Nemət Əliyev: «Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın tədiyyə balansında kəsirin böyüməsi ilə nəticələnəcək»
Iyunun sonundan iyulun sonuna qədər neft 10 dollar, yəni 20 faiz dəyər itirib. Hazırda dünya bazarında neftin bir barrelinin qiyməti 41 dollar çivarındadır. Bu tendensiya neft gəlirlərindən asılı olan ölkələr üçün yeni problemlər yarada bilər.
Çünki yaxın perspektiv üçün proqnozlarda neftin qiymətinin artacağı ilə bağlı gözlənti yoxdur. Bu isə o deməkdir ki, Azərbaycana gələn neft gəlirləri bir qədər də aşağı düşəcək. Bu isə mənfi saldo anlamına gəlir. Ixracı, demək olar, neft və neft məhsullarından asılı olan Azərbaycan ölkəyə valyuta cəlb etmək üçün qeyri-neft sektorunu inkişaf etdirə bilməyib. Qeyri-neft sektorunun inkişaf etdiriləcəyi ilə bağlı vədlər, atılan “addımlar” heç bir effekt vermir.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, bu tendensiya Azərbaycanın iqtisadiyyatı neftdən asılı olduğuna görə ölkəmizin gəlirlərinə ciddi təsir göstərəcək. N.Əliyevin sözlərinə görə, müəyyən müddət sonra bütövlükdə ölkənin enerji sektoru xarici investorlar üçün cəlbedici olmayacaq. Bir müddət sonra isə xarici investorlar, ümumiyyətlə, Azərbaycandan getməyə başlayacaqlar: “Bu azalma ARDNŞ-in gəlirlərində özünü ciddi təsir göstərəcək. Bu şirkətin xərcləmələrində onsuz da bərdxərclik hökm sürür. Neftin qiyməti hələ 10 dollar aşağı düşməmişdən öncə ARDNŞ xarici mənbələrdən maliyyə vəsaitləri axtarırdı. Belə çıxır ki, neftin qiymətinin aşağı düşməsinin fonunda ARDNŞ-in ehtiyacları daha da böyüyəcəkdir. Eyni zamanda baş verənlər Dövlət Neft Fondunun gəlirlərinə də təsir göstərəcək. Onsuz da Neft Fondu büdcə qarşısında öhdəliyini yerinə yetirməkdə ciddi çətinlik çəkir. Bu durum Neft Fondunun vəziyyətini daha da ağırlaşdıracaq”.
N.Əliyevin sözlərinə görə, neft gəlirlərinin aşağı düşməsi Azərbaycana xarici valyuta axınına ciddi təsir göstərir. Bir zamanlar xarici ticarətdə neftin ixrac payının 94 faizə qalxdığını xatırladan N.Əliyev vurğuladı ki, neftin qiymətinin aşağı düşməsi mal ixracı yolu ilə gələn valyutanı aşağı salır: “Belə bir vəziyyət ölkənin tədiyyə balansına ciddi təsir edir. Onsuz da tədiyyə balansının vəziyyəti ürəkaçan deyildi. 2015-ci ilin yekunlarına görə, təxminən 220 milyon dollardan çox mənfi saldo yaranmışdı. Yəni Azərbaycan artıq vəziyyətə uyğun olaraq aktivlərini satmaq məcburiyyətində qalıb. Çünki başqa imkanlar yoxdur. Itirilmiş valyutanı kompensasiya edə biləcək amil başqa sahələrin inkişaf etdirilməsi ola bilərdi. Amma bu baş verməyib. 2016-cı ilin birinci rübünün yekunlarına görə, tədiyyə balansı üzrə 440 milyon dollardan bir qədər az kəsir əmələ gəlib. Tədiyyə balansında xidmətlər, təkrar gəlirlər üzrə balansı üzrə əməkdaşlıq edilən ölkələrlə kəskin fərq yaranıb. Deməli, Azərbaycan müsbət saldoya yalnız neft amili hesabına nail olub. Bu da dünya bazarında yüksək neft qiymətləri hesabına baş verirdi. Əgər bizim xarici ticarət balansımızda mənfi saldo yaranırsa, sual meydana çıxır, təxminən 6 milyard dollardan ibarət olan kəsiri Azərbaycan hökuməti hansı mənbələr hesabına kompensasiya edəcək. Neftin dünya bazar qiymətlərinin aşağı düşməsi Azərbaycanın tədiyyə balansında kəsirin böyüməsi ilə nəticələnəcək”.
Xəyal