YAP-çılar həbs olunanda niyə siyasi kimlik qabardılmır?
Ölkədə saxtakarlıq, hüquqsuzluq, ədalətsizlik elə qol-qanad açıb ki, bunu sübuta yetirmək üçün samballı dəlillərə ehtiyac yoxdur. Çünki, bütün bu eybəcərliklər açıq şəkildə həyatımızı mühasirəyə alıb.
Artıq hansısa ictimai-siyasi fəal həbs olunanda adamlar “ona qarşı hansı ittihamı irəli sürdülər” sualı verirlər. Hamı başa düşür ki, müxalifətçi həbs olunubsa, ya cibindən narkotik çıxaracaqlar, ya xuliqanlıqda suşlayuacaqlar, ya da “polisə müqavimət” maddəsi işə düşəcək. Daha iri fiqurları isə “vətənə xəyanət”, “vergidən yayınma”, “terrora dəstək” ittihmaları ilə həbs edirlər. Ümumiyyətlə, bizim ölkəmizdə “Səsini çıxarma, cibinə narkotik atarlar” nəsihəti ümummilli xarakter alıb.
Ölkə ictimaiyyəti də, beynəlxalq aləm də hökumətin şərə sədaqətindən xəbərdardı. Son günlər isə “şər sevdalıları” demokratik düşərgəyə “gülənçi” damğası yapışdırmağa çalışırlar. Təbii ki, ortaya çıxan faktlar da bu ittihamın qondarma olduğunu, hökumətin növbəti dəfə AXCP-yə qarşı çirkin kampaniyaya başladıldığını sübuta yetirir.
Amma qanunsuzluqlar təkcə bunlarla yekunlaşmır. Məsələn, AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli həbs olunanda ciddi hüquqsuzluqlar baş verdi. Əvvəla, Faiq Əmirlinin vəkilinin iştirakı olmadan evində axtarış aparıldı, hal şahidlərinin ifadələri nəzərə alınmadı, Faiq Əmirli Gülən təbliğatı aparmaqda ittiham olundu. Hansıki, hələ məhkəmə yekunlaşmayıb və prokuroluğun bu tipli açıqlamalar yayması absurddur. Adamı şərləyib maşınına kitab atmaqları azmış kimi, istintaq yekunlaşmamış hökm də çıxarıblar. Prokuruluq hansı mənbələr istinadən məlumat yayır ki, Faiq bu kitabları yayırmış? Bəlkə, bu kitabları yandırmaq istəyirmiş. Prokuroluq Faiqin məhz harda təbliğat apardığını niyə açıqlamır? Heç bir ittiham faktlara söykənmir. Amma prokurorluğun qərəzli açıqlamaları bunula da yekunlaşmır.
Diqqət etmisizsə, hər dəfə cəbhəçilər həbs olunanda, prokurluq “AXCP üzvü” ifadəsini açıqlamaya mütləq daxil edir. Istər “polisə müqavimət”, istər “xuliqanlıq”, istərsə də “gülənçi” ittihamı olsun. Axı prokurorluğun belə açıqlamalar yaymaqda məqsədi nədir?
Niyə həbs olunan şəxslər YAP üzvü olanda prokurorluq siyasi kimliyi qabartmır? Bu günə qədər yüksək vəzifəli YAP-çılar olub ki, rüsvayçı ittihamlarla həbs ediliblər, YAP vəsiqəsi daşıyan yüzlərlə sadə vətəndaşlar da cinayət məsuliyyətinə cəlb edilib. Əgər prokurorluq obyektiv, qərəzsiz yanaşma sərgiləyirsə, bu adamların da siyasi kimliyi qabardılmalıdır.
Səbəb isə çox sadədir. AXCP üzvləri bir qayda olaraq şərlənib həbs edilir. Hökumətin də məqsədi budur ki, bu adamların siyasi kimliyini önə çəkərək, cəmiyyətdə AXCP-nin nüfuzunu azaltsın, partiya haqqında mənfi fikir formalaşdırsın. Prokurorluq da bu “çirkin ssenari”yə öz töhfəsini verir. Işin mahiyyəti, açıqlanmalı olan faktlar kənarda qalıb, şəxsin təmsil olunduğu partiya haqqında təbliğat aparılır.
Bütün bunlar bir daha sübut edir ki, Faiq Əmirlinin və digər müxalifətçilərin həbsi siyasi sifarişlə həyata keçirilir və bütün aidiyyyatı qurumlar bu “şər kampaniyası”nın iştirakçısına çevrilib.
Əlbəttə, hüququn, qanunların, ədalətin itkin düşdüyü ölkədə, şərin meydan sulaması təbiidir. Amma bir gün hamı qanun qarşısında cavab verəcək və böhtana məruz qalmış vicdanlı insanlar həqiqi qiymətlərini alacaqlar.
Akif