Hakimiyyətin konstitusiyaya mürtəcə dəyişiklikləri monarxiyaya yol açır
İyul ayının 27-də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə, regionda və beynəlxalq aləmdə son dövrlərdə cərəyan edən hadisələr müzakirə olunub. Bu barədə azadliq.info-ya Milli Şuradan məlumat verilib.
Məlumatda deyilir ki, iclasda əvvəlcə bundan qabaqkı toplantılarda qəbul edilmiş qərarların icra vəziyyəti yoxlanıb və Milli Şuranın mütəxəssislərin, iqtisadçı ekspertlərin iştirakı ilə hazılanmış ölkədəki acınacaqlı sosial-iqtisadi vəziyyətlə bağlı xalqa müraciəti yüksək qiymətləndirilib.
Müzakirələrin gedişində qeyd edilib ki, ki, Konstitusiyaya dəyişikliklə haqda Referendum Aktı ilə bağlı KM-nin bəyanatının yayılması, eyni zamanda Milli Şuranın rəhbər heyətinə daxil olan tanınmış hüquqşünas Fuad Ağayevin bu sənədə verdiyi geniş rəy ictimaiyyətin hakimiyyətin anti-konstitusion addımları barədə məlumatlandırılması baxımından əhəmiyyətli olmuşdur. Çıxış edənlər ölkənin siyasi sitemi, sosial-iqtisadi həyatı ilə bağlı konstitusiyanın bir sıra təməl maddələrinin tez-tez dəyişdirilməsindən narahatçılıqlarını ifadə edib. Bir qayda olaraq mürtəce mahiyyət daşıyan belə əlavə və dəyişikliklərin ölkədə konstitusiyalı monarxiyaya yol açdığı, Əsas Qanunun mülkiyyət hüququ, insan haqları və vətəndaş hüquqları ilə bağlı bir sıra maddələrini təhlükə qarşısında qoyduğu və bütün bu dəyişikliklərin ölkəyə olan beynəlxalq etimadı şübhə altına aldığı, bu əlavə və dəyişikliklərin xalqın mütləq əksəriyyətinin ehtiyaclarından irəli gəlmədiyi qeyd edilib.
İclasda Konstitusiyaya təklif edilən 30-a yaxan əlavə və dəyişikliklərə Konstitusiya Məhkəməsinin tələm-tələsik, ümumxalq müzakirəsi aparılmadan, 5 iş günü ərzində rəy verməsi pislənilib, hətta Sovet dövründə formal olsa belə Konstitusiya ilə bağlı məsələlərin ümumxalq müzakirəsinə təqdim edildiyi bildirilib. Qeyd olunub ki, bu əlavə və dəyişikliklər ölkə Konstitusiyasının bir sıra təməl maddələrini, o cümlədən hakimiyyətin mənbəyinin xalq olması ilə bağlı 1-ci maddəsini şübhə altına almış olur. Referendum Aktında yer alan bir sıra əlavə və dəyişikliklər Əsas Qanunla ziddiyyət təşkil etməsinə, həmin dəyişikliklərin referenduma çıxarılmasının bilavasitə Konstitusiyanın özü tərəfindən qadağan edilməsinə məhəl qoyulmaması təəssüf doğurucu hal kimi qiymətləndirilib, bu dəyişikliklərin beynəlxalq ekspertiziya verilməsi məqəsəduyğun hesab olunub.
Konstitusiya Məhkəməsinə müraciət edilməsinə, o cümlədən AXCP sədri Əli Kərimlinin rəsmi müraciətinin olmasına baxmayaraq iyul ayının 25-də maraqlı tərəflərin Referendum Aktının müzakirəsinə dəvət edilməməsi ciddi qanun pozuntusu kimi qiymətləndirilib.
İclasda sentyabrın 26-na təyin edilmiş referenduma münasibətlə bağlı təşkilatı məsələlər də müzakirə edilib, xalqı referendum əleyhinə səfərbər etmək üçün ümumxalq hərəkatının genişləndirilməsi vacib hesab olunub. Bu məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi, anti-referendum fəaliyyəti üçün əlavə imkanların hərəkətə gətirilməsi, kütləvi tədbirlərin keçirilməsi məqəsədəuyğun sayılıb.
Toplantıda son həftə ərzində hakimiyyət orqanları tərəfindən Milli Şura və onun rəhbərliyinə qarşı saxta ittihamlar əsasında quraşdırılmış “Nardaran işi” ilə bağlı bəzi məqamlara toxunulub, insan ölümü ilə nəticələnmiş bu hadisənin məsuliyyətinin bilavasitə DİN və digər rəsmi orqanların üzərində olduğu, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının hüquqa zidd olaraq yalnız siyasi mülahizələrlə bu işə bağlandığı, saxta ittihamlarla həbs edilmiş Hacı Tale və Müsəlman Birliyi hərəkatının digər üzvlərinin hüquqların müdafiə edilməsi, həmin məhkəmə prosesinin diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd edilib.