Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri Imran Cümşüdovÿölkə əhalisinin taxıla olan tələbatının həcmini açıqlayıb. Bildirilib ki, ölkə əhalisi, eləcə də mal-qara və quşların baş sayı nəzərə alınmaqla, Azərbaycanda taxıla olan illik tələbat təxminən 3,5-4 milyon ton, o cümlədən ərzaq buğdasına tələbat 1,7 milyon tondur. Daxili istehsal hesabına taxıla tələbatın təxminən 65-70 faizi ödənilir. Tələbatın qalan hissəsi isə idxal hesabına təmin edilir.
Görəsən, təqdim edilən rəqəmlər nə qədər realdır? Taxıla olan ehtiyac doğrudanmı daxili istehsal hesabına ödənilir?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, dünya praktikasına görə, taxıl və çəltik istehsalı adambaşına 300 kq təşkil edir. Bunun da 90 kiloqramı buğdadan ibarətdir. Bizdə isə ərzaq buğdası və mal-qara üçün nəzərdə tutulan qüvvəli yem ehtiyacı daxili istehsal hesabına ödənməlidir. Lakin ölkəyə hər il 1,3, 1,5 milyon ton arası ərzaq buğdası idxal olunur. Bu isə ölkənin ərzaq buğdasına olan ehtiyacının tamamilə idxal hesabına ödənməsi deməkdir: “Mal-qara üçün istifadə olunan taxıl məhsulları ölkənin ətə olan ehtiyacının təxminən 35 faizini, südə olan ehtiyacının isə 50 faizini ödəyir. Ət üçün daha çox qüvvəli yem lazımdır. Bu isə o deməkdir ki, ətə və südə olan ehtiyacın təxminən 40 faizə qədəri daxili istehsal hesabına ödənilir. Yəni ölkədə 3 milyon ton deyil, təxminən, 1 milyon 200, 300 min ton taxıl istehsal olunur. Idxalı və taxıldan alınan məhsulları da nəzərə alsaq, ölkənin ümumi təminatının cəmi 25-30 faizi daxili istehsal hesabına ödənilir. Yemə olan 40 faiz, ümumi tələbatın 30 faizi, buğdanın isə 100 faizi xaricdən gətirilir. Onların nə deməsindən asılı olmayaraq, mənzərə belədir”.
Nigar