AXCP Gənclər Komitəsi Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayevin vəkili Asabəli Mustafayevin müdafiə etdiyi şəxslə görüşünə növbəti dəfə əngəl yaradılıb. Bu barədə “Azadlıq”a vəkilin özü məlumat verib.
Onu sözlərinə görə, saatlarla Sumqayıt Şəhər Idarəsi Polisinin qarşısında dayansa da, rəisinin olmadığını bəhanə gətirərək ona görüş verilmir. Halbuki vəkilin müdafiə etdiyi şəxslə görüşməsi üçün rəisin icazəsinə ehtiyac yoxdur.
Vəkil 102 xidmətinə zəng etdiyini, lakin heç bir nəticənin olmadığını deyir: “Artıq 4-cü dəfədir Ruslanla görüşə imkan vermirlər. Iki cəhddən sonra iyulun 25-də görüşə icazə verildi. Rəisin olmadığını bəhanə gətirirlər. Ancaq vəkilin müdafiə etdiyi şəxslə görüşməsi üçün rəisin icazəsinə ehtiyac yoxdur. 102 xidmətinə zəng etmişəm, nəticəsi yoxdur. Ombudsman Aparatına zəng etdim, dedilər araşdırırıq. Ancaq nəticə yoxdur”.
DIN-dən isə “Azadlıq”a məsələnin araşdırılacağını bildiriblər. Ombudsman Araratından da bildiriblər ki, vəkilin müraciəti araşdırılır və qanun çərçivəsində ona köməklik göstəriləcək.