Elxan Şahinoğlu: «Azərbaycanda Gülənçilərə qarşı real mübarizə aparılmasa, bu, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər»
Türkiyə hakimiyyətinin Fətullah Gülən məsələsində prinspial mövqe tutması Azərbaycan iqtidarını hərəkətə gətirib. Amma iqtidar Azərbaycanda real olaraq Gülənlə ələqəsi olanları deyil, siyasi rəqiblərini hədəfə alıb.
Vəziyyəti kompensasiya etmək üçün bir neçə il əvvəl baş verən “nurçu qalmaqalı”nda adı hallanan şəxslər önə çıxarılır. Bu sırada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Elnur Aslanov, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, keçmiş deputat Ceyhun Osmanlının adlarını çəkmək olar. Artıq yenidən bu şəxslərlə bağlı məlumatlar iqtidar mediasının manşetlərini bəzəməyə başlayıb.
Yada salaq ki, adıçəkilən şəxslər bir neçə il əvvəl baş verən “nurçu qalmaqalı”nda küncə sıxışdırılıblar.
Hakimiyyət daxilində isə “gülənçilər”ə yaxınlığı şübhə doğurmayan daha iri məmurlar var. Lakin görünən odur ki, hakimiyyət “vurulmuş” kadrları qurban verməklə iri məmurları qorumağa çalışır.
Izmirdə 15 iyul hadisələrindən sonra haqlarında saxlanılma qərarı çıxarılan Petkim – Petrokimya Holdinq əməkdaşlarının əksəriyyətinin Türkiyədən qaçdığı ortaya çıxıb.
Türkiyənin nüfuzlu nəşrlərinin yaydığı məlumata görə, Izmirdə FETÖ istintaqı çərçivəsində “Petkim” Petrokimya Holdinqin 61 işçisi haqqında həbsÿqərarı verilib. Saxlanılaraq məhkəməyə sövq edilən aralarında Petkimin keçmiş direktoru Sadettin Korkut də olduğu 37 nəfərdən 13-ü silahlı terror təşkilatının üzvü olmaq iddiası ilə həbs edilib, 15-i isə şərti olmaqla ümumilikdəÿ24 nəfər sərbəst buraxılıb.ÿQalan 24 nəfərin isə istintaqdan yayındığı bildirilir.
Real olaraq SOCAR, PETKIM-lə bağlı heç bir addım atmayan hakimiyyətin bu kursdan nə qədər yayına biləcəyi maraq doğurur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, hazırda hakimiyyət daxilində Gülən məsələsinə münasibətdə iki fərqli yanaşma müşahidə olunur. Hələ də SOCAR-la bağlı əksər sualların cavabsız qaldığını deyən E.Şahinoğlu vurğuladı ki, şirkət rəhbərliyinə bu qədər Gülənçinin necə yol tapdığı açıqlanmır: “Açıqlanmalıdır ki, SOCAR-ın ən böyük layihəsi olan PETKIM-ə bu qədər Gülənçi necə yol tapıb. Axı bu layihə üzrə təyinatlar Bakıdan həyata keçirilib. Amma hazırda hiss olunur ki, hakimiyyətdə bir qrup da var ki, onlar bütün bu məsələlərə aydınlıq gətirilməsini istəyir. Buna misal olaraq iki faktı qeyd etmək yerinə düşər. Hakim partiyanın qəzetində keçmiş Gülənçilər barəsində məlumat gedib. Məsələn, Elnur Aslanov haqqında hakimiyyət, ümumiyyətlə, heç nə danışmırdı. Gülənlə əlaqəli olması haqqında da bir məlumat vermirdilər. Amma ”Səs” qəzetində də yazılan məqalə göstərdi ki, “Gülən şəbəkəsi”nə bağlı olan bir neçə millət vəkili də proseslərin içində olub. Bundan başqa, 2008-ci ildə Gülənə qarşı etirazla bağlı baş vermiş bir hadisənin indi yada salınması təsadüfi deyil”.
E.Şahinoğlunun fikrincə, bu faktın indi ortaya çıxması təsadüfi deyil. Görünür, hakimiyyətin bir qrupu bu məsələləri önə çəkməklə onu göstərməyə çalışır ki, Azərbaycanda Gülənçilər güclü qüvvəyə çevrilib və onlara qarşı mübarizə aparılmalıdır: “Amma SOCAR rəhbərliyi onunla özünə təsəli verir ki, Rövnəq Abdullayevin Türkiyəyə səfəri zamanı Azərbaycan şirkəti ilə bağlı problem yoxdur. Amma bu, mətbuata verilmiş açıqlamadı. Yəqin ki, Rövnəq Abdullayevə Türkiyə hökumətinin narahatlığı çatdırılıb”.
E.Şahinoğluya görə, Türkiyədəki dairələr Azərbaycandakı real durumu anlayırlar. E.Şahinoğlunun fikrincə, hazırda Gülənçi damğası ilə həbs olunan müxalifətçilərin günahsız olduğu bir müddət sonra tam formada ifşa olunacaq: “Əsas fiqurlar qalmışkən, Gülənin kitabına ön söz yazan, Gülənin maliyyəsi ilə Pensilvaniyaya səfər edib, onunla görüşənlər qala-qala digərlərinin həbsi məntiqsizlikdir. Yəqin ki, bu məsələlərə yaxın zamanlarda aydınlıq gətiriləcək. Əks halda bu, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. Çünki Türkiyə Azərbaycandakı real vəziyyəti bilir. Yəni Gülən şəbəkəsinə aid əsl fiqurlar məsuliyyətə cəlb olunmalıdır”.
Xəyal