“Bu adam məni «bandotdel»də toka verib»
“Mən elə bilirdim ki, müstəntiq araşdırma aparacaq, həqiqəti üzə çıxaracaq. Amma doqquz ayda müstəntiq görmədim. Indi də cinayət törədənləri məhkəməyə zərərçəkmiş kimi çağırırlar, günahsız adamlar isə zindanda qalıb”.
Bunu “Nardaran işi” üzrə təqsirləndirilən şəxslər arasında ən yaşlılardan biri olan Ibrahim Xudaverdiyev məhkəmədə deyib.
9 aydır bədənindəki güllələr niyə çıxarılmır?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və daha 16 nəfərin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Nardaran əməliyyatında iştirak etmiş polislərin dindirilməsi mərhələsidir. Onlar da əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin (BMCMI) əməkdaşlarıdır.
Avqustun 26-da keçirilən məhkəmə iclasında vəkillər təqsirləndirilən şəxslərin tibbi ekspertizadan keçirilməsi barədə vəsatət veriblər. Qeyd ediblər ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı istisna olmaqla, digər 17 təqsirləndirilənin hamısı məhkəmədə ifadə verərkən işgəncəyə məruz qaldığını deyib.
Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova isə məhkəmənin nəzərinə çatdırıb ki, Nardaran əməliyyatı zamanı polislərin atdığı güllələr hələ də hüquqlarını müdafiə etdiyi şəxsin bədənində qalmaqdadır. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin ekspertizadan keçirilməsilə yanaşı, həm də cərrahiyyə əməliyyatı vasitəsilə bədənindən güllələrin çıxarılması barədə vəsatət qaldırıb.
Məhkəmə ekspertiza ilə bağlı vəsatətləri təmin edib.
“Polis psixiatrik ekspertizadan keçirilsin”
Bundan sonra ötən məhkəmə iclasında ifadə vermiş BMCMI əməkdaşı Elçin Tağıyevin dindirilməsi davam edib. O deyib ki, əməliyyat zamanı əyinlərində zirehli gödəkçə olub. Vəkil Elçin Sadıqov ondan soruşub ki, belə olan halda, dünyasını dəyişmiş polislərdən birinə qarın nahiyəsindən necə güllə dəyib? Elçin Tağıyev suala belə cavab verib: “Mənim özümdə gödəkçə var idi, başqalarını deyə bilmərəm”.
Təqsirləndirilən Cabbar Cabbarov məhkəmənin nəzərinə çatdırıb ki, saxlanıldıqdan sonra maşında ona işgəncə verənlərdən biri Elçin Tağıyev olub. Polis isə bu barədə deyilənləri qəbul etməyib.
Ümumiyyətlə, Elçin Tağıyevin vəkillərin suallarının bir çoxuna “xatırlamıram” cavabını verməsinin nəticəsi olaraq, müdafiəçi Nemət Kərimli onun psixiatrik ekspertizadan keçirilməsi, hadisə günü olanları xatırlayıb-xatırlamaması məsələsinin müəyyənləşdirilməsi barədə vəsatət qaldırıb. Vəsatətin müzakirəsi növbəti məhkəmə iclasına qalıb.
“Bizə bu adam işgəncə verib…”
Daha sonra BMCQMI-nin başqa bir əməkdaşı Hikmət Əliyev ifadə verib. O da noyabrın 26-da Nardaran əməliyyatında iştirak edib.
Ifadəsində deyib ki, işlədiyi idarəyə Taleh Bağırovun Nardaranda silahlı dəstə yaratması, hakimiyyəti zorla ələ keçirmək istəməsi barədə məlumat daxil olub, bununla əlaqədar əməliyyat günü səhər müşavirə keçirilib. Dediyinə görə, əməliyyat zamanı Nardarandakı evə çatanda polislər xəbərdarlıq atəşi açıblar.
Hikmət Əliyev qeyd edib ki, əməliyyat zamanı Ibrahim Xudaverdiyevi zərərsizləşdirib: “Əlində bıçaq var idi, mənə müqavimət göstərmək istəyirdi. Baxış zamanı cibindən qumbara çıxdı”.
Təqsirləndirilən Ibrahim Xudaverdiyev isə onu tutan şəxsin Hikmət Əliyev olmadığını bildirib: “Məni evin içində yox, mətbəxin qapısının yanında tutublar. Başa düşmürəm, nə fərqi var ki, məni tutanı yox, başqasını göndərirlər bura, o da gəlib belə deyir”.
Təqsirləndirilən şəxslərdən Əli Nuriyev deyib ki, ona “bandotdel”də işgəncə verənlərdən biri Hikmət Əliyev olub. Onun sözlərinə görə, H.Əliyev əllərini qandallayıb və Kərim Əlimərdanovla birlikdə onu toka verib. Ə.Nuriyev əllərində olan izləri də hakimlərə göstərib: “Amma mənə məcburi şəkildə imzanı Islam Ağabəyov atdırıb. Qardaşım və əmim oğlunun şəkillərini mənə göstərib dedi ki, ”onların da sənin yerində olmasını istəmirsənsə, qol çək”. Mən də məcbur olub çəkdim”.
Təqsirləndirilən Rasim Cəbrayılov da H.Əliyev tərəfindən işgəncəyə məruz qaldığını deyib.
Amma H.Əliyev adamlara işgəncə verməsi barədə deyilənləri təkzib edib. Bildirib ki, ola bilsin, onu kiminləsə səhv salırlar: “Mən başqa bir bölmədə işləyirəm, adi bir işçiyəm, kiməsə göstəriş verə bilmərəm”.
Məhkəmə prosesi avqustun 31-də davam edəcək.