Yusif Ələkbərov: «Əgər biz mütəşəkkil dəstə olsaydıq, Cahangir Hacıyev məni həbs etdirməzdi»
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha yeddi nəfərin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Məhkəmə prosesində təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsidir.
Bugünkü məhkəmə iclasında C.Hacıyevin tabeliyində işləmiş, hazırda isə onunla birlikdə mühakimə olunan, Beynəlxalq Bankın keçmiş filial müdirləri ifadə veriblər. Onlar daha çox rəhbərlik etdikləri filiallardan böyük məbləğdə kreditlərin ayrılması ittihamı üzrə sualları cavablandırıblar.
“Mən Cahangir Hacıyevdən o sənədləri tələb edə bilməzdim”
Təqsirləndirilən şəxslərdən 2004-2010-cu illərdə bankın Mərkəz filialının rəhbəri olmuş Anar Sultanov deyir ki, təlimata görə, filial baş idarənin göstərişi olmadan təminatsız 2 min, təminatlı 5 min manat kredit verə bilərdi: “Bundan yuxarı kreditlər isə Kredit Komitəsi, Idarə Heyəti kimi qurumların qərarı ilə ayrılırdı. Idarə Heyətinin qərarlarının icrası da mənim üçün məcburi idi. Baş idarə qərar verəndən sonra da böyük məbləğdə kredit ayrılması məsələsində filial daha çox texniki rol oynayırdı”.
A.Sultanov sualları cavablandırarkən təsdiqləyib ki, onun rəhbərlik etdiyi filialdan C.Hacıyev və onun yaxınlarının, o cümlədən həyat yoldaşı Zamirə Hacıyeva, qızı Leyla Mahmudova (keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini-red.), sürücüsü Aydın Mehdiyev və digərlərinin adlarına plastik kartlarla milyonlarla manat həcmində kreditlər verilib.
Dövlət ittihamçısının “Cahangir Hacıyev və yaxınlarına kredit ayırarkən onlarla bağlı sənədləri, kreditin qaytarılma riski və s. məsələləri araşdırdınızmı?” sualına A.Sultanov belə cavab verib: “Mən ondan bu sənədləri tələb edə bilməzdim. Bizim bu işdə rolumuz sırf texniki məsələ olub”.
C.Hacıyevin sürücüsünün adına hansı əsasla 9 milyon manat kredit ayırması barədə suala cavabında bir daha vurğulayıb ki, Idarə Heyətinin qərarının icrası onun üçün məcburi idi.
Bununla belə, Anar Sultanov C.Hacıyevin suallarını cavablandırarkən deyib ki, ondan qaydaların pozulması, sənədlərin toplanmaması barədə heç bir göstəriş almayıb.
“Cahangir Hacıyevi bir dəfə görmüşəm…”
2014-2015-ci illərdə Mərkəz filialının müdiri Ilqar Abdullayev də təqsirləndirilən şəxs qismində ifadə verib. Ona həmin filialda müdir müavini olduğu dövrdə imzaladığı üç kredit müqaviləsinə görə ittiham verilib. Deyir ki, həmin vaxt müdir Yusif Ələkbərov işdə olmadığından müqavilələri özü imzalayıb. Amma götürülən vəsaitin hara və necə sərf olunduğunu bilmir: “Cahangir Hacıyevi bircə dəfə görmüşəm – müdir vəzifəsinə təyin olunanda Idarə Heyətinin iclasında. Ona görə də bizə verilən mütəşəkkil dəstə ittihamı mümkün olan iş deyil. Mən nə dəstə üzvü olmuşam, nə də mənimsəmədə iştirak etmişəm. Sadəcə vəzifəmdən irəli gələn işləri görmüşəm. Idarə Heyətinin qərarlarını icra eləmişəm. Həmin qərarların qanuniliyininin yoxlanılması filialın səlahiyyətində deyildi. Cahangir Hacıyevin adından mənə göstərişləri 3 nəfər – Emin Mustafayev, Anar Sultanov və Anar Bəkirov verib”.
“1 milyon 800 min manatdan söhbət gedirdi…”
Filialın müdiri olmuş Yusif Ələkbərov özü də təqsirləndirilən şəxslər arasındadır. O, bundan əvvəl də Beynəlxalq Bank işinə görə məhkum olunub və şərti cəza alıb. O, rəhbərlik etdiyi filialın müştərisinin hesabından pulun mənimsənilməsinə görə cəzalandırılıb: “Necə mütəşəkkil dəstədir ki, mən bircə dəfə də olsun, Cahangir müəllimin kabinetində olmamışam. Mənim əvvəlki işimdə 1 milyon 800 min manatdan söhbət gedirdi. Əgər biz mütəşəkkil dəstə olsaydıq, Cahangir Hacıyev məni həbs etdirməzdi. Ona görə də mütəşəkkil dəstə və mənimsəmə ittihamı mənə gülməli gəlir”.
Y.Ələkbərov qeyd edib ki, Idarə Heyətinin qərarı əsasında kredit müqaviləsi rəsmiləşdirildikdən sonra pullar baş ofisdən götürülüb, həmin vəsaitləri kimin götürməsi, hara yönəltməsi barədə isə məlumatı yoxdur.
C.Hacıyev də təsdiqləyib ki, bu işçisi barədə prokurorluğa müraciət edib.
Fındıq zavoduna ayrılan kredit vergi orqanının hesabına gedib
Təqsirləndirilən Kənan Orucov 2003-2015-ci illərdə bankın Nəqliyyat filialının müdiri olub. Onun rəhbərliyi dövründə bu filialdan bankın müxtəlif strukturlarının mühafizəsini həyata keçirən “Inter Security” şirkətinin 18 əməkdaşının adına 16 milyona yaxın kredit ayrılıb: “Bizə belə bir göstəriş verilmişdi. Biz rəsmiləşdirməni həyata keçirdik, pulu isə baş idarədən götürdülər. Ümumiyyətlə, bizə göstəriş verilirdi ki, kreditlər ayrılsın, amma o kreditlərin hara getdiyini mən bilmirdim”.
Bu yerdə C.Hacıyev qısa arayış verib: “Məsələn, Bakı Fındıq Emalı zavoduna ayrılmış kredit vergi orqanının hesabına köçürülmüşdü. Ona görə deyirəm ki, sənədlər ortaya qoyulsun, pulların zəncirvari qaydada haraya getdiyi müəyyənləşdirilsin”.
“Niyə yalan danışırsız?”
2001-2011-ci illərdə bankın Nərimanov, bundan sonra isə Sənaye filialının müdiri olmuş təqsirləndirilən Məmməd Cahangirov ifadə verərkən onunla C.Hacıyev arasında qalmaqal yaranıb.
“Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev mənə zəng edib deyirdi ki, bu qədər kredit ayrılmalıdır. Aydın Mehdiyevin adına verilmiş kredit Ukraynada metal alveri biznesinə yönəlmişdi. Mən ayırmırdım, mütəmadi zəng eləyirdi. Məcbur olub Akif Əliyevin yanına gedib deyirdim ki, Aydın Mehdiyev zəng eləyir. Akif Əliyev əleyhinə idi. Yəni bir tərəfdən o, zəng eləyirdi, bu da imkan vermirdi. Axırda mən Akif Əliyevin otağında olanda o, Cahangir Hacıyevlə əlaqə saxladı. Həmin vaxt Cahngir Hacıyev Akifə dedi ki, ayrılsın. Bundan sonra kredit ayrıldı”, – Məmməd Cahangirov bildirib.
O, qeyd edib ki, bu cür əməllərin qarşısını almaq gücündə olmayıb: “Biz nə edə bilərdik ki? Sadəcə, baş idarəyə memorandumda yaza bilərdik ki, bu cür kreditlərin ayrılması təhlükəlidir. Ancaq bu da o demək idi ki, biz öz hökmümüzü çıxarardıq. Bir məsələ də var ki, bir yox, on Məmməd də etiraz etsəydi, o vəsait həmin gün çıxmalıydısa, çıxacaqdı”.
C.Hacıyev prokurorun sualına cavab olaraq bu məsələyə aydınlıq gətirərkən bildirib ki, sürücüsü Aydın Mehdiyevlə Məmməd Cahangirov Ukraynada armatur biznesində şərik olub: “Sonradan onların arasında bu məsələ ilə əlaqədar problem yaşandı. Buna görə də Məmməd Cahangirovun işlədiyi filial dəyişdirildi”.
M.Cahangirov C.Hacıyevin dediklərinə sərt şəkildə etiraz edib: “Allahınız olsun, niyə yalan danışırsız? Mənim o biznesə aidiyyətim olmayıb axı… Mənim iş yerimin dəyişdirilməsi də rotasiya qaydasında olub”.
C.Hacıyev isə dediyini bir daha təsdiqləyib.
“Bu gün ona görə buradayam ki, onlar məsuliyyətə cəlb olunmasın”
Beynəlxalq Bankın müxtəlif strukturlarının mühafizəsini həyata keçirmiş “Inter Security” MMC-nin rəhbəri Ibrahim Hüseynov da təqsirləndirilən şəxslər sırasındadır. O, təsdiqləyib ki, adlarına kredit rəsmiləşdirilməsi üçün işçilərini göndərib: “Aydın Mehdiyev zəng edirdi ki, etibarlı müştərilərdən göndər, bu qədər kredit almaq lazımdır. Mən də işçilərimdən göndərirdim. Bu məsələdə heç bir marağım olmayıb. Sadəcə, bir etibarlı adam kimi, mənə deyirdilər, mən də edirdim. Işçilərin də mənə hörməti var idi. Bilirdilər ki, bu işin arxasında mən dayanıram, onlara cavabdehəm. Bu gün ona görə buradayam ki, onlar məsuliyyətə cəlb olunmasın”.
Məhkəmə avqustun 29-da davam edəcək.
Qeyd edək ki, C.Hacıyev və digərlərinə qarşı CM-nin 179-cu (mənimsəmə və ya israfetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Aytən