AXCP sədrinin hazırda 13 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan qaynı Elnur Seyidov bu gün vəkili ilə görüşüb. Vəkil Fəxrəddin Mehdiyev görüşdən sonra Azadlıq qəzetinin əməkdaşına deyib ki, Elnur Seyidov özünü normal hiss edir. E.Seyidov ölümlə təhdid olunması barədə məsələni vəkilinə anladıb. Lakin həyatına olan təhdidin detallarının hələlik mətbuata açıqlanmasını istəməyib.
Bu arada gununsesi.info saytı E.Seyidovun karsa salındığı haqdə məlumat yayıb. Bu barədə suala cavabında vəkil məlumatı təsdiqləməyib.
F.Mehdiyev zərurət yaranacağı halda mətbuata əlavə məlumat açıqlayacaqlarını bildirib.
Elnur Seyidovun başına gələnləri detallı şəkildə açıqlamaqdan ehtiyatlanması başa düşüləndir. Hər halda o, hələ də onu təhdid edənlərin əlindədir.
AXCP sədri Əli Kərimli də qaynının məhz hələ də onu təhdid edənlərin girovluğunda olduğu üçün başına gələnləri mətbuata detallı açıqlamadığını qeyd edib. O bu barədə feysbuk səhifəsində yazıb.
“Bu gün vəkil Fəxrəddin Mehdiyev siyasi girov, qaynım Elnur Seyidovla görüşə bilib. Elnur onun həyatına olan təhdidləri vəkilinə anladıb. Ona olan təzyiq və təhdidin detallarını hələlik mətbuat üçün açıqlamayıb. Başa düşüləndir. Elnur hələ bundan sonra da girovluqda saxlanacaq axı. Elnurun həyatına təhlükə tam olaraq aradan qalxmasa da, hər halda indilik bu təhlükəni adlatdığımızı düşünürəm. Dünən axşamdan Elnurun həyatına yaranan təhlükəyə biganə qalmayan, bizimlə həmrəyliyini müxtəlif formalarda ifadə edən, narahat olan hər bir şəxsə təşəkkür edirəm!”, – deyə Ə.Kərimli bildirib.
Məsələni diqqətdə saxlamaqda davam edəcəyik.
Xatırladaq ki, Elnur Seyidov 2012-ci ilin martında “Texnikabank” işinə görə həbs edilib. Elnur Seyidova qarşı ittihamlar sübuta yetirilməsə də, o, 7 il 6 ay azadlıqdan məhrum edilib.
Elnur Seyidovun səhhətində ciddi problemlər var. O, təhlükəli xəstəliklər kateqoriyasına aid edilən dağınıq sklerozdan əziyyət çəkir.
“Texnikabank” işinə gəlincə, MTN ətrafında məlum hadisələrdən sonra bəlli olub ki, bu, bankı ələ keçirmək məqsədilə saxtakarlıqla quraşdırılan cinayət işidir. Bankın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun Əli Kərimli ilə qohumluğu eyni zamanda, onlara AXCP sədrindən bu yolla qisas almaq fürsəti də yaradıb. Təsadüfi deyil ki, “Texnikabank” işinə görə həbs olunanlar sonradan azadlığa buraxıldılar. Hətta iş materiallarında “mütəşəkkil cinayətkar dəstənin başçısı” kimi təqdim edilən bankın rəhbəri Etibar Əliyev də az sonra həbsdən buraxıldı. Amma Elnur Seyidov bu günə qədər həbsdə saxlanılır.