məruz qalıblar, həbs olunublar. Rəsmi məlumatlara görə, Müsəlman Birliyi Hərəkatı dövlətə qarşı silahlı üsyan hazırlayırdı. Hadisə yerindəki polislər ifadə verib ki, evin içindən kimsə onlara atəş açıb. Hadisə zamanı ikisi polis olmaqla, 6 nəfər ölüb, 17 nəfər saxlanılıb.
Müttəhim və şahidlər dinc vətəndaşların qara maskalı təhlükəsizlik əməkdaşları tərəfindən zorakı basqına məruz qaldığı və mebel maşınlarına doldurulduqları xaotik səhnəni belə təsvir edirlər: “Bizi mebel maşınına atıb avtomatın qundağı ilə döyməyə başladılar. Dostumuz Fərahim aldığı zərbələr nəticəsində öldü. Maşında onun yanında qan içində olan başqa huşsuz adamlar da var idi.
Həkim tərəfindən müayinə olunanda polis zabiti həkimə dedi ki, mənim burnumu kəssin…”
“Əgər imzalamasa, xəstəxanada öldürəcəklər…”
Müttəhim Əli Nuriyev bildirib ki, polis onun dişlərini töküb, sifətini əzib və sonradan ona 4 tikiş qoyulub ki, partlamış dodaqları ilə danışa bilsin.
Dinləmələrin ikinci günü Şamil Abdullayev hüquqsuz saxlanmaları barədə danışıb və təhlükəsizlik əməkdaşları tərəfindən döyüldüyünü deyib.
“Mən digərləri kimi işgəncəyə məruz qalmamışam”, – Nardaranda polisin ona atdığı 3 güllənin ikisini bədənində daşıyan Şamil Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsində deyib.
Əməliyyatdan sonra bir gün dindirilib. Deyib ki, Müsəlman Birliyi Hərəkatının guya çevriliş etmək üçün ona silah verdiyinə dair sənədi imzalamağa məcbur edilib. Təhdid edilib ki, əgər imzalamasa, onu xəstəxanada öldürəcəklər.
Fərhad Balayev hospitalda döyülüb və həbs edilib. O, “Bandotdel”ə aparılıb və 2 həftə orada qeyri-qanuni saxlanılıb. Işgəncə verilərək, dindirmələrə məruz qalan Balayev hərəkatı silahlı çevrilişdə günahlandıran ifadəni imzalamaqdan imtina edib. Ancaq sonda o, təslim olub.
Müxalif siyasətçi Fuad Qəhrəmanlının “Facebook” statusuna görə həbs olunması absurdluğun pik həddinə çatmaq idi. O, 281-ci maddə (Dövlət əleyhinə çağırışlar) də daxil olmaqla, Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunur.
Bağırzadə bildirib ki, müttəhimlərə işgəncə verilib və onlardan tələb edilib ki, Qəhrəmanlının partiyası – AXCP əleyhinə ifadə versinlər.
“Hökumət özünə qarşı təhlükələri yanlış dəyərləndirir”
Qurama məhkəmə işi belə bir sual doğurur ki, Azərbaycan hökuməti dəqiq olaraq, nəyə nail olmaq istəyir?
Sekulyar və dini müxalifət liderləri Ilham Əliyevin sifarişi ilə tək həmlədə aradan götürülərək, uzun müddətə həbsdə qalacaqlar. Ancaq sübutların əksikliyi səbəbindən onların günahsızlığı Insan Haqları üzrə Avropa Məhkəməsində təsdiqini tapacaq.
Işə Avropa Məhkəməsində baxılması illər alacaq, bu müddət ərzində “Nardaran işi” xarici mətbuatda Azərbaycana qarşı neqativ rəy formalaşdıracaq. Həmçinin Azərbaycanın qaz borularını çəkmək üçün bel bağladığı beynəlxalq borcverənlərlə arzuolunmaz söhbətlərin yaranmasına səbəb olacaq.
2013-cü ilin saxtalaşdırılan prezident seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının yaxşı fəaliyyət göstərməsinə baxmayaraq, seçkilərdən sonra vətəndaş cəmiyyətinə qarşı total repressiyalar demokratik müxalifəti qeyri-mütəşəkkil və dağınıq vəziyyətə saldı.
Bağırzadənin özü isə tərəddüd etmədən qəbul edir ki, Azərbaycanda islam dövləti qurmaq üçün ideoloji infrastruktur və dəstək mövcud deyil. Mümkündür ki, hökumət özünə qarşı təhlükələri yanlış dəyərləndirir.
Əliyev Avropanın gözündə diplomatik əhəmiyyətini artırmağa çalışır
Bəlkə də Azərbaycan hökuməti inanır ki, “islam terroristləri” adlandırdığı şəxsləri həbsə atmaq, terroristlərə qarşı davam edən mübarizədə Qərbin tərəfdaşı kimi qalmağa ona kömək edəcək. Ola bilər ki, bu addımla Avropanın gözündə diplomatik əhəmiyyətini artırmağa çalışır. Çünki Avropa yavaş-yavaş anlayır ki, Azərbaycan qitənin qaz təchizatında “Qazprom”dan asılılığı çox cüzi azalda bilər.
Əsas döyüş meydanının Əfqanıstandan Suriyaya keçid etməsi, Azərbaycanın ABŞ ordusu üçün tranzit marşrut əhəmiyyətini də azaldır. Indi rəsmi Bakı bunu kompensasiya etmək üçün IŞID-ə qarşı savaşda önəmli aktyor olduğunu təsdiq etmək istəyir.
Dövlət mediası tez-tez Suriyaya gedib-gələnlərin həbsi, silahların tapılıb müsadirə olunması barədə xəbərlər yayır. Ancaq müstəqil analizlər göstərir ki, ailə üzvləri də daxil olmaqla, belələrinin sayı cəmi 200-dür. Bu da Suriyadakı 27 min xarici döyüşçünün az bir hissəsini təşkil edir.
Bundan başqa, şiə azərbaycanlıların Suriyaya döyüşməyə getdiyi barədə məlumata rast gəlinmir. Ancaq Azərbaycan mediası mühafizəkar Nardaran kəndi ilə qlobal konfliktlər arasında bağlantı yaratmağa səy göstərir. Ola bilsin, prezident Əliyev statistik məlumatları şişirtməklə, Azərbaycanın dini xaosa sürüklənməsinin qarşısını alan açar şəxs olması barədə görüntü yaratmaq istəyir.