Dünyanın məşhur kişi inqilabçılarını hamımız tanıyırıq. Amma tarix çox zaman yeni dünya uğrunda həyatını fəda etmiş qadın inqilabçıların fəaliyyətinin üstündən ötəri keçir. Tarix boyunca fərqli dünya ölkələrində dəyişikliklərin baş verməsində boynuna böyük missiya götürmüş yüzlərlə qadın var. Bu qadınlar siyasi çətirin müxtəlif sahələrində yer almışlar. Bəziləri əlinə silah götürərək, bəziləri də qələmini silaha çevirərək, inandıqları dəyərlər uğrunda qətiyyətli mübarizə aparmışlar. Həmin qadınlardan 9 nəfərin hekayəsi ilə siz də tanış olun…
Konstansa Markieviç
Konstansa Markieviç (əsl adı Gore-Booth) Irlandiya əsilli inqilabçı-milliyyətçi görüşə sahib bir xanım olmuş, öz ölkəsinin azadlığı uğrunda böyük mücadilə vermişdir. Irlandiyanın müstəqilliyi uğrunda həyata keçirilən bir çox mübarizələrdə iştirak etmiş, 1916-cı ildəki Pasxa Qiyamının liderlərindən biri olmuşdur. Bu qiyamda geri çəkilib təslim olmaq məcburiyyətində qalmadan öncə ingilis atıcıları tərəfindən yaralanmışdır. Qiyam sonrası həbs cəzasına məhkum edilən yetmiş adam arasında tək qadın idi. Ölüm cəzası almış, ancaq qadın olduğu üçün bağışlanmışdır. Maraqlıdır ki, ölümdən qurtulmasını “mən zavallı bir qadınam, bir qadını vura bilməzsiniz” deyiminə borclu olduğu şəklində yaymışlar. Ancaq gerçək ifadəsi məhkəmə sənədlərində bu şəkildədir: “Sizlər məni vuracaq qədər dürüst ola bilsəydiniz keşkə…” Konstansa dünyada dövlət naziri vəzifəsini daşıyan ilk qadınlardan biri olub (Irlandiya Respublikası Əmək Nazirliyi, 1919-1922). O, eyni zamanda Ingilis Avam Kamerasına seçilən ilk qadındır (dekabr 1918). Amma o bu məqamı, “Sinn Fein” təşkilatının sandıq əleyhdarı siyasətinə uyğun olaraq rədd etmişdir.
Petra Herrera (Petra Herrera)
Meksika inqilabı zamanı “soldaderas” deyə bilinən qadın əsgərlər tez-tez təcavüzə məruz qaldıqlarına baxmayaraq, kişilərlə birlikdə döyüşə qatılmışlar. Ən tanınmış “soldaderas” lardan biri olan Petra Herrera qadın olduğunu gizləyərək, “Pedro Herrera” adıyla döyüşmüşdür. Pedro adıyla xüsusi cəsurluqlar (məsələn, körpüləri havaya uçuraraq) göstərmiş və cinsiyyətini ancaq müəyyən vaxtdan sonra açıqlamışdır. 30 may 1914-cü ildə təxminən 400 qadınla birlikdə Ikinci TORREON döyüşünə qatılmış və bu döyüşdəki qəhrəmanlığı ilə aləmə səs salmışdır. Ancaq təəssüf ki, komandan Panço Villa bu zəfəri bir qadının hesabına yazmaq məsələsini özünə sığışdırmamış, Herreranın general rütbəsi almasına imkan verməmişdir. Petra da buna bir cavab olaraq Villanın ordusunu buraxmış, yalnız qadınlardan ibarət olan öz birliyini qurmuşdur.
Nvanyeruva (Nwanyeruwa)
Igbo qəbiləsinə mənsub nigeriyalı Nvanyeruva müstəmləkəçilik dövründə Qərbi Afrikadakı ingilis hökmranlığına qarşı ilk məşhur mübarizə olaraq xatırlanan döyüşü başladan qadındır. Tarix 18 noyabr 1929-cu il. Nvanyeruva əhalini siyahıya alan məmur Mark Emereuva “keçilərini, qoyunlarını və insanlarını sayacaqsan” dediyi zaman buna qarşı çıxdı. Bu, dövlətin ondan vergi alacağı anlamına gəlirdi və ənənəyə görə qadınlardan vergi alınmazdı. Nvanyeruva məsələni digər qadınlarla məsləhətləşdi və iki ay boyunca davam edən “Qadınların Döyüşü” olaraq adlandırılan etirazlar baş verdi. Bölgənin hər yerində iyirmi beş min qadın bu hərəkatlara qatıldı. Yeni çıxarılan vergi qərarları və ingilislər tərəfindən təyin olunmuş idarəçilərin hüdudsuz səlahiyyətlərinə etiraz edildi. Bunun nəticəsində qadınların vəziyyəti yaxşılaşdırıldı, ingilislər vergi planlarını geri çəkdi və bir çox idarəçi istefa verməli oldu.
Lakşmi Sehqal (Lakshmi Sehgal)
Xalq arasında “Komandir Lakşmi” olaraq tanınan Lakşmi Sehqal hind müstəqillik hərəkatı inqilabçılarından biri olub, Hindistan Milli Ordusunda xidmət etmiş və daha sonra Azad Hind hökumətində Qadınlar Naziri vəzifəsini icra etmişdir. 1940-cı illərdə müstəmləkə Hindistanında ingilis iqtidarını devirmək üçün döyüşən və hamısı qadınlardan ibarət “Chansi Kraliçası” alayının komandiri idi. “Chansi Kraliçası” alayı Ikinci Dünya Müharibəsinə qatılan ordular içində yalnız qadınlardan ibarət olan azsaylı hərbi birliklərdən olub. Alay adını da Hind tarixindəki başqa məşhur qadın inqilabçı olan, 1857-ci il Hind üsyanının öndə gələn adı Rani Lakşmibaidən alıb.
Nadejda Krupskaya (Nadejda Krupskaya)
Nadejda Krupskayanı çoxumuz yalnız Leninin həyat yoldaşı kimi tanıyırıq. Amma Nadejda, eyni zamanda bir inqilabçı bolşevik və həm də siyasətçi idi. 1929-cu ildən 1939-cu ilə- vəfatına qədər Sovetlər Birliyində Təhsil Nazirinin müavini daxil olmaqla, müxtəlif siyasi işlərdə çalışmışdır. O, eyni zamanda təhsil sahəsində də öhdəsinə bir sıra vəzifələr boynuna götürdü. Inqilabdan əvvəl qitə daxilində çoxu şifrəli edilən və kod açma işi tələb edən yazışmalara baxan “Iskra” qrupunda katibə olaraq çalışmışdır. Inqilabdan sonra isə həyatını hər kəsin, o cümlədən fəhlə və kəndlilərin istifadə edə biləcəyi kitabxanaların açılması, təhsil imkanlarının yaradılmasına həsr emişdir.
Blanka Canales (Blanca Canales)
Blanka Canales Porto Riko Milliyyətçi Partiyasının qadın şöbəsi olan “Azadlığın Qızları” təşkilatının qurulmasında rolu olan biriydi. CAYUYA Qiyamı olaraq bilinən, tarixdə ABŞ-a qarşı baş verən üsyanın liderliyini edən qadınlardan biri olub. 1948-ci ildə “Tıxac Aktı” və ya 53 nömrəli Qanun olaraq bilinən qadağanedici qayda regional hökumətə zərər vermə və ya hökuməti yıxmağa yönəlmiş hər cür materialın nəşr olunmasını, satışını və ya sərgilənməsini cinayət sayırdı. Milliyyətçilər isə buna cavab olaraq silahlı inqilab başlatmağa yönəlmiş planlar qurmağa başladı. 30 oktyabr 1950-ci ildə Blanka və yoldaşları Blankanın evində saxladığı silahları alaraq CAYUYA şəhərinə girdilər və polis mərkəzini ələ keçirdilər. Tıxac Qanununa cavab poçt idarəsini yandırdılar, telefon xətlərini kəsdilər və binaya Porto Riko bayrağı asdılar. Sonra ABŞ prezidenti hərbi vəziyyət elan edərək, şəhərə qurudan və havadan silahlı əməliyyat təşkil etdi. Milliyyətçilər bir müddət müqavimət göstərdi, ancaq üç gündəlik müqavimətdən sonra həbs olunan Blanka ömürlük həbs cəzası aldı. CAYUYA şəhəri böyük zərər gördü və bu hadisə Amerika mediası tərəfindən, hətta ABŞ prezidenti tərəfindən belə, üsyan deyil, “Porto Rikalıların öz aralarında çıxan bir məsələ olduğunu” iddia etdi.
Celia Sançez (Celia Sanchez)
Çoxumuz Fidel Kastronu və Çe Qavaranı tanıyırıq, amma Celia Sançez adını, yəqin ki, az adam eşidib. Sançez Kuba inqilabında önəmli rol oynayan qadınlardan biridir və hətta mühüm işlərdə qərarları verən əsl şəxsin o olduğu deyilər. 10 Mart 1952-ci il çevrilişindən sonra Celia Batista hökumətinə qarşı həyata keçirilən müqavimət hərəkatına qatılmışdır. 26 iyul Hərəkatının təşkilini, inqilab boyunca qarşıdurmaların liderliyini etmiş, hətta Batistanın devrilməsi üçün Meksikadan Kubaya 82 döyüşçünün daşınmasını da o planlamışdır. Celia inqilabdan sonra ölümünə qədər Kastronun yanında fəaliyyətini davam etdirmişdir.
Ketlin Neal Cleaver (Kathleen Neal Cleaver)
Ketlin Neal Cleaver 1966-cı ildə KaliforniyaÿəyalətininÿOaklandÿbölgəsində qaradərililərin hüquqlarını müdafiə məqsədi ilə yaradılan Qara Panter Partiyasının üzvü və partiyanın səsvermə haqqına sahib ilk qadın təmsilçisi olub. Partiyanın sözçüsü və mətbuat katibliyini icra edib. O, eyni zamanda partiyanın həbsdəki müdafiə işləri üzrə məsul şəxsi Huey Nyutonun sərbəst buraxılması üçün keçirilən milli səviyyəli kampaniyanın da təşkilatçısı idi. Qara Panter partiyasının üzvlərinin çoxunun kişilər olduğu söylənsə də, Cleaver və Angela Devis kimi qadınlar bir arada Partiyanın üçdə ikisini təşkil edirdi.
Esma Mahfuz (Esma Mahfuz)
Esma Mahfuz günümüzdə çoxlarının adını eşitdiyi və tanıdığı bir inqilabçıdır. Məhfuz 2011-ci ilin yanvar ayında xalqı Təhrir Meydanına çağıraraq, Misirdəki üsyanı alovlandıran şəxs kimi tanınır. Misir inqilabının liderlərindən biri olaraq qəbul edilən Mahfuz Misirdəki inqilabın Gənclik Koalisiyasının da tanınmış üzvüdür.
Hazırladı: Mirəli